Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2019 12:30

Hərbi pilotlarımız təlim-məşq uçuşlarına başlayıb

Müstəqillik qazanıldıqdan sonra Azərbaycan Respublikasının qarşıya qoyduğu prioritet vəzifələrdən biri də ordu quruculuğu istiqamətində islahatların aparılması oldu. Bu gün ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna və onun şəxsi heyətinə diqqət və qayğısını əsirgəmir. Onun nəticəsidir ki, bütün hərbi hissələrdə yaradılan sosial-məişət şəraiti, yeni silah və texnikaların, təyyarələrin, helikopterlərin alınması ordumuzun gücünü bir daha bütün dünyaya nümayiş etdirir. Digər dövlətlərlə hərbi-texniki sahədə aparılan sıx əməkdaşlıq münasibətləri sayəsində ölkəmiz yeni silah sistemləri və döyüş vasitələri ilə təchiz olunur. Bu zaman Hərbi Hava Qüvvələrinin, Quru Qoşunlarının, Artilleriya Qoşunlarının, Hava Hücumundan Müdafiə qoşunlarının döyüş qabiliyyətinin artırılması əsas götürülür. Bu günlərdə Hərbi Hava Qüvvələri yeni müasir sistemlərlə təchiz olunmuş "Super Muşşak" təlim təyyarəsini arsenalına daxil edib. Yeni təyyarənin taktiki-texniki xüsusiyyətlərini öyrənmək, eyni zamanda, pilotlarımızın həftəlik fəaliyyətlərini izləmək üçün "N" hərbi hissəsinə yollandıq. Bu barədə pilotlarımızın təəssüratlarını öyrəndik.
Zabit İlqar Qafarov:
- Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları nəinki Cənubi Qafqazda, hətta postsovet məkanında ən yaxşılardandır. Tarixə nəzər salsaq görərik ki, Böyük Vətən müharibəsi illərində, Qarabağ müharibəsində və Aprel döyüşlərində pilotlarımız qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən layiqincə gəliblər. Bu gün Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Hərbi Hava Qüvvələrinin hərbi hissələri mütəmadi olaraq ən son təyyarə və helikopterlərlə təchiz olunur. Əminliklə deyə bilərəm ki, pilotlarımız istənilən an döyüş əmri ilə işğal olunan torpaqlarımızı qısa müddətdə azad etməyə qadirdirlər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq hərbi hissəmizin pilotlarının peşəkarlığının artırılması məqsədilə “Super Muşşak”, L-39 və “Mİ” seriyalı helikopterlərdə təlim-məşq uçuşları həyata keçirilir.
Pilotlarımızın uçuşdan qabaq, uçuş zamanı və uçuşdan sonrakı fəaliyyətləri haqqında isə onu qeyd etmək istəyirəm  ki, uçuşlardan bir gün öncə hərbi hissə komandiri tərəfindən rəhbər heyət ilə brifinq keçirilir. Şəxsi heyət qarşısında tapşırıqlar qoyulur. Qoyulan tapşırıqlara hazırlaşmaq üçün uçuş heyətinə sərbəst vaxt verilir. Bu zaman səhərki günün uçuş tapşırığına uyğun olaraq təyin edilmiş mövzular və trenajlar üzrə fərdi hazırlıq keçirilir. Sərbəst hazırlıqdan sonra sıralı olaraq əvvəlcə manqalarda manqa komandiri, eskadrilyalarda eskadrilya komandiri və sonda hərbi hissə komandirinin uçuş hazırlığı üzrə müavini uçuşa cəlb olunan bütün heyətin hazırlığını yoxlayaraq hərbi hissə komandirinə raport verir.
Uçuş günləri ilk olaraq uçuş heyətinin həkim müayinəsindən keçirilməsi ilə başlayır. Həkimlər gündəlik uçuşu yerinə yetirən heyətin sağlamlığına xüsusi nəzarət edirlər. Müayinənin əsasında həkim uçuşa yararlılıq barədə rəy verir.
Bununla yanaşı, hava kəşfiyyatına qərar qəbul olunur və əvvəlcədən təyin olunmuş ekipaj tərəfindən hava kəşfiyyatı aparılır. Bu zaman ehtiyat aerodromlarla əlaqə yaradılır və həmin günü hava şəraitinin uçuşların aparılmasına uyğun olub-olmaması təyin olunur. Aerodrom rayonunda və pilotaj zonalarında buludluluğun miqdarı, aşağı və yuxarı sərhədi, görünüş məsafəsi, buzlaşmanın olub-olmaması nəzərə alınır.
Eyni zamanda, uçuş heyəti ilə trenajorlarda və ya təyyarə kabinasında trenaj (məşqlər) keçirilir. Bu fəaliyyətlərdən sonra komandir tərəfindən uçuşqabağı göstərişlər, həmin gün üçün təyinatı üzrə bütün tapşırıqlar verilir və uçuşun başlama vaxtı təyin olunur. Təyin olunmuş vaxtda uçuşlar başlanılır. Uçuşlar zamanı gənc təyyarəçilərlə uçuş tapşırıqlarına uyğun olaraq pilotaj texnikası, marşrut uçuşları, cihazlarla uçuşlar, qoşa və manqa ilə uçuşlar məşq etdirilir. Uçuşlar zamanı baş vermiş nöqsanların uçuşlar arası təhlili keçirilir. Təlimatçı heyət dinləyici və ya öyrədilən şəxslə nöqsanları təhlil edir, növbəti uçuş üçün tapşırıqlar verir. Uçuşlar bitdikdən sonra uçuş gününün ümumi təhlili keçirilir. Bu zaman hərbi hissə komandiri nöqsanlar və əldə olunan nailiyyətlər haqqında məruzələri dinləyir, buraxılan nöqsanların aradan qaldırılması üçün göstərişlər verir.
Kapitan Nəsimi Allahverdiyev:
- Uşaq vaxtlarından təyyarələrə baxarkən özümdə bu peşəyə həvəsin yarandığını hiss etdim. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul oldum. Tədris dövründə öyrədilənləri dərindən mənimsədikdən sonra ilk uçuş təlimlərinə üçüncü kursda başladım. Hal-hazırda "N" hərbi hissəsində təyyarəçi-təlimatçı kimi xidmətimi davam etdirirəm.
Əsas vəzifəmiz pilotların sırasına yeni qatılan şəxsi heyətə bu peşəni daha da sevdirmək, onların əldə etdiyi nəzəri biliklərin daha da təkmilləşməsinə və praktikada düzgün istifadə etmələrinə, uçuş prosesində qarşılaşdığımız çətinliklərin öhdəsindən gəlmələrinə köməklik göstərməkdir. Bu məqsədlə hərbi hissəmizdə ilkin uçuş vərdişlərinin mənimsənməsi üçün təyin olunmuş iki tip təyyarə mövcuddur. 2018-ci ilə qədər yalnız L-39 tipli təlim-məşq təyyarəsi döyüş təyyarələrinə pilot yetişdirilməsi üçün istifadə olunurdu. Artıq cari ildə hərbi hissəmizdə yeni alınmış porşenli "Super Muşşak" təlim təyyarəsindən də uçuşlar yerinə yetirilir. Bu təyyarənin alınması təlim prosesində bizə bir çox üstünlüklər qazandırdı. Müasir avionika sistemi ilə təchiz olunması gələcəkdə pilotların bu sistem ilə işləyən döyüş təyyarələrində uçuşunu asanlaşdıracaq.
Ayrıca təyyarənin digər sistemləri də mürəkkəb deyil. Bunun sayəsində gənc təyyarəçilər təyyarəni öyrənməkdə və istismarında daha az çətinliklə üzləşirlər. Öz sinfində digər təyyarələrlə müqayisədə "Super Muşşak"ın pilotaj qabiliyyəti yüksəkdir. Bu da dinləyicilərin uçuş qabiliyyətlərinin formalaşmasında və özünə inamın artmasında müsbət rol oynayır. İlkin təlimlər zamanı ən çətin mənimsənilən uçuş mərhələlərindən təyyarənin qalxışı və enişidir ki, "Super Muşşak"ın köməyi ilə bu proses nisbətən sadədir. Təlimatçılar üçün bu təyyarənin üstün keyfiyyətlərindən biri də oturacaqların yanaşı olmasıdır. Bunun nəticəsində təlimatçı gənc təyyarəçinin fəaliyyətini daha rahat müşahidə edə bilir və buraxdığı nöqsanlara vaxtında müdaxilə etmək imkanı qazanır. Uçuşlar daha az sürətlə yerinə yetirilir ki, bu da öyrənənlərdə səmtləşmənin aparılmasını, uçuş zonalarının öyrənilməsini, diqqətin paylanmasını rahatlaşdırır və uçuş vərdişlərinin daha da yaxşı inkişafına zəmin yaradır.
Leytenant Rəsul Əhmədov:
2018-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişəm. Bu peşəyə marağımın yaranması çox maraqlı olub. İlk dəfə təyyarəni Sumqayıt şəhərinə qonaq gələndə gördüm. Gördüyüm andan pilot olmaq arzusu ilə tez-tez təyyarələri görmək üçün Sumqayıt şəhərinə gələrdim. Nəhayət, fikrimi qətiləşdirdikdən sonra valideynlərim ilə məsləhətləşdim. Onların xeyir-duasını alandan sonra sənədlərimi Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim etdim. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum və təyyarəçilik ixtisası üzrə təhsilimi davam etdirdim. İlk uçuşum L-39 təyyarəsində baş verib. Birinci dəfə şturval arxasında olduğumdan uçuşum çox böyük həyəcanla, çətinliklə keçdi. Ancaq bu gün çətinliklər geridə qalıb. Çünki peşəmi sevirəm, bu peşənin ardınca illər boyu qaçmışam, əmək vermişəm, çalışmışam.
Digər təyyarələrlə müqayisədə yeni alınan təyyarəyə gəldikdə isə onu demək istəyirəm ki, "Super Muşşak" rahatdır və bir çox üstünlüklərə malikdir. Pilotajların daha çox olması, dayanıqlığı, həmçinin Azərbaycan Ordusunun  arsenalına yeni daxil olması şəxsi heyətin uçuşa olan marağını daha da artırır. Pakistandan gələn mühəndis-texnik və pilot heyəti bizlərə bu təyyarənin mənimsənilməsində yaxından kömək etdilər. Hal-hazırda ordumuzun mühəndis-texnik heyəti təyyarənin bütün taktiki-texniki xüsusiyyətlərini bilir. Qısa bir zamanda "Super Muşşak"ın istismarı üçün bacarıqlı təlimatçılar yetişdi. Onlar da mənimsədiklərini gənc təyyarəçilərə aşılayırlar. Bizlər də öyrədilənləri dərindən mənimsəyərək gələcəkdə bacarıqlı döyüş təyyarəçisi kimi formalaşmağa çalışırıq ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edək.
Leytenant Ağarəhim Quliyev:
- Təyyarəçi daima öz nizam-intizamı ilə fərqlənməlidir. Əgər uçuşa gedəcəksənsə, heç nə haqqında düşünməli deyilsən, fikrini ancaq yerinə yetirəcəyin tapşırığa cəmləşdirməlisən. Təyyarəçinin psixoloji vəziyyəti daim yüksək səviyyədə olmalıdır. O daim öz sağlamlığına diqqət yetirməli, düzgün qida rasionu qəbul etməli və yuxu rejimini nəzarətdə saxlamalıdır. Uçuşa getməzdən qabaq uçuş tapşırığını danışaraq trenajorlarda məşq etməlidir. Təyyarəçi həm də soyuqqanlı olmalıdır, uçuş zamanı yarana biləcək ekstremal vəziyyətlərdən çıxış yolunu tapmağı bacarmalıdır. Bunun üçün təlimatçılar tərəfindən verilən gündəlik mövzuların, qarşıya qoyulan tapşırıqların mənimsənilməsi üçün öz üzərimizdə çalışmalıyıq. Ordumuzun gənc təyyarəçisi kimi mən də işimə daha da məsuliyyətlə yanaşıram. Gələcəkdə döyüş təyyarəsində Qarabağımızın səmasında azad bir qartal kimi uçmağı xəyal edirəm.
Pilotlarla söhbətimizi yekunlaşdırıb, kənardan onların "Super Muşşak", L-39 təlim təyyarələrində və “Mİ” seriyalı helikopterlərdə uçuşlarını izləyirik. Təyyarəçilərimizin məharətlə yerinə yetirdikləri manevrlər insanı heyran edir. Gördüyümüz bu səhnə Böyük Qələbə uğrunda gedəcək döyüşlərdə mavi səmamızın döyüşçülərinin silinməz izlər qoyacağının canlı sübutudur.

Hazırladılar: Məhəmməd NƏSİRLİ, Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"