Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2019 09:51

Mərkəzi Ordu İdman Klubunun uğurları

Prezident, Ali Baş Komandan İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı nəticəsində müxtəlif idman növləri üzrə peşəkar idmançıların yetişdirilməsi üçün hər cür şəraitlə təmin olunan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu (MOİK) bu gün fəaliyyətini günün tələbləri səviyyəsində qurub. Klubun yetirmələri beynəlxalq idman arenalarında yeni-yeni uğurlar əldə edirlər. MOİK Azərbaycan Ordusunu beynəlxalq və respublika səviyyəli yarışlarda peşəkar səviyyədə təmsil edir, həmçinin gənclərin vətənpərvərlik hissinin və fiziki hazırlığının yüksəldilməsində fəal iş aparır.
Mərkəzi Ordu İdman Klubu 1961-ci ildə təsis edilib. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Mərkəzi Ordu İdman Klubu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibinə verilib. Yarandığı gündən bu günədək Mərkəzi Ordu İdman Klubu şərəfli yol keçib. İdmançılarımız olimpiya oyunlarında, həmçinin dünya və Avropa çempionatlarında iştirak edərək medallar qazanıblar. Qazanılan medalların sayına görə MOİK-in adı Gənclər və İdman Nazirliyi tərəfindən həmişə fərqlənən idman klubları sırasında çəkilib.
MOİK 1995-ci ildən Beynəlxalq Hərbi İdman Şurasının (CISM) fəal üzvüdür. 1948-ci ildən fəaliyyət göstərən bu qurum hazırda 137 ölkəni özündə birləşdirən qitələrarası və regional yarışları keçirən ən böyük idman təşkilatlarından biridir. CISM-ə üzv olduğu gündən bu günə kimi, MOİK-in yetirmələri 6 dəfə Ümumdünya Hərbi İdman Oyunlarında və hər il keçirilən idman növləri üzrə dünya çempionatlarında uğurla çıxış edərək 33 qızıl, 42 gümüş və 58 bürünc medal qazanıblar. MOİK idmançıları 2015-ci ildə Koreya Respublikasında keçirilən 6-cı Ümumdünya Hərbi İdman Oyunlarında da ölkəmizi yüksək səviyyədə təmsil ediblər. 120 ölkədən 8100 idmançının iştirak etdiyi bu yarışlarda Azərbaycan Respublikasının Silahlı Qüvvələri 5 idman növü üzrə 30 idmançı ilə təmsil olunub və ümumi medal hesabında 15-ci yerə layiq görülüb. Mərkəzi Ordu İdman Klubunun uğurları bununla kifayətlənmir. Hərbçilərin cüdo üzrə dünya çempionatı Qafqazda birinci dəfə, Rusiya Federasiyasından sonra Azərbaycan Respublikasında keçirilib. MOİK-in ən böyük uğurlarından biri 2013-cü ildə hərbçi idmançılar arasında ilk dəfə keçirilən futbol üzrə Dünya Kubokunun Azərbaycanda keçirilməsi olub.
Ordu klubunun növbəti uğuru məhz futbol arenasında olub. Azərbaycan çempionatının birinci divizionunda mübarizə aparan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun "MOİK" futbol komandası birinci dövrədə olduğu kimi, ikinci dövrədə də inamlı çıxışını davam etdirir.
Liqanın lideri olan ordu topçuları son turda "Keşlə-2" komandasını doğma azarkeşləri önündə 2:1 hesabıyla məğlubiyyətə uğradıb. “Hərbçilər” 22 turdan sonra xal hesabını 56-ya çatdırıb. Bununla da "MOİK" futbol klubu  2019/-2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqasına vəsiqəni rəsmi olaraq təmin edib. Çempionatın əsasnaməsinə görə, birinci divizionda ikinci komandalar istisna olmaqla ən yüksək pilləni tutan komanda Premyer Liqaya vəsiqə qazanır.
MOİK-in ən yaxın izləyiciləri "Sumqayıt-2" və  "Neftçi-2" komandaları isə yuxarı liqada oynayan komandaların əvəzediciləri olduğuna görə əsasnaməyə əsasən yüksək dəstəyə vəsiqə ala bilməzlər.
Bu turadək yeganə vəsiqə uğrunda mübarizədə MOİK-in əsas rəqibi "Zaqatala" komandası idi. Dördüncü sırada qərarlaşan komanda "Ağsu" komandasını 4:2 hesabı ilə məğlub edib. Lakin bu turu da qələbə ilə başa vuran "MOİK" komandası rəqibi ilə arasındakı xal fərqini  14-ə çatdırıb. Nəticədə mövsümün sonuna dörd tur qalmış ordu topçuları dəfələrlə yüksəldiyi elitaya yenidən vəsiqə qazanıblar.
Ardıcıl 9-cu oyunda qələbəni bayram edən “Hərbçilər” növbəti oyununu aprelin 17-də "Neftçi-2"-yə qarşı keçirəcəklər. Bu görüşün də nəticəsindən asılı olmayaraq "MOİK" artıq Premyer Liqaya vəsiqə qazanan qalib komandadır.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"

   

* * *

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən güləş üzrə Avropa çempionatı sona çatıb. Sərbəst güləşdə 10, yunan-Roma güləşində 10, qadın güləşində isə 8 idmançı ilə yarışa qatılan Azərbaycan millisi toplamda 13 medal əldə edib. Belə ki, təmsilçilərimiz sərbəst güləşdə 3 qızıl, 1 gümüş və 2 bürünc, qadın güləşində 1 qızıl və 3 bürünc, yunan-Roma güləşində isə 1 gümüş və 2 bürünc medal əldə ediblər. Bu nəticələrdən sonra sərbəst və yunan-Roma güləşi üzrə yığmamız Avropa çempionatının 3-sü, qadınlardan ibarət yığmamız isə Avropa çempionatının 4-sü olub.
Sevindirici haldır ki, yığmamızın üzvləri arasında 4 MOİK təmsilçisi də var. Mərkəzi Ordu İdman Klubunun üzvlərindən qadın güləşçi Tatyana Varantsova (53 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (82 kq) mübarizəni ilk görüşdə dayandırmalı olub.
Yunan-Roma güləşində 97 kq çəki dərəcəsində güləşən Orxan Nuriyev isə son ana qədər medal qazanmağa çalışıb. Mübarizəyə səkkizdəbir finaldan başlayan Orxan Nuriyevin ilk görüşü prinsipial xarakter daşıyıb. Avropa çempionatının üçqat bürünc medalçısı Artur Şahinyanla qarşılaşan gənc güləşçimiz parlaq qələbə qazanaraq adını dörddəbir finala yazdırıb. Ancaq bu mərhələdə sonuncu xal prinsipinə əsasən bolqar güləşçi sevinən tərəf olub. Bolqar idmançının finala yüksəlməsi ilə təsəlliverici görüşə çıxmaq şansı əldə edən güləşçimiz bürünc medal yolunda əvvəlcə macar rəqibinə qalib gəlib. Təəssüf ki, bürünc medal uğrunda görüşdə finlandiyalı güləşçiylə gərgin mübarizədə uduzub - 2:3. Beləliklə, Orxan Avropa çempionatının 5-si olub.
Bununla belə, MOİK idmançılarından medal qazanan da olub. Sərbəst güləşçilərin yarışında 70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev turnirə ardıcıl iki dünya çempionunu - Rusiya və Ermənistan pəhləvanını məğlub edərək başlayıb. Yığma üzvü yarımfinalda Böyük Britaniya təmsilçisini də rahat üstələyib. Karyerasında ilk dəfə Avropa çempionatının finalına vəsiqə qazanan Ağahüseyn həlledici görüşdə türkiyəli rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.

* * *

Portuqaliyanın Çaves şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçirilib.
Ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi altında 4 güləşçi təmsil edib. Onlardan biri, MOİK idmançısı, əsgər Pənah İlyaslı 70 kq çəki dərəcəsində ard-arda 4 görüşdə portuqaliyalı Nuno Enrike Lopes Fraqa, braziliyalı Joao Viktor Dos Santos Silva, rumıniyalı Stefan Yonut Koman və yunan Niko Aruzmanidisə qalib gələrək finala yüksəlib. Son görüşdə gürcü Levan Kelexşaşviliyə məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.
Pənahdan başqa, yığmamıza Oyan Nəzəriani (+90 kq) və İbrahim Yusubov (80 kq) medal qazandırıb. Oyan qızıl, İbrahim gümüş medala sahib çıxıb.
Beləliklə, yığmamız Portuqaliyada 1 qızıl və 2 gümüş medala sahib olub. Bu nəticə ilə yığmamız 65 xal toplayaraq, komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (62) ikinci, Yunanıstan (50) isə üçüncü olub. Növbəti analoji yarış mayın 10-11-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Xatırladaq ki, bu yarışlar oktyabrda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına lisenziya xalları verir.

Elvin YAQUBOV