Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2019 09:14

“Əsgərlər tapşırıqların öhdəsindən bacarıqla gəlirlər”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Məhəmmədəli Məmmədovun nəzarəti altında keçirilən sıra hazırlığı məşğələsinin şahidi olduq. Sıra hazırlığının fənn və üsullarını öyrənən əsgərlərin  ayaq səsləri hər kəsin diqqətini özündə cəmləyirdi. Gənclərin ayağını eyni anda yerə vurmasından yaranan səs dalğası, verilən komandaları cəld yerinə yetirərək nizamlı şəkildə sağa-sola, geriyə dönmələri xoş ovqat aşılayırdı. Düşünürsən, belə vətənpərvər, igid oğulların qarşısında heç bir düşmən tab gətirə bilməz, tezliklə qələbə bizim olacaq.
M.Məmmədovun bacarıqlı və savadlı olduğu, seçdiyi peşəyə ürəkdən bağlılığı məşğələnin gedişatını izlədikcə hiss olunurdu. Müşahidələr onu göstərirdi ki, məşğələlər səmərəli keçir. Mövcud əyani vasitələrdən, tədris imkanlarından yetərincə bəhrələnən məşğələ rəhbəri dərs prosesində əsgərlərə hərbi bilikləri hərtərəfli öyrətməyə çalışırdı. Əsas məqsəd şəxsi heyətə döyüş vərdişlərini aşılamaq və onlarda ruh yüksəkliyi yaratmaqdır. Məşğələ rəhbəri bildirdi ki, nizam-intizam sıradan başlanır. "Hərb peşəsinin ən mühüm və vacib şərtlərindən biri nizam-intizamdır ki, bu da sıradan başlanır. Hər gün məşğələyə başlamazdan əvvəl bu sıralarda Mübarizlərin, Çingizlərin, Raqufların, Samidlərin və onlar kimi Vətən uğrunda canlarından keçən qəhrəman oğullarımızın dayandıqlarından və sıranın müqəddəsliyindən danışıram. Sıra hazırlığı məşğələsində şəxsi heyətə hərbi qulluqçuların silahsız və silahla sıra hərəkətləri və yerişi, bölmə və hissələrin piyada və nəqliyyat vasitələrində sıraları, əsgəri salamlaşma qaydaları, sıra baxışının keçirilməsi, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borcları, sıra hazırlığına olan tələbləri, habelə yerdəyişmə qaydaları öyrədilir. Bugünkü məşğələmizdə əsgəri salamlaşma, rəisə yaxınlaşma, hərəkətdə dönmələr və digər sıra elementlərini öyrədirəm. Sırada dayanan hər kəs verilən tapşırıqların öhdəsindən uğurla gəlir". Söhbət əsnasında öyrənirəm ki, həmsöhbətim dörd il idmanın boks növü üzrə məşğul olub. Bir neçə uğurlara imza atıb.
- Əsgəri xidmət keçmək, torpaqlarımızı qorumaq bizim övladlıq borcumuzdur, - deyə Gündüz Niftiyev söhbətə başladı. - Vətənin keşiyində dayanmaq kimi müqəddəs vəzifə tapşırılıb bizə. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək üçün keçirilən məşğələlərdə fəal iştirak edir, verilən əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir, peşəkar komandirlərimizin nəzarəti altında hərbi sirlərə dərindən yiyələnir və hər zaman intizamlı əsgər olmağa çalışırıq. Döyüş, atəş, fiziki və sıra hazırlıqlarını, silahlardan istifadə etməyi, döyüş bacarıqlarını uğurla öyrənirik. Keçirilən dərslər nəticəsində bilik və bacarıqlarımız yüksək səviyyədədir. İstənilən an Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırıq.
Əsgər Nicat Məmmədov cəbhə xəttində xidmət etdiyindən qürur duyduğunu bildirdi. "Əsgər olmaq hər birimizin uşaqlıq arzusudur. Hərbi formanı geyinib, qürur mənbəyimiz olan ordumuzun sıralarında dayanmaqdan böyük sevinc ola bilməz mənim üçün. Günlər keçdikcə təcrübəli əsgər kimi formalaşır, yeni döyüş vərdişlərinə yiyələnirik. Bu gün sıra meydanında öyrədilən nizam-intizama xidmətim boyu əməl edəcək, ordumuzun adına layiqli əsgər olub, valideynlərimin yanına başıuca qayıdacam".
Əsgər Ələkbər İbrahimov Vətən keşikçisi olmasından fəxarət hissi keçirdiyini dedi: "Hərbi xidmətə gəldiyim ilk gündən çalışmışam ki, hərbi bilik və bacarıqları yüksək səviyyədə öyrənim. Sağ olsun həm zabitlər, həm də çavuşlar ki, bizə hərbi bilikləri öyrədirlər. Dərslərdə öyrəndiyimiz biliklər gələcək döyüşlərdə qalib gəlmək üçün köməyimiz olacaq".
Əsgərlərdən Yaqub Abdullazadə, Zəka Əliyev, Xəyal Kərimli və başqaları da söhbət zamanı öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklərini, Vətənə sədaqətlə xidmət etdiklərini bildirdilər.
Əsgərlərin hər birinin  ürəklərində sonsuz Vətən sevgisi olduğunu hiss etdim. Onların hərbi xidmətə tək məqsədlə - torpaqlarımızı işğaldan azad etmək üçün gəldiyinin şahidi oldum. Hər biri xidməti ilə sübut etdi ki, Azərbaycan əsgəri vətənpərvər, qorxmaz, cəsurdur. Vətən uğrunda hər an döyüşə atılmağa hazırdır.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"