Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2019 12:06

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu:  Əsgərin hərbi xidmətə sosial-psixoloji adaptasiya olunması.

Suallar:
1. Sosial-psixoloji adaptasiyanın mahiyyəti.
2. Sosial-psixoloji adaptasiyanın mərhələləri.
3. Orduda döyüşçünün formalaşması.

 

Sosial-psixoloji adaptasiyanın mahiyyəti


Bu gün Azərbaycan Ordusundakı ən böyük dəyişiklik gənclərin daha çox mənəvi dəyərlərə ("Əsgərlik - kişilik, həyat məktəbidir", "Əsgərlik - Vətənə, torpağa, xalqa olan borcdur") üstünlük verməsidir. Bu dəyişikliklər əsgərlərin hərbi xidmət şəraitinin, onların fəaliyyətinin, şəxsiyyətinin və sosial-psixoloji problemlərinin dərindən öyrənilməsi ilə şərtləndirilir.
Müasir şəraitdə gənc əsgərlərin hərbi xidmətə sosial-psixoloji cəhətdən uyğunlaşma problemləri böyük əhəmiyyət kəsb edir. Belə ki, onlar özlərinə yaxşı tanış olan, özlərini rahat hiss etdikləri bir psixoloji mühitdən, tamamilə nabələd, tanımadıqları və bilmədikləri psixoloji mühitə düşürlər. Bütün bunların hamısı gənc əsgərlərin hərbi xidmətə uyğunlaşmasını daha da çətinləşdirərək, onu əziyyətli və münaqişəli bir dövrə çevirir. Bu uyğunlaşmanın şəxsiyyətlə və kollektivlə bağlı olan uğursuz nəticələri isə sonradan ordu mühitində neqativ və xoşagəlməz halların psixoloji səbəblərinə çevrilirlər. Söhbət gənc oğlanın əsgər kimi yetişməsindən getmir. Bir çox hallarda şəxsiyyətin formalaşması belə təhlükə altında qalır.
Gənc əsgərlərin xidməti, təlimi və ictimai fəaliyyətlərə ən əlverişli şəkildə uyğunlaşdırılması təlim-tərbiyə prosesinin səmərəliyinin artırılması üçün böyük rezerv (ehtiyat qüvvələr) yaradır. Bu onunla izah olunur ki, gənc əsgərlərin təlim və tərbiyəsinin, xidməti və ictimai fəallığının, hərbi intizamının, əhval-ruhiyyəsinin uğurlu olması böyük ölçüdə onların adaptasiya olunma dövrünün xüsusiyyətlərindən asılıdır.
Əsgərlərin adaptasiyasına sosial-psixoloji yanaşma şəxsin hərbi xidmət şəraitinə tədricən daxil olma və yeni mikromühitin (hərbi kollektivin) psixologiyasını mənimsəmə prosesi kimi müəyyən edilə bilər. Əsgərin sosial-psixoloji adaptasiyası prosesinin mahiyyəti cavan oğlanda əvvəllər yer almış dəyərlər, bacarıq və vərdişlər, davranış və ünsiyyət sisteminə gənc əsgər olduqdan sonra onun şəxsiyyətinə verilən yeni tələblər əsasında dəyişikliklərin edilməsi arasındakı ziddiyyətlərin həll olunmasındadır. Mövcud ziddiyyət şəxsiyyətin davranışındakı köhnə üsulların dəyişdirilməsi prosesində, hərbi xidmətə uyğun yeni bacarıq və vərdişlərin yaradılması ilə həll olunur. Yeni həyat və fəaliyyət şəraitinin mənimsənilməsi əsəb gərginliyi, yüksək həyəcanlıq, mənfi emosiyaların yaşanılması və ünsiyyətdə baş verən münaqişələrlə sıx əlaqəlidir.
Uyğunlaşma dövrünün çətinliklərini dəf edən gənc əsgərin şəxsi keyfiyyətlərindən - onun xarakterindən, temperamentindən çox şeylər asılıdır. Sosial-psixoloji adaptasiya prosesində gənc əsgərin hansı dəyərlərə üstünlük verməsinin böyük əhəmiyyəti vardır. Əgər cavan oğlan hələ əsgərliyə gəlməmişdən qabaq tədris və yaxud istehsalat kollektivinin ictimai həyatında fəal iştirak edibsə, hərbi xidmətin vacibliyini başa düşərək ona maraq göstəribsə, belə bir şəxs ilk 1-2 ay ərzində hərbi kollektivə də tez uyğunlaşa biləcəkdir.
Gənc əsgərlərin bəzilərində xarakterin və davranışın mənfi cəhətləri, müsbət keyfiyyətlərin zəif inkişafı və yaxud yoxluğu şəxsiyyətin uyğunlaşma qabiliyyətlərini xeyli azaldır, belə xarakterli əsgərlərin sosial-psixoloji adaptasiya proseslərini ləngidir. Bu cür insanlara hərbi kollektivlərdə çətin gəlir. Onlar təkcə komandirlərin deyil, hərbi kollektivin böyük bir hissəsinin irəli sürdüyü və özlərinin alışmadıqları tələblərə öyrəşmək məcburiyyətindədirlər. Belə hallarda hətta bir neçə uyğunlaşma variantları mümkün olur. Məsələn, neqativ istiqamətli şəxslərin bu cür qaydaları zahirən qəbul etsələr də, daxilən onlara riayət etmək fikirləri yoxdur. Bəzi hallarda onlar hətta komandirlərlə və ya elə kollektivin özü ilə açıq münaqişəyə girərək, bu "işlərində" özlərinə dəstək ola biləcək intizamsız əsgərlərdən tərəfkeşlər axtarırlar. 
Əgər hərbi kollektiv zəifdirsə, kollektivin əksər üzvləri xidməti və ictimai məsələlərin həllində passivdirlərsə, komandirlər həqiqi vəziyyəti bilmirlərsə, belə olan halda gənc əsgərlərin digər adaptasiya variantını görmək mümkündür. Daha uzun müddət xidmət etmiş əsgərlər öz vəzifə borclarını gənc əsgərlərin üzərinə atmaqla, onlara istədiklərini yerinə yetirməklə, özləri üçün rahat xidmət şəraiti yaratmağa çalışırlar. Bəzi xidmətə mənfi münasibəti olan, cavan əsgərlər öz növbələrində xidmətin əvvəlində "qocaman" əsgərlərə yaltaqlanaraq, onların bütün tələblərini yerinə yetirərək, xoş münasibətini qazanmağa çalışırlar. Çünki özləri də xidmətin axırında bütün bu "güzəşt"lərdən istifadə etmək hüququnu qazanacaqlar. 
Belə olan halda psixoloji yükün əsas çəkisi haqsız vəziyyətlə barışmaq istəməyən, müsbət meylli, habelə özünü müdafiə edə bilməyən fiziki və mənəvi cəhətdən zəif olan gənc əsgərlərin üzərinə düşür. Bu cür vəziyyət, əgər vaxtında nizamnamə qaydalarının təsbit olunması üzrə ən qəti ölçülər götürülməzsə, ciddi münaqişələr törədə bilər. Sosial-psixoloji adaptasiyanın spesifikası (özünə xas olan səciyyəvi cəhətləri) ondan ibarətdir ki, o hərbi xidmətin bütün sahələrini, o cümlədən yeni əsgərlərin döyüş, ictimai və təlim fəaliyyətlərinə uyğunlaşmasını əhatə edir.
Beləliklə şəxsiyyətin hərbi kollektivə sosial-psixoloji adaptasiya olunmasının mahiyyəti ikitərəfli prosesdir. Birinci tərəf əsgər və kollektiv arasında ilkin mərhələdə rəsmi (xidməti) və qeyri-rəsmi (şəxsi) münasibətlərin yaranması və əsgərin kollektivə uyğunlaşa bilməsi, ikinci tərəf isə razılaşdırılmış dəyərlər əsasında kollektivin gənc əsgəri öz sıralarına qəbul etməsi prosesidir.

 

Sosial-psixoloji adaptasiyanın mərhələləri


    Sosial-psixoloji adaptasiya - şəxs və qrup tərəfindən yeni mühitin mənimsənilməsi prosesidir. Burada əsas sosial mühitin kəskin dəyişilməsilə əlaqəli  və məişət şəraitinin dəyişikliklərinə uyğunlaşma (məsələn: günün nizam qaydaları, qida qəbulu, hamam, gigiyenik təmizlik qaydaları və s.) prosesləri fərqləndirilir:
Sosial-psixoloji adaptasiya prosesində yeni şəxsin sosial-psixoloji strukturu (onun dərketmə, emosional və iradi prosesləri) və hərbi kollektivin psixologiyası (bu isə artıq ictimai fikir, adət-ənənələr, mənəvi-psixoloji mühit, rəhbərlik və liderlik üslubu kimi amillərdir) qarşılıqlı əlaqələrə girərək bir-birlərinə təsir göstərirlər.
Gənc əsgərlərin hərbi xidmətə ilkin sosial-psixoloji adaptasiya olunmasının səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:
- öyrəşdikləri sosial-psixoloji mühitdən (ailəsi, məktəbi, dost və yoldaşlarından) kəskin ayrılma cavan oğlanlarda, xüsusilə ilk dövrdə yalqızlıq, tək qalma, darıxma, ailə, ana, ata həsrəti kimi hisslər yaşadır;
- yeni şərait, yeni öyrəşmədiyi tələblər, çoxlu sayda yeni insanlar bir çox cavan oğlanlarda çaşqınlıq, özünü itirmə, psixoloji gərginlik və stress yaradır;
- tələblərin əsgərin daxilində müqavimət yaradan komanda şəklində verilməsi, itaət etmə çətinliyi psixi cəhətdən dayanıqsız əsgərlərdə açıq şəkildə etirazlara, söz güləşdirmələrə və münaqişələrə səbəb olur;
- gənc əsgərlər arasında yoldaşlıq əlaqələri asanlıqla qurulur, eyni statusa malik olduqlarına görə eyni hüquqlu şəraitdə yerləşirlər. Bəzi çətinliklər yerli qruplar arasında yarana bilir.
İlkin sosial-psixoloji adaptasiya olunmanın ən vacib sahəsi gənc əsgərlərin komandirlərin tələblərinə uyğunlaşmalarıdır. Şəxsiyyətin hərbi xidmətə uyğunlaşmasının əsas faydası bu tələbləri qəbul və yaxud inkar etməsində, mülki şəxsdən hərbçiyə çevrilməsində ifadə olunur. Hərbçi insanı mülkidən fərqləndirənsə onun intizamlı olması, komandirin verdiyi sərəncamları, nizamnamələrin tələblərini vaxtında və dəqiq yerinə yetirməsi kimi keyfiyyətləridir.
Yeni şəraitlə tanış olduqdan, komandirinə öyrəşdikdən sonra gənc əsgər onunla müəyyən bir üslubu sınaqdan çıxararaq uyğun münasibətlər qurur. Sosial-psixoloji adaptasiyanın yekun mərhələsində gənc əsgərlərin şəxsi davranış xətti möhkəmlənərək sabit olur.
Gənc əsgərlərin öz bölmələrinə gəldikdən sonra sosial-psixoloji adaptasiyanın xarakterik xüsusiyyətləri aşağıdakılardır:
- yeni əsgərlərin qəbulu, şəxsin adaptiv davranışının xarakterini müəyyən edən müxtəlif səviyyələrdə inkişaf etmiş kollektivlərdə baş verir;
- sosial-psixoloji adaptasiyanın ən mühüm sahəsi şəxslə hərbi kollektiv arasındakı münasibətlərin qurulması sahəsidir. Başqa sahələrə adaptasiya bundan asılıdır;
- formal hərbi kollektiv, yəni hərbi kollektivin formallığı güclü stress amili kimi qəbul olunur. Bu da öz növbəsində gənc əsgərlərin sosial-psixoloji adaptasiyanın gedişatını təhrif edərək hərbi xidmətə olan münasibətin, intizamın pozulmasına gətirib çıxarır.
Çağırışla xidmət edən hərbi qulluqçuların adaptasiyasının əsas məzmunu onun növlərini müəyyən edir. Məişət uyğunlaşması gənc əsgərlərin ordudakı həyat şəraitinə uyğun psixikasında baş verən dəyişikliklərə öyrəşməsidir.
Uyğunlaşma prosesi təxminən növbəti qaydada cərəyan edir. İlk 1-2 ayı əsgər həyəcanlı vəziyyətdədir, xidmətə maraq göstərir, çox tez təsirlənir və bütün tapşırıqların yerinə yetirilməsinə çalışır. Bu dövrdə o, ailəsi və dostları ilə (ən azı 10-15 nəfərlə) sıx əlaqə saxlamağa çalışır. 2-4-cü aylar arası psixoloji cəhətdən ən çətin müddət sayılır. Əsgər kollektivə qatılır, yeni münasibətlər qurulur və köhnə əlaqələr azalır (2-3 nəfər). Bu dövrdə o, evdən ayrılığı ağır keçirir, tənhalıq, özünə inamın itməsi, başqalarından asılı qalma kimi hisslər yaşayır. Adətən 4 aydan sonra əsgər mənəvi-psixoloji cəhətdən bərkiyir və xidməti fəaliyyətini rahat keçirməyə başlayır.
Gənc əsgərin hərbi xidmətə uyğunlaşmasının mahiyyəti ondan ibarətdir ki, şəxsin yeni tələblərə uyğun olaraq, orqanizmin funksional sistemləri yenidən qurulmalı və hərbi ixtisasına səmərəli yiyələnməsinə imkan verməlidir. Adaptasiya prosesində gənc əsgərin ehtiyaclarının əsaslandırılması yeni vəzifələrə uyğun olaraq bilik, bacarıq və vərdişləri genişləndirilərək dərinləşdirilir. Bunun üçün köhnə stereotiplər sındırılmalı, əvəzində yeniləri yaradılmalıdır. Bu isə gənc əsgərlərdə gərginlik, mənfi emosiyalar, psixi vəziyyətlər, əsəbi-psixi taqətsizlik yaradır. Komandir gənc əsgərlərlə münasibətlərində bu amilləri mütləq nəzərə almalı və onların hərbi xidmətə sosial-psixoloji adaptasiya olunma fəaliyyətlərində öz köməyini əsirgəməməlidir.

 

Orduda döyüşçünün formalaşması


Müasir ümumqoşun döyüşündə əsgərin rolu qat-qat artır. Əsgəri vəzifəsini yerinə yetirərkən o öz qüvvəsini və həyatını əsirgəməməyə; komandirlərə (rəislərə) sözsüz tabe olmağa və onları döyüşdə qorumağa; hissənin Döyüş bayrağını göz bəbəyi kimi qorumağa; döyüşdə Azərbaycan Respublikası qarşısında əsgəri vəzifəsini axıradək yerinə yetirməyə borcludur. Heç nə, o cümlədən ölüm təhlükəsi belə onu əsir düşməyə məcbur etməməlidir. Hərbi and və nizamnamələr hər əsgərdən tələb edir:
- Azərbaycan Ordusu döyüşçüsünün vəzifə borcunu dərindən dərk etsin, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl etsin, Hərbi andın tələblərini yerinə yetirsin, sayıq olsun, Azərbaycanın mənafeyini vicdanla və inamla qorusun, bu işdə öz qüvvəsini, lazım gələrsə, həyatını da əsirgəməsin;
- hərbi işi vicdanla öyrənsin, komandirlərin (rəislərin) ona öyrətdiklərini möhkəm və səylə yadda saxlasın; öz vəzifələrini nümunəvi yerinə yetirsin; hərbi nizamnamələrin tələblərini dərindən bilsin və vicdanla yerinə yetirsin;
- komandirlərin (rəislərin) əmr və göstərişlərini sözsüz və vaxtında yerinə yetirsin; mərd və intizamlı olsun; nalayiq hərəkətlər etməsin və yoldaşlarını da belə hərəkətlərdən çəkindirsin;
- dövlət sirrini qorusun; komandirlərə (rəislərə) və böyüklərə hörmət etsin, hərbi nəzakət, davranış və əsgəri salamvermə qaydalarına ciddi əməl etsin;
- silahını, döyüş texnikasını və digər texnikanı yaxşı bilsin; həmişə saz, təmiz və döyüşə hazır vəziyyətdə saxlasın.
Hərbi xidmət zamanı əsgərdə tərbiyə olunan mənəvi-döyüş keyfiyyətləri:
- düşmən üzərində qələbəyə sarsılmaz inam. Bu keyfiyyət Azərbaycan əsgərinin qarşısına qoyulmuş məqsədlərin ədalətliliyinə və dərin inama əsaslanır. Əsgərin döyüş qabiliyyətini, ustalığını artırır və düşmənin darmadağın edilməklə qələbəni əldə etməsinə yönəldir. Qələbəyə inam təlim-məşq çalışmalarının gedişində və qarşıya çıxan bütün çətinlikləri dəf etməklə tərbiyə olunur;
- döyüş fəallığı. Döyüş şəraitində hər bir insan, kollektiv daim öz hərəkətlərinin səmərəliliyini artırmaq üçün üsullar axtarır. Bu isə gündəlik həyatla müqayisədə daha yüksək məsuliyyət tələb edir. Döyüş və ictimai-siyasi hazırlıq prosesində yaradılan fəal hərəkətlər və məqsədə çatmaq üçün daha səmərəli vasitələr axtarışını tələb edən mürəkkəb şəraitdə tərbiyə olunur;
- özünü idarəetmə və soyuqqanlılıq. Bu keyfiyyətin olmaması qorxaqlığın, özünü itirmənin, çaşqınlığın meydana çıxmasına səbəb olur, bu da döyüş şəraitində çox acınacaqlı vəziyyətə gətirib çıxarır.
- Hərbi anda, hərbi qulluqçu borcuna və şərəfinə sədaqət. Bu o deməkdir ki, hərbi qulluqçu döyüş və xidməti fəaliyyətində son damla qanına qədər vəzifə borcunu yerinə yetirməyə hazır olmalıdır.
Azərbaycanın ərazi bütövlüyünün hələ bərpa edilmədiyi, torpaqlarımızın düşmən işğalında olduğu bir vaxtda Azərbaycan Ordusunun gündəlik həyatında mənəvi-psixoloji hazırlığın əhəmiyyəti gündən-günə artır. Hər bir hərbi qulluqçu xidmət etdiyi hərbi hissədə yüksək döyüş qabiliyyətinin saxlanılması, döyüş hazırlığının yüksəldilməsi, hissə və bölmənin tapşırıqlarının müvəffəqiyyətli həlli üçün öz vəzifə borclarını şüurlu surətdə dərk etməli və onları vicdanla yerinə yetirməlidir.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi