Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2019 12:42

“Vətən sənsən!” “Gənc əsgər”: vətənpərvərlik almanaxı

Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzində Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Vətən sənsən!" "Gənc əsgər": vətənpərvərlik almanaxının təqdimetmə mərasimi keçirildi.
Mayor Ramin Qasımov tədbiri açaraq bildirdi ki, xalqın hər bir nümayəndəsi dövlətə olan sədaqətilə vətənpərvər olmalıdır. "Qloballaşan dünyanın yad dəyərlərinin ölkəmizə, gənclərimizə qəbul etdirilməyə çalışdığı bir zamanda Azərbaycanın milli maraqlarının müdafiəsinə ehtiyacı var. Dövlətin gələcəyi onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcunu layiqincə yerinə yetirməsindən asılıdır. Xüsusilə gənclər öz fəaliyyətlərində ehtiyatlı olmalıdırlar. Çünki onları öz təsirlərinə salmağa daha çox çalışırlar. Son illərdə gənclərin fəaliyyətlərinin müsbət yöndə stimullaşdırılması üçün hazırlanmış müxtəlif dövlət proqramlarının uğurla həyata keçirilməsi Vətənimiz üçün yaxşı gələcək vəd edir. Bütün bunlar cəmiyyətdə milli-mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına təkan verir".
Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin kitabxana müdiri, Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı qeyd etdi ki, vətənpərvərlik insanın daxili zənginliyidir. "Çox geniş məna çalarına malik olan vətənpərvərlik anlayışı özündə Vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə xidmət etməyi birləşdirir. Vətənpərvərlik də, Vətən sevgisi də şüar deyil, sevgidən qaynaqlanan əməldir. O sevgi gözlə görünməz, qəlbin gözü ilə, könüllə görünər, yalnız ruhla duyular...".
Layihənin rəhbəri Prezident təqaüdçüsü, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov kitab haqqında geniş məlumat verərək bildirdi ki, biz hadisələrə öz ədəbi-poetik dəstəyini vermək üçün müxtəlif layihələr həyata keçiririk. "YYSİB-nin "İntellektual əsgər": İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği" adlı növbəti kulturoloji layihə çərçivəsində hərbçilərimizə yaradıcı insanlarımızın sevgisini "Vətən sənsən!" "Gənc əsgər": vətənpərvərlik almanaxı adlı ədəbi-bədii toplusuyla çatdırır. Almanaxda Oqtay Rza, Ağacəfər Həsənli, Zəminə Xınalı, Balayar Sadiq, Fəxrəddin Ziya, Aydın Xan Əbilov, Oqtay Ərgünəş, Nisə Bəyim, Güləmail Murad, Elşad Şamil, İntiqam Yaşar, Elnur Uğur Abdiyev, Şirin Kərimbəyli kimi müxtəlif nəsil şair və yazıçıların yeni bədii-poetik nümunələri yer alıb. Topluya layihə çərçivəsində təşkil olunmuş ədəbi müsabiqə yekununa uyğun olaraq, münsiflər heyətinin seçimi əsasında fərqləndirilən poeziya və nəsr əsərləri daxil edilib. Müxtəlif ədəbi növ və janrlarda qələmə alınmış bu maraqlı söz sənəti nümunələrinin oxucuları, xüsusən də gənc hərbçilərimiz və əsgəri borcunu verməklə Vətən qarşısında müqəddəs vəzifəsini yerinə yetirməli olan yeni nəsil nümayəndələri üçün maraqlı olacağına inanırıq".
Sonda Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi bir-birindən maraqlı musiqi nömrələri ilə tədbir iştirakçılarının ruhunu oxşadılar.

Günay TAĞIYEVA,  "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR