Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2019 10:41

Fiziki hazırlığımızı da artırırıq

Döyüş hazırlığının ayrılmaz tərkib hissələrindən biri də şəxsi heyətin fiziki hazırlığı və idman normativlərini bacarıqla yerinə yetirməsidir. Təlimlər, məşğələlər və digər fəaliyyətlər bir məqsədə köklənir: döyüş hazırlığını yüksək səviyyəyə çatdırmaq. Bu isə təkcə atəş və taktiki hazırlıqla tamamlanmır. Döyüş hazırlığının yüksəlməsində fiziki hazırlığın da əhəmiyyəti böyükdür.
"N" hərbi hissəsində xidmət edən leytenant Mail Habiloğlu ilə hərbi hissənin idman şəhərciyində görüşdük. Şəxsi heyətə fiziki hazırlıq məşğələsi keçən zabitin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olduğunu öyrəndik.  Leytenant Mail Habiloğlu dedi ki, yenilməz olmaq üçün döyüşə hər cəhətdən hazır olmalısan. "Döyüş hazırlığı çoxşaxəlidir. Bu şaxələrin hamısı qələbədə mühüm rol oynayır.  Fiziki güc də döyüş hazırlığının vacib və ayrılmaz qoludur. Hər bir hərbçi yaxşı bilir ki, döyüş taktikasının hücum və müdafiə növü var. Biz də ata-baba torpaqlarımızı işğaldan azad etmək üçün hər an Ali Baş Komandanın hücum əmrini gözləyirik. Hücum döyüşü isə daha çox cəldlik, çeviklik tələb edir. Düşmən müdafiəsini yardıqdan sonra əlbəyaxa savaş da mümkündür. Bu da fiziki gücün vacibliyini bir daha təsdiq edir. Bununla yanaşı, insan idman etməklə sağlam və möhkəm bədənə sahib olur. Fiziki hazırlıq döyüş hazırlığının ayrılmaz hissəsidir".
İdman şəhərciyində zabitin dediklərinin əyani şahidi olduq. Məşğələni də izləmişdik. Zabit idman hərəkətlərini həvəslə izah edir, öyrədirdi. Əsgərlər idman qurğularında bacarıq nümayiş etdirirdilər. Onların fiziki hazırlığının yaxşı olduğunu, idman normativlərinin öhdəsindən uğurla gəldiklərini gördük. Məşğələ bitdikdən sonra bir neçə əsgərlə də söhbətləşdik. İdmanın Vətən müdafiəçisi üçün vacibliyini əsgərlər də yaxşı dərk  edirlər. İdman hərəkətlərini edərkən üzlərindəki təbəssüm, məğrurluq onların məşğələyə həvəslə yanaşdığını göstərirdi. Çevik hərəkətləri, müxtəlif idman normativlərini uğurla yerinə yetirmələri fiziki cəhətdən hazırlıqlı olmalarını əyani sübut edirdi. Əsgərlərdən Məhəmməd Tarverdili, Məhərrəm Əliyev, Elnur Cəfərov fiziki hazırlığın əhəmiyyətindən danışdılar: "Biz yaxşı anlayırıq ki, xidmətlərimiz yalnız  bir məqsədə yönəlib - döyüş hazırlığımızı yüksək səviyyəyə çatdıraq, Ali Baş Komandanımızın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad edək. Bu vəzifə hər birimiz üçün müqəddəsdir. İdman saatlarına da ciddi yanaşır, həvəslə məşq edirik. Qarabağımızı düşməndən azad edəcəyik. Bunun üçün hərbi bilik və vərdişlərə dərindən yiyələnir, fiziki gücümüzü daim artırırıq. İdman saatlarında müxtəlif idman hərəkətləri edir, fiziki göstəricilərimizi ən yüksək səviyyəyə çatdırmaq üçün çalışırıq. Komandirlərimiz bizi idmana daha da həvəsləndirir, mütəmadi olaraq müxtəlif idman yarışları təşkil edirlər. Hər kəs əmin olsun ki, biz düşmən əsgərlərindən hər cəhətdən güclüyük".
Əsgərlər də fiziki hazırlığın döyüş qabiliyyətinə müsbət təsir göstərdiyini, dözümlülük, çeviklik, özgüvən kimi keyfiyyətlər aşıladığını bildirdilər. İdman şəhərciyinin ürəkaçan görünüşü, hər növ müasir qurğularla təmin olunması, həmçinin zabit və əsgərlərlə söhbətimiz bir daha sübut etdi ki, fiziki hazırlıq döyüş hazırlığının ayrılmaz tərkib hissəsidir. Ona görə də istər arxa cəbhədə, istərsə də ön xətt bölmələrində yerləşən hərbi hissələrdə yeni idman şəhərcikləri salınır, müasir idman qurğuları ilə təmin edilmiş trenajor zalları şəxsi heyətin istifadəsinə verilir.

Mahmud MÖHBALIYEV,  "Azərbaycan Ordusu"