Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2019 09:46

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş mini-futbol turnirinə start verildi

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2019-cu il üçün təsdiq etdiyi plana əsasən, aprelin 12-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının  96 illiyinə həsr olunmuş mini-futbol turnirinə start verildi.
Tədbirdə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev, Hərbi Akademiyanın rəhbərliyi və müəllim heyəti, ehtiyatda olan general-mayor Altay Mehdiyev, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının nümayəndələri, beynəlxalq və respublika dərəcəli hakimlər, bir sıra fəxri qonaqlar, eyni zamanda, Hərbi Akademiyanın və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları iştirak etdilər. Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Açılış mərasimində Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev çıxış edərək gələn qonaqları və yarış iştirakçılarını salamladı. Mini-futbol turnirində iştirak edən heyətə uğurlar arzulayan zabit, həmçinin ulu öndər Heydər Əliyevin idmana və idmançılara dövlət səviyyəsində göstərdiyi qayğıdan geniş söz açdı: "Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanda idmana, onun inkişafına və maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmançıların peşəkarlığının artırılmasına, gənc nəslin fiziki cəhətdən sağlam yetişdirilməsinə daim ciddi nəzarət edib. Onun hakimiyyəti illərində ölkədə idman kompleksləri və qurğuları tikilib, idman meydançaları salınıb, idman-sağlamlıq mərkəzləri yaradılıb. Bu qayğı ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət göstərib. Təbii ki, respublikamızda idmanın populyarlaşması və dövlət qayğısı ilə hərtərəfli təmin edilməsi ordu idmanına da öz müsbət təsirini göstərib. Bu proses Ulu Öndərdən sonra onun layiqli davamçısı möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hazırda ölkə başçısının diqqət və qayğısı nəticəsində müxtəlif idman növləri üzrə peşəkar idmançıların yetişdirilməsi üçün hər cür şəraitlə təmin olunmuş Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu (MOİK) fəaliyyət göstərir. Burada peşəkar idman ustaları tərəfindən idmanın 20 növü üzrə məşqlər keçirilir. Ordu idmançılarımız olimpiya, dünya, Avropa və başqa səviyyəli beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalırlar".
General-leytenant Heydər Piriyev çıxışında keçirilən mini-futbol turnirinin məqsədinə də toxundu. "Bildiyimiz kimi, bu il Ulu Öndərin anadan olmasının 96-cı ildönümüdür. Bununla əlaqədar respublikamızda bir sıra kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb. Əlamətdar gün münasibətilə Azərbaycan Ordusunda da  müxtəlif tədbirlərin  keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlərdən biri də hazırda açılış mərasiminə yığışdığımız mini-futbol turniridir. Əminəm ki, möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin hərtərəfli diqqət və qayğısı nəticəsində idmanımız daha yüksək zirvələri fəth edəcək, idmançılarımız ən parlaq qələbələrini Ümummilli Liderimiz, xalqımızın dahi və sevimli oğlu Heydər Əliyevin əziz xatirəsinə həsr edəcəklər".
Çıxış edən digər qonaqlar da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən danışdılar. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə idman və bədən tərbiyəsinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi, bu sahədə yüksəlişin əsasının qoyulduğu, həmçinin bu siyasətin nəticəsi kimi müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması diqqətə çatdırıldı.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra  Hərbi Akademiyanın MTT şöbəsi ilə  Hərbi Akademiyada təhsil alan birinci kursun ikinci qrupunun  komandaları arasında açılış oyunu baş tutdu.
Məlumat üçün qeyd edək ki, səkkiz komandanın iştirak etdiyi turnirin qrup mərhələsində hər qrupda dörd komanda mübarizə aparacaq. Qrup oyunlarının sonunda hər qrupda ən yüksək xal toplayan iki komanda yarım-final mərhələsinə vəsiqə qazanacaq. Yarışın sonunda qaliblərə kubok və fəxri fərmanlar təqdim olunacaq.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"