Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2019 09:48

“Hərbi qulluqçularımızın sağlamlığının keşiyindəyik”

Ön xətdə yerləşən "N" hərbi hissəsinin tibb məntəqəsi  də xidmətini günün tələbləri səviyyəsində aparır. Burada peşəkar tibb personalı fəaliyyət göstərir. Onlar şəxsi heyətin sağlamlığını qoruyur, bölmələrimizin döyüş qabiliyyətinin aşağı düşməməsini təmin etmək üçün bilik və bacarıqlarını əsirgəmir, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirirlər.
Tibb məntəqəsi müasir, geniş və işıqlı bir binada yerləşir. Kabinetlər müasir tibbi avadanlıqlarla təmin edilib. Fizioterapiya, stomatologiya, rentgen, ümumi diaqnostika (kardiologiya və oftalmologiya) kabinetləri fəaliyyət göstərir. Ambulatoriya və lazaret şəxsi heyətin istifadəsindədir. Qəbul otağında çeşidləmə prosesi aparılır. Xəstəlik, xəstəliyin diaqnozu dəqiqləşdirilir. Tibb məntəqəsindəki stasionar və izolyasiya (təcrid)  otaqları hazırlıq vəziyyətindədir. Yeməkxana, hamam və s. xəstələrin istifadəsi üçün daim hazırdır. Beləliklə, hərbi hissədə şəxsi heyət həkimlərin diqqət və qayğısından razıdır. Məntəqədə əsgərlərin müayinəsinə xüsusi fikir verilir. Zabitlərin dispanser müayinəsi planauyğun keçirilir. Gigiyenik qaydalara əməl etməklə hərbi hissədə sağlam həyat daim təmin edilir. Bütün bunlar hərbi həkimlərin gərgin əməyi nəticəsində başa gəlir.
Neyrosirkulyator distoniya - baş ağrıları diaqnozu ilə məntəqəyə qəbul edilən əsgər Coşqun Rzayevi mülki həkim Sürəyya Məmmədova və feldşer-gizir Rəmal Qasımov müayinə edir. Xəstəyə təyinatı üzrə müalicə yazılır.
Əsgər Hüseyn Tağıyev isə diş ağrısı ilə məntəqəyə müraciət edib. Feldşer-gizir Famil Abdullayev əsgəri müayinə etdikdən sonra yerindəcə ağrıyan dişin müalicəsinə başlayır.
Tibb məntəqəsinin rəisi tibb xidməti leytenantı Fərhad Novruzov burada çalışan personalın peşəkar hərbi həkimlərimizin təcrübəsini mənimsədiyini və hər kəsin ürəyinin səsi ilə xidmətə gəldiyini dedi: "İllərdir, ölkəmizdə müharibə gedir. Torpaqlarımız mənfur qonşularımız tərəfindən işğal olunub. Həmvətənlərimiz öz doğma yurd-yuvalarından qovulub, qaçqın, köçkün vəziyyətindədirlər. Bu gün  ölkəmizin bizə daha çox ehtiyacı var. Hərbi həkim adını daşımağımızla, ön xətdə xidmət etməyimizlə qürur hissi keçiririk. Hər birimiz fəxr edirik ki, bu gün biz Vətənimizi qoruyan əsgər və zabitlərimizin sağlamlığının keşiyində dayanmışıq."
"N" hərbi hissəsində tibb heyəti bu amallarla Vətənə xidmət yolunu seçib. Onlar şəxsi heyətə layiqincə xidmət göstərməklə, Hippokrat andına sadiq qaldıqlarını bir daha təsdiqləyirlər.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
fotolar Rəşad ƏMRAHOVUNDUR