Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 May 2019 09:54

Ən böyük amalımız

Azərbaycan ərazisi dünya xəritəsində kiçik görünsə də, onun dövlətçilik tarixi min illərin o üzü ilə səsləşir. Bəşərilik tarixində Azıx mağarası dünyada etiraf edilən mədəniyyətin başlanğıcıdır. Bir xalqın fədakarlıqla əldə etdiyi müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir. Azərbaycan xalqı azadlıq, müstəqillik uğrunda gərgin mübarizələr aparıb. 1920-ci ildə rus imperiyası Azərbaycan Demokratik Cümhuriyyətini ilhaq etdi. Xalqın dönməz mübarizəsiylə Azərbaycanın dövlətçiliyi bərpa olundu.
Biz sərhədlərdə mərd və qorxmaz dayanmağı tarixdən öyrənmişik. Şəhidlərimizdən öyrənmişik. Müharibəyə görə torpaqlarımıza səngərlər düşüb. Əsgərlərimiz səngərlərdə Ali Baş Komandanın döyüş əmrini gözləyir ki, səngərləri sərhədlərə köçürsünlər! 20 Yanvar hadisələri zamanı insanlar meydanlara toplaşaraq Vətən torpağı üçün özlərini tankların altına atdılar - qorxmadan. Biz belə insanlardan öyrəndik Vətənimizi qoruyaraq sevməyi. Tabuta sarılı üçrəngli bayraq şəhidin əbədilik yol yoldaşı olur. Hər bir haqlı savaşın əsgərləri tarixlər yaradır.
Keçdiyimiz hər yolu, hər daşı, hər yeri torpaq deyib keçməməliyik - hər biri Vətəndir.
Vətən kəlməsi, Vətən anlayışı hər birimizə hələ beşikdəykən aşılanır. Ana laylalarından, oxşamalarından süzülüb gələn həzin nəğmələr ruhumuza hopur. Hər birimizə ailədə də, məktəbdə də vətənpərvərlik aşılanıb. Hər  birimiz Vətəni sevirik.
Ən böyük amalımız torpaqlarımızı azad etməkdir!

Hüsniyyə İDRİSOVA, BSU-nun II kurs tələbəsi