Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Aprel 2019 09:29

“Heydər Əliyev məktəbi” - 48 il

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasından 48 il keçir. Yaddaşlara yazılmış həmin gün Hərbi liseydə yüksək ovqatla qeyd edildi. Bu əlamətdar gün münasibəti ilə təhsil ocağında təntənəli mərasim keçirildi. Bayram ovqatında olan şəxsi heyət sıra meydanında düzüldü. Həzin-həzin əsən külək də, üfüqdən boylanan günəş də sanki zabit və əsgərləri salamlayırdı. Mərasim başladı. Əvvəlcə rəsmi rituallar yerinə yetirildi. Azərbaycan Respublikasının Dövlət bayrağı təntənəli surətdə sıra meydanına gətirildi. Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəxsi heyət Azərbaycan Respublikasının Dövlət himnini oxudu.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Hərbi liseyin 48 illik ildönümü münasibəti ilə təbrik məktubunu oxudu.
General Hərbi liseyin yaranmasından və fəaliyyətindən ətraflı söz açaraq dedi:  
- Cəmşid Naxçıvanski adına Hərbi Liseyin həyatında əlamətdar bir gündür. Hərbi liseyin yarandığı gündən 48 il keçir. Azərbaycanda hakimiyyətə gəldiyi gündən ulu öndər Heydər Əliyevi düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərə hərbi peşəni sevdirmək və onları hərbi məktəblərə cəlb etmək idi. Həmin illərdə gənclərimizdə hərbi peşəyə maraq ürəkaçan deyildi. Eyni zamanda, ölkəmizdə ibtidai hərbi təmayüllü məktəb də yox idi. İlk növbədə, hərbi təmayüllü təhsil ocağı yaradılmalı idi. Ümummilli lider Heydər Əliyev qarşılaşdığı çətinliklərə baxmayaraq, 1971-ci ildə 2 nömrəli məktəbin bazasında hərbi təyinatlı orta internat məktəbi yaratdı və bu təhsil ocağına Azərbaycanın ilk milli diviziyasının komandiri olmuş general Cəmşid Naxçıvanskinin adını verdi. Bundan sonra azərbaycanlı gənclər məktəbə üz tutaraq hərbi peşələrə yiyələnməyə başladılar. Ulu öndər Heydər Əliyev demək olar ki, hər il Hərbi liseyi ziyarət edir, təhsil ocağının problemləri ilə maraqlanır, məktəbin maddi-texniki bazasının daha da gücləndirilməsi və təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verirdi. Hərbi liseyi öz övladı kimi sevib əzizləyirdi.
Hərbi liseyi bitirən azərbaycanlı gənclər həm rus dilini mükəmməl öyrəndikdən, həm də ibtidai hərbi biliklərə yiyələndikdən sonra təhsillərini İttifaqın müxtəlif ali hərbi məktəblərində davam etdirirdilər. Demək olar ki, Ulu Öndər məqsədinə nail olmuşdu. Artıq azərbaycanlı gənclər başqa millətlərlə bərabər keçmiş İttifaqın ali hərbi məktəblərində müxtəlif peşələrə yiyələnirdilər.
Qarabağ müharibəsinin başlandığı, ordumuzun yenicə yarandığı günlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirən kursantlar artıq təcrübəli zabit kimi Vətənə döndülər. Onlar ordumuzun qurulmasında və formalaşmasında, həmçinin Qarabağ döyüşlərində fəal iştirak etdilər, böyük igidlik və qəhrəmanlıq göstərdilər. Həmin günlərdə biz bir daha ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin canlı şahidi olduq. Deməli, Ümummilli Liderimiz gələcəyi, müstəqilliyimizi görürmüş və elə buna görə də bir vaxtlar ordumuzun qurulmasına kömək məqsədi ilə milli kadrların hazırlanması üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratmışdı. 
Hazırda Azərbaycan Ordusunun zabit korpusunun əsasını Hərbi liseyin məzunları təşkil edir. Ötən illər ərzində C.Naxçıvanski adına Hərbi Lisey öz yaradıcısı və memarının ideyalarını reallaşdıran, müasir tələblərə cavab verən hərbi tədris ocağına çevrilib.
Qürurverici haldır ki, Azərbaycan Respublikasının Milli qəhrəmanlarından 10 nəfəri C.Naxçıvanski adına Hərbi Liseyin məzunu, 1 nəfəri isə Hərbi liseyin zabitidir. Hərbi liseyimizin 20 nəfərdən artıq məzunu general ali hərbi rütbəsinədək yüksəlmişdir. Onlar hazırda Azərbaycan Ordusunun ən yüksək vəzifələrində və müxtəlif qoşun növlərində xidmətlərini şərəf və ləyaqətlə davam etdirirlər.
Ulu öndər Heydər Əliyev yaratdığı və öz övladı kimi sevdiyi Hərbi liseyə daim diqqət və qayğı göstərirdi. Bu qayğı, diqqət bu gün də davam etməkdədir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi göstərişi və Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun diqqət və qayğısı ilə Hərbi liseyin əsas bazasında inşa edilən, yüksək standartlara cavab verən, ən müasir avadanlıqlarla təchiz olunan yeni tədris korpusları, məktəbin maddi-texniki bazasının gücləndirilməsi yönündə aparılan məqsədyönlü fəaliyyət dövlətimizin və bilavasitə Ali Baş Komandanın ulu öndər Heydər Əliyevin "əmanəti"nə diqqət və qayğısının bariz nümunəsidir.
Əminəm ki, Hərbi liseydə xidmət edən hərbçi və mülki qulluqçular Ümummilli Liderimizin ideyalarına daim sadiq qalaraq Azərbaycan Ordusu üçün peşəkar zabit kadrlarının hazırlanmasında üzərlərinə düşən vəzifələri şərəf və məsuliyyətlə yerinə yetirəcəklər.
Sonra Hərbi liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülşən Əhmədova, 2-ci kursun kursantı Cəlil Məmmədzadə əlamətdar gün münasibəti ilə şəxsi heyəti təbrik etdi və onlara uğurlar arzuladılar.
C.Naxçıvanski adına Hərbi Lisey rəisinin "19 aprel - Lisey Günü" münasibəti ilə mükafatlandırma əmri oxundu. Xidmətdə və qulluqda fərqlənənlərə təşəkkür elan edildi, onlar fəxri fərmanlarla və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
Mərasimin sonunda şəxsi heyət təntənəli surətdə tribunanın önündən keçdi.
Tədbir başa çatdıqdan sonra "19 aprel - Lisey Günü" münasibəti ilə bölüklər arasında müxtəlif idman yarışları keçirildi. Hərbi liseydə yaddaqalan bir gün yaşandı.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey