Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 2019 10:00

Respublika Veteranlar Təşkilatında faşizm üzərində Qələbənin 74-cü ildönümü qeyd edildi

Respublika Veteranlar Təşkilatında faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının nümayəndələri, veteranlar, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Seçenov adına Tibb Universitetinin Bakı filialının tələbələri, Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etdilər.
Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov tədbiri açaraq hər kəsi 9 may faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik etdi. 
Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək əlamətdar gün münasibəti ilə bütün veteranları təbrik etdi, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığından, əvəzsiz xidmətlərindən danışaraq bildirdi ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır.
Digər çıxış edən veteranlar onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıqlarını bildirib, keçdikləri döyüş yolu, həyatlarının ən keşməkeşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşdülər. Qələbə bayramını tezliklə işğal altında olan torpaqlarımızda da qeyd edəcəklərinə əminlik ifadə etdilər.
Respublika Veteranlar Təşkilatının inzibati binasının həyətində "N" hərbi hissəsi tərəfindən quraşdırılmış səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünün hərbi geyimində olan əsgər və zabitlər veteranlara nostalji hisslər yaşadaraq, Qələbə bayramının sevincinə əlavə rəng qatdılar.
Tədbir Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Hərbi orkestrinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsinin hazırladığı konsert proqramı və Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin şagirdlərindən Süsən Xubanovanın "Sarı gəlin" rəqsi  ilə başa çatdı.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"