Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 May 2019 09:28

“Döyüş hazırlığımız yüksəkdir”

Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı ordu quruculuğu ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun bütün bölmələrində yüksək sosial-məişət şəraiti yaradılıb, ən son silah və texnikalarla təchiz edilib. Bütün hərbi hissələr müasir standartlara cavab verir. Hərbi qulluqçuların ərzaq, qida, geyim təminatı da lazımi səviyyədədir. Bunlarla yanaşı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da yüksəkdir. Bunların hamısı isə döyüş hazırlığının yüksək səviyyədə təmin olunmasına birbaşa təsir edən amillərdir.  Son illərdə hərbi potensialımızın təkmilləşdirilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Beynəlxalq hərbi ekspertlərin də etiraf etdikləri kimi,  müdafiə qüdrəti artan Azərbaycan Ordusunun gücünü Aprel döyüşləri və Günnüt zəfəri də təsdiqlədi.
Uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclüsüdür. İstər keçirilən irimiqyaslı təlimlərdə, istərsə də Beynəlxalq Hərb oyunlarında və digər tədbirlərdə hərbçilərimizin ən mürəkkəb tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsi,  onların döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarıqlarının yüksək səviyyədə olduğunu göstərir.
Ordumuzun bütün bölmələrində döyüş hazırlığının artırılması istiqamətində işlər davam etdirilir. Atəş, taktiki, fiziki, ictimai-siyasi və digər məşğələlər səmərəli təşkil olunur. Əsgəri xidmətə gələn gənclər bacarıqlı və hər an döyüşə hazır olan əsgərlər kimi formalaşırlar.
Yazın füsunkar mənzərəsi “N” hərbi hissəsinin ərazisində də özünü göstərir. Yamyaşıl otların arasından boy göstərən lalələr insanı təbiətin möcüzəsinə bir daha heyran qoyur. Dərs keçən şəxsi heyətin həvəsi, yüksək əhval-ruhiyyəsi bu mənzərəni daha da ürəkaçan edir. Zabit Fuad Məhərrəmov taktiki hazırlıqdan dərs keçdiyi şəxsi heyətə hücum zamanı hansı fəaliyyətlər yerinə yetirildiyini, kimin hansı cinahda, hansı aralıqda hərəkət etdiyini, hücumun mərhələlərini və digər tapşırıqları əvvəlcə əyani olaraq çatdırır. Şəxsi heyət tapşırıqları praktik olaraq icra edir.
Praktik məşqi izləyərkən zabitin məqsədinə çatdığı görünür. Əsgərlər zəncirvari açılma, mövqe tutma, manevr etmə, düşmən mövqelərinə soxulma və digər tapşırıqların öhdəsindən bacarıqla gəlirlər. Hər bir əsgər öz ixtisası üzrə tələb olunan fəaliyyəti dəqiqliklə yerinə yetirir.
Zabitin çöhrəsinə xoş təbəssüm çökür. Sevinir, qürurlanır, təşəkkür edir. "Seçdiyimiz bu şərəfli peşədə istər zabitin, istərsə də əsgərin bir məqsədi var - torpaqlarımızı düşməndən azad etmək. Düzdür,  biz sülh tərəfdarıyıq. Lakin müharibəyə də hər an hazırıq. Hərb yolu ilə torpaqlarımızı azad etmək üçün hücum əmri gözləyirik. Hazırlığımızı gündən-günə daha da artırırıq. Keçirilən dərsin səmərəli olduğunu görəndə zabit kimi sevinirəm ki, vəzifələrimin öhdəsindən uğurla gəlirəm, həm də bir vətəndaş kimi cəmiyyətimizdə belə vətənpərvər gənclərin formalaşdığına görə qürurlanıram. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində mənim kimi yüzlərlə kursanta bilik və bacarıq öyrədən komandirlərimizə minnətdaram. Bu gün onların öyrətdiyi biliklərdən faydalanaraq məşğələni təşkil edirik və bəhrəsini də görürük. Əsgərlər hər məşğələdə fəal iştirak edir, verilən tapşırıqları həvəslə yerinə yetirirlər. Bu da bir komandir kimi məni daha da ruhlandırır."
Fasilədə bir neçə əsgərlə də həmsöhbət oldum. Əsgərlər Baycan Ağalarov, Azər Qasımov, İlqar Nuriyev və digərləri xidmətlərinin uğurla davam etdiyini bildirdilər. Bütün təminatlarının qaydasında olduğunu, Vətənə layiqli xidmət etmələri üçün hər cür şəraitin yaradıldığını dedilər. "Yaradılan gözəl şəraitlə yanaşı, diqqət və qayğı da yüksəkdir. Bu da mənəvi-psixoloji hazırlığımıza müsbət təsir edir. Verilən tapşırıqlara məsuliyyətlə əməl edib, döyüş hazırlığımızı daim yüksək tuturuq. Bütün məşğələlər belə maraqlı və səmərəli olur. Bu dərslərdə silahlardan istifadə etməyi, döyüş qabiliyyətini və taktikasını öyrənirik. Bütün dərsləri dərindən mənimsəyir, həm hücumda, həm də müdafiədə üzərimizə hansı vəzifələr düşdüyünü yaxşı bilirik. Bir sözlə, döyüş hazırlığımız yüksəkdir, biz istənilən döyüşə hazırıq!"

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"