Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 May 2019 09:28

“Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri” müsabiqəsi

Ordunun gücü döyüş hazırlığı ilə mənəvi-psixoloji hazırlığın vəhdəti deməkdir. Bu baxımdan zabitlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində konkret tapşırıqlar yerinə yetirir, onlara milli-mənəvi dəyərlərimizə daha sıx bağlılıq aşılayırlar. Bu məqsədlə hərbi qulluqçuların mənəvi-psixoloji hazırlıq işinin təkmilləşdirilməsi, onlarda yüksək mənəvi-döyüş və psixoloji keyfiyyətlərin formalaşması, hərbi intizamın möhkəmləndirilməsi və s. məqsədilə ictimai-siyasi hazırlıq dərsləri keçirilir.
Hər bir hərbi qulluqçu xidmət etdiyi hərbi hissədə yüksək döyüş qabiliyyətinin saxlanılması, döyüş hazırlığının yüksəldilməsi, hissə və bölmənin tapşırıqlarının müvəffəqiyyətli həlli üçün öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirir. İctimai-siyasi hazırlıq məşğələsində savadlı və peşəkar zabit heyəti təhsil müddətində mənimsədikləri hərbi bilik və bacarıqlarını şəxsi heyətə öyrədir. Zabitlər, həmçinin belə dərslər vasitəsilə əsgərlərdə döyüş və mənəvi-psixoloji ruhu  yüksəldir, onlara qələbə ruhu aşılayırlar.
Azərbaycan Ordusunun 2019-cu il üçün hazırlıq planına əsasən, qoşun (qüvvə) növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə, xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ictimai-siyasi hazırlıq dərslərinin təkmilləşdirilməsi, bu sahədə əldə edilmiş nailiyyətlərin təbliğ edilməsi, bölmələr arasında yarışma ruhunun və rəqabətin gücləndirilməsi məqsədilə "Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında "Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri" müsabiqəsi keçirilib. Müsabiqənin final mərhələsinə Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik və xüsusi təyinatlı təhsil müəssisələrindən ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbərləri təqdim edilib.
Müsabiqənin yekununda birinci yerə leytenant Nadir Tahir oğlu Quliyev, ikinci yerə leytenant Nurlan Əbülfəz oğlu Mahmudov, üçüncü yerə isə leytenant Elməddin Məhyəddin oğlu Vəlicanov və kapitan Rüfət Qüdrət oğlu Quliyev layiq görülüblər.
Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsi rəisinin əmri ilə "Ən yaxşı ictimai-siyasi hazırlıq dərsinin qrup rəhbəri" müsabiqəsində qalib gələn hərbi qulluqçular müvafiq qaydada həvəsləndiriliblər.
Leytenant Nadir Quliyevə fəxri fərman təqdim edilib.
Kapitan Rüfət Quliyevə, leytenantlar Nurlan Mahmudova və Elməddin Vəlicanova təşəkkür elan olunub.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"