Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 2019 10:03

“Atalarımıza layiq olaq” bilik yarışmasının final mərhələsi keçirildi

Mayın 10-da Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzində Bakı qarnizonu hərbi hissələri arasında keçirilən hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunun formalaşdırılması və intellektual səviyyənin inkişafı məqsədi ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Atalarımıza layiq olaq" adlı bilik yarışmasının  final mərhələsi keçirildi.
Tədbirdə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin, Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri, zabit və əsgərlər iştirak etdilər.
Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Mərkəzin nümayəndəsi Gülxar Məmmədova bilik müsabiqəsi və müsabiqənin final mərhələsi haqqında geniş məlumat verərək qeyd etdi ki, adı tarixdə qalan insanları "tarixi şəxsiyyət" adlandırırıq. "Bəzən elə insanlar olur ki, onlar sadəcə tarixdə qalmır, tarixin axarını dəyişirlər. Xalqımızın ümummilli lideri Heydər Əliyev kimi. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərimiz millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır.
Biz Azərbaycanı sevməyi ulu öndər Heydər Əliyevdən öyrənmişik. "Azərbaycan mənim ürəyimdir, nəfəsimdir", - deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji irs miras qoydu. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir".
Bilik müsabiqəsinin final mərhələsi "Mübariz" və "Şahin" komandaları arasında keçirildi. "Şahin" komandası qalib gəldi.
Komandalar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
Bilik müsabiqəsi Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin - gizirlər Ağabala Abdullayevin, Leyla Qəhrəmanovanın və Vüsal Ağayevin Ulu Öndərə həsr olunmuş mahnılardan ibarət konsert proqramı ilə başa çatdı. 


Günay TAĞIYEVA, "Azərbaycan Ordusu",
foto Natiq İSAYEVİNDİR