Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 2019 10:01

“Veteranlar bizim qızıl fondumuzdur”

Qələbə günündən 74 il keçir. Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatdı. Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Cəbhədə 600 mindən çox azərbaycanlı iştirak edib, təxminən yarısı geri qayıtmayıb. Müharibədə göstərdiyi igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Böyük Vətən müharibəsi illərinin ağrı-acılarını xalqımız döyüşən orduda da, arxa cəbhədə də çəkib. O illərdə  minlərlə azərbaycanlı döyüşçü  həlak olub, əsir düşüb. Məzarının yeri bəlli olmayanlar da var. Naməlum əsgərlər sırasında azərbaycanlıların da olduğu şübhəsizdir. Digər xalqlar kimi, Azərbaycan xalqı da bu Qələbəni həmişə könül xoşluğu ilə qeyd edir.
Böyük Vətən müharibəsində qazanılan Qələbənin 74-cü ildönümü də ölkə səviyyəsində  böyük ehtiramla qeyd edildi.
Ordumuza, Vətənin müdafiəsində dayanan zabit və əsgərlərimizə mənəvi dəstəyini heç zaman əsirgəməyən Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirdi. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi.
Komitə sədri Abiyat Ağadadaşova faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə veteranları və tədbir iştirakçılarını  təbrik edərək bildirdi ki, Böyük Vətən müharibəsi veteranlarına ölkə səviyyəsində göstərilən yüksək ehtiram təkcə bu gün üçün deyil, həm də gələcək üçündür və gənc nəslin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi deməkdir. "Böyük Vətən müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olduğunu bir daha sübut etdi. Qədirbilən xalqımız hər zaman igid oğulları ilə fəxr edib, dövlətimiz isə onlara hərtərəfli diqqət göstərib. İgidlərimizin bir çoxu rəşadətli döyüş yolu keçib. Bu insanlara böyük dəyəri isə məhz ulu öndər Heydər Əliyev verib. Azərbaycan xalqının Ümummilli Lideri onları yüksək qiymətləndirərək deyib: "Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər". Vətən uğrunda mərdlik göstərib qəhrəmanlıqla döyüşüb həlak olan, eləcə də həmin döyüşlərdə yaralanan insanların həyatı, keçdikləri döyüş yolu bu günün gəncləri üçün böyük örnəkdir."
Komitə sədri çıxışına davam edərək Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin istər Böyük Vətən müharibəsi, istərsə də Qarabağ müharibəsi veteranlarına daim yüksək diqqət və qayğı göstərdiyindən danışdı. Onlara möhkəm cansağlığı və tezliklə Qarabağın işğaldan azad olunması münasibəti ilə zəfər bayramlarını birlikdə  qeyd etməyi arzuladı.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndəsi, ehtiyatda olan polkovnik Mehman Süleymanov çıxış edərək bu gün hər bir Azərbaycan gəncinin dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğıdan ruhlanaraq istər hərbi xidmət zamanı, istərsə də ondan sonrakı dövrdə döyüşməyə, işğal altında olan torpaqlarımızın azad olunmasında iştirak etməyə hazır olduğunu bildirdi. Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, son illər Azərbaycanda ordu quruculuğu və Böyük Vətən müharibəsi veteranlarına göstərilən qayğıdan danışdı. "İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynayıb. Azərbaycanlıların faşizm üzərində qələbəyə məhz xalqla ordunun birliyi sayəsində nail olunub. 1945-ci ildə faşizmin məğlubiyyətə uğradılmasında böyük rolu olmuş Azərbaycan xalqı tezliklə erməni faşizmi üzərində də qələbə qazanacaq. Azərbaycan Ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin yüksək döyüş ruhu, ordu ilə xalqın birliyi sayəsində ordumuz Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin hücum əmri ilə  işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır və qadirdir. Əziz veteranlar, sizin hər birinizi qələbə münasibəti ilə təbrik edirəm".
Müharibə veteranlarından İsmayıl Fərəcov, Hilal İbrahimov, Rəsul Xəmmədov, Qalina Luxşina və başqaları hər zaman onlara xüsusi  hörmət və qayğı göstərildiyindən danışaraq, dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda veteranlara qiymətli hədiyyələr təqdim olundu və xatirə şəkli çəkildi.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"