Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2019 09:50

“Biz qalib gələcəyik”

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatına başladı. Döyüşlərdə düşmən ağır məğlubiyyətə uğradıldı. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi və Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.
Aprel zəfəri əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu.
Aprel döyüşləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə deyib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir".
Bu günün gəncləri yaxın gələcəkdə işğaldan azad olacaq ərazilərimizdə - sərhədlərə köçürülən səngərlərimizdə xidmət edəcəklər. Bunun üçün  dövlətimiz hər bir sahədə lazımi işlər görməkdədir.
Gələcəyimizin təminatı olan gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə görülən işlər çoxşaxəlidir. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir.
Yuri Kovalyov adına 229 nömrəli orta məktəbdə Azərbaycan Ordusunun şücaəti, şanlı zəfəri ilə tarix yazan Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində "Şahinlər"in hərbi keçidi oldu. Tədbirdə Müdafiə Nazirliyinin, Bakı şəhər Təhsil İdarəsinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin, Nizami rayon İcra Hakimiyyətinin və digər qurumların nümayəndələri, millət vəkilləri, məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
Ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Məktəb direktoru Fəridə Bağırova tədbiri açaraq qeyd etdi ki, ümummilli lider Heydər Əliyev müəllimlərə tövsiyə xarakterli tarixi çıxışlarında bildirirdi ki, müəllimlər bütün qüvvə və bacarıqlarını doğma Vətənə sədaqətli, hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəslin formalaşmasına sərf etməlidirlər. "Biz müəllimlər də gənclərimizin Vətəninə, torpağına, millətinə layiq vətəndaşlar kimi formalaşması üçün əlimizdən gələni edirik".  
"Şahinlər" hərbi idman oyunu komandasının üzvləri hərbi rəhbər Rövşən Qasımovun əmri ilə düzüldülər və nizami addımlarla tribunanın qarşısından keçdilər. Komanda üzvləri hərbi sursatlarla, elektron lövhədə müasir silahlarla işləmə qaydasını nümayiş etdirdilər.
Polkovnik-leytenant Elmar  Zeynalabdinov vurğuladı ki, belə vətənpərvər, hərb sahəsinə maraqlı gənclərimizin formalaşması Vətənimizin parlaq gələcəyindən xəbər verir. "Bu, qürurvericidir. Bu gün güclü ordumuz var. Ordumuzun dünyanın inkişaf etmiş ordularıyla bir sırada olması ilə fəxr edirik. Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrinə hazırdır. Əminəm ki, yaxın zamanda xalqımızı Qələbə xəbəri ilə müjdələyəcəyik". 
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin əməkdaşı, dövlət qulluqçusu Zümrüd Səmədova qeyd etdi ki, xalqımızın Dağlıq Qarabağ kimi qaysaq bağlamayan yarası var. "Torpaqlarımızın 20 faizi işğal altındadır. Bu baxımdan gənc nəslin vətənpərvərlik tərbiyəsinin düzgün təşkil olunması böyük aktuallıq kəsb edir. Bu gün ümumtəhsil məktəblərimizdə "Gənclərin çağırışaqədərki hazırlığı", "Qarabağ tarixi" fənni tədris olunur, vətənpərvərlik yönümlü tədbirlər keçirilir. Bu fənlərin tədrisi, tədbirlərin keçirilməsi  şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsində  mühüm rol oynayır".
Millət vəkili Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və  Aprel döyüşlərində iştirak edən döyüşçülər çıxışlarında gənclərimizin Vətən sevgisindən, onun ayıq-sayıq müdafiəsindən, vətənpərvərlik tərbiyəsində iştirakın hər bir Azərbaycan vətəndaşının ən böyük vəzifəsi olmasından danışdılar.
Tədbir şagirdlərin hazırladığı "Biz qalib gələcəyik" adlı kompozisiya ilə başa çatdı.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"