Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2019 12:08

Hərbiləşdirilmiş kross yarışının qalibləri mükafatlandırıldı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi plana əsasən, hərbiləşdirilmiş kross üzrə ordu birinciliyi idman yarışının Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təntənəli bağlanış mərasimi keçirildi.
Hərbiləşdirilmiş kross üzrə keçirilən yarış döyüşçülərə zəruri keyfiyyətləri aşılayan idman növlərindəndir. Artıq neçə illərdir ki, bu idman növü ordumuzda fəaliyyət hüququ qazanıb. Hərbiləşdirilmiş kross idmançılarda cəldlik, dözümlülük, silahlardan məharətlə istifadə etmək bacarığı, sərrastlıq tələb edir. Ona görə də bu idman növü hərbçilərin peşəkarlıq qazanmasında mühüm önəmə malikdir. Birinciliyə müxtəlif qoşun növlərini, xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən 14 komanda qatılmışdı. Yarışın qaydalarına uyğun olaraq, hər komandadan təyin edilmiş idmançılar müəyyən olunan məsafəni qət etməli, atəş yerində hədəfə üç dəfə atəş açmalı idi. Bu mərhələni keçən idmançı növbəti mərhələdə üç qumbaranı hədəfə atmalı və qaçışı davam etdirərək, finişə çatmalı idi.
İdmançı silahdan atəş açarkən hədəfi vurmadığı və ya qumbaranı 40 metrdən az məsafəyə atdığı halda, komandanın ümumi nəticəsindən cərimə balları çıxılırdı. Onların nəticələri həm fərdi hesabda, həm də komanda hesabında birinciliyi idarə edən hakimlər tərəfindən nəzərə alınırdı. Yarışda komanda hesabında ən yaxşı nəticə göstərmiş iki idmançının göstəricisi qeyd edilir və bu göstəricilərə uyğun olaraq komandaların xalları hesablanardı.
Bağlanış mərasimində çıxış edən Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin şöbə rəisi polkovnik Sadiq Paşayev birinciliyin nəticələrini təhlil edərək yarışların ədalətli keçdiyini, ən bacarıqlıların qalib gəldiyini bildirdi. "Bütün idman yarışlarında olduğu kimi, bu dəfəki yarışda da hərbçilərimiz həm fiziki hazırlıq, həm sərrastlıq, həm də əzmkarlıq baxımından nəyə qadir olduqlarını bir daha nümayiş etdirdilər. Birincilikdə iştirak edən hər bir hərbi qulluqçu yüksək yerlər uğrunda mübarizədə öz gücünü sınayaraq, nəyə qadir olduğunu göstərmək üçün hərbçiyə xas əzmkarlıqla mübarizə apararaq medallar uğrunda bütün imkanlarını ortaya qoydular. Hesab edirəm ki, ən güclülər bu birincilikdə medallara layiq yerləri tutdular. Hansı komandalar ki, hərbiləşdirilmiş kross yarışına daha yaxşı hazırlaşmışdılarsa, onlar da qalib gəldilər."
Zabit, həmçinin hərbiləşdirilmiş kross yarışında ordumuzda xidmət edən qadın hərbi qulluqçuların da iştirak etdiyini vurğuladı. "Bu il ötən illərdən fərqli olaraq hərbiləşdirilmiş kross yarışına qadın hərbi qulluqçularımız da qatıldılar. Mən qadınların bu idman növündə çətinlik çəkəcəyini düşünürdüm. Amma gördüklərim fikirlərimi yanıltdı. Onlar öz əzmkarlıqlarını bir daha sübut etdilər. Qadın hərbi qulluqçular heç də kişilərdən geri qalmırdılar. Nəticələr demək olar ki, elə də fərqlənmirdi. Yarışda iştirak edən bütün qadın hərbi qulluqçularımızı da xüsusi olaraq təbrik edir, gələcək idman yarışlarında və xidmətlərində uğurlar arzulayıram."
Zabitin çıxışından sonra yerlər üzrə qaliblər elan olundu. Yarışların nəticələrinə görə kişilər arasında fərdi birincilikdə birinci yerə "Beyləqan" komandasının idmançısı əsgər Elşən İbişov, ikinci yerə "N" hərbi hissəsinin idmançısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ələkbər Əkbərov, üçüncü yerə "Beyləqan" komandasının idmançısı əsgər Şamxal Quliyev layiq görüldülər.
Qadınlar arasında fərdi birincilikdə birinci yerə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabiti mayor Cəmilə İrəfiyeva, ikinci yerə "N" hərbi hissəsinin hərbi qulluqçusu əsgər Pərvanə Heydərova, üçüncü yerə "Bərdə" komandasının hərbi qulluqçusu əsgər Səma Xəlilova çıxdılar.
Kiçik komandalar arasında ən yaxşı nəticəni Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin krossçuları göstərdilər.
Ümumi hesabda birinci qrup üzrə ən yüksək pilləyə "Beyləqan" komandası layiq görüldüyü halda, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ikinci və "N" hərbi hissəsinin idmançıları isə üçüncü oldular.
Qalib gələn komandalar və idmançılar diplomlar və fəxri fərmanlarla mükafatlandırıldılar. Birinci yerə çıxan komandaya isə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi birinci dərəcəli diplom və kubok təqdim olundu.
Sonda idmançılar xatirə şəkli çəkdirdilər.
Tədbir yekunlaşdıqdan sonra ilk dəfə bu idman növündə iştirak etməklərinə baxmayaraq öz bacarıqlarını nümayiş etdirərək qalib gələn qadın hərbi qulluqçularımızla da həmsöhbət olduq. İlk həmsöhbətim qadınlar arasında fərdi birinciliyin qalibi mayor Cəmilə İrəfiyevadır. Qalib gəlməyin sevincini bizimlə bölüşən zabit qarşıya qoyulan məqsədin qalibiyyətə aparan yol olduğunu bildirdi. "Çox şadam ki, ilk dəfə qadın hərbi qulluqçuların da qatıldığı bu idman növündə qalib gəldim və ən yüksək pilləni tutdum. Yarışa ciddi hazırlaşmışdım. Məqsədim uğur qazanmaq idi. Mənə göstərilən etimadın məsuliyyəti çiyinlərimə əlavə yük qoyurdu. Əsas hədəfim, şübhəsiz, birinci olmaq idi. İdmançı gərək hər vəziyyətə hazır olsun. Rəqiblərim arasında hazırlıqlı idmançılar vardı. Demək olar ki, hamısı birinciliyə iddialı idi. Bütün bunlara baxmayaraq özümü həm fiziki, həm də psixoloji cəhətdən yarışa kökləmişdim. Şükürlər olsun ki, qalibiyyəti əldən vermədim. Qazandığım nailiyyət mənə yorğunluğumu unutdurdu, əlavə güc və stimul verdi. Ən böyük arzum beynəlxalq səviyyəli yarışlarda ordumuzu layiqincə təmsil etmək, bayrağımızı dalğalandırmaqdır."
Növbəti həmsöhbətim ikinci yerin qalibi "N" hərbi hissəsinin hərbi qulluqçusu əsgər Pərvanə Heydərovadır. Pərvanə xanım yarışqabağı hazırlıqların yüksək səviyyədə keçdiyini və buna görə də mükafatçılar sırasında yer aldığını bildirdi. "Yarışa gəlməmişdən öncə gərgin hazırlıq prosesi keçmişdim. Hərbi hissəmizdə hazırlıq üçün hər cür şərait yaradılmışdı. Mövcud şərait, zəruri avadanlıqlar bizə yarışa hazırlığımıza əlverişli imkan yaradır. Ali Baş Komandanımız tərəfindən ordumuza göstərilən diqqət və qayğı bizə əlavə stimul verir. Bunlarla yanaşı, özümə də inanırdım. Var qüvvəmi sərf etmişdim. Yalnız qələbəyə köklənmişdim. Qeyd etməliyəm ki, yarışda iştirak edən idmançıların hamısı birincilik üçün mübarizə aparırdı. Mən rəqibimdən az fərqlə geridə qaldım və ikinci oldum. Ümid edirəm ki, növbəti hərbiləşdirilmiş kross yarışında daha da əzmlə çalışacaq və birinci olacam. Bu arada yarışın keçirilməsində  böyük dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. İnanıram ki, ordumuzu istər respublika, istərsə də beynəlxalq səviyyədə təşkil olunan yarışlarda layiqincə təmsil edəcəm və yaxşı nəticələr göstərəcəm."
Sonda birinci yerin sahibi "Beyləqan" komandasının üzvləri ilə həmsöhbət olmaq imkanı qazandıq. Kuboku qürurla havaya qaldıran komandanın rəhbəri mayor Elman Hadıyev qazandıqları qalibiyyətin xidmətləri boyunca əvəzsiz rol oynayacağını vurğuladı.
- Şadam ki, əziyyətimiz hədər getmədi. Bu kubokun qazanılmasında əziyyəti olan hər kəsə minnətdaram. Düzdür, bu uğurun təməlində gərgin məşqlər və idmançıların peşəkarlığı, istedadı dayanır. Komandamızın hər bir üzvü yarışa ciddi şəkildə hazırlaşmışdı. Ümumi əhval-ruhiyyəmiz, mənəvi-psixoloji durumumuz yüksək səviyyədə idi. Tam olaraq qələbəyə köklənmişdik. Tək hədəfimiz yarışdan qalib komanda kimi ayrılmaq idi. Komandamızın üzvlərinin fiziki və  taktiki hazırlığı qələbə qazanmağımıza inam yaradırdı. Komandanın rəhbəri kimi hər bir idmançımızın əzmlə mübarizə aparacağına inanırdım. Onların bu mötəbər yarışda öz bacarıqlarını layiqincə nümayiş etdirəcəklərinə tam əmin idim. Nəhayət ki, istəyimizə nail olduq. Unutmayaq ki, bu bir yarışdır, ən güclülər qalib gəlirlər. Digər komandalar da yüksək səviyyədə hazırlaşmışdılar. Hakimlər də yarış zamanı ədalətli qərarlar qəbul etdilər. Ümumilikdə komandamızın çıxışını yüksək dəyərləndirirəm. Şübhəsiz, bu qalibiyyət bizi arxayınlaşdırmayacaq. Ümid edirəm ki, digər yarışlarda da  kuboklar qazanaraq, bizə göstərilən etimadı doğruldacağıq.
Qələbənin qazanılmasında xüsusi fərqlənən, yüksək xallar toplayaraq komandanın birinci olmasına nail olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şamxal Quluyev, qadın hərbi qulluqçu əsgər Aytən Hacıyeva və əsgər Elşən İbişov da bu qələbədən qürurla danışaraq növbəti yarışlara daha da hazırlıqlı gələcəklərini bildirdilər.
Müsahiblərimin timsalında biz də bir daha bütün medal qazananları, ümumilikdə yarışda iştirak edən hər bir hərbi qulluqçunu ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar və qələbələr arzulayırıq.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"