Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Aprel 2019 09:45

“Bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir”

Səngərdəyik... Ərazidəki səliqə-sahman, şəxsi heyətin nizam-intizamı xidmətin düzgün təşkilindən xəbər verir. "Qarabağı düşməndən azad edək", "Vətənim Azərbaycana xidmət edirəm", "Ya Qarabağ, ya ölüm" plakatları da bölmədə mənəvi-psixoloji hazırlıq işinin düzgün aparıldığını və şəxsi heyətin yüksək döyüş ruhunda xidmət etdiyini göstərir. Şəxsi heyətə cavabdeh zabit Nahid Rzayevlə görüşüb, vəziyyət barədə maraqlanırıq. "Qarşı tərəf günaşırı atəşkəsi pozur. Amma postlarda ayıq-sayıq dayanan, qorxmaz, cəsur, torpağını, Vətənini sevən əsgərlərimiz onları cavab atəşi ilə susdururlar. Onlardan qat-qat güclü olduğumuzu hər bir əsgər yaxşı bilir və düşməni məhv etməyə daim hazırdır. Biz heç vaxt nə düşməndən, nə də atdıqları güllələrdən qorxmamışıq. Onlara gücümüzü Aprel döyüşlərində göstərdik. Yenə də gücümüzü göstərməyə, Ali Baş Komandanın əmri ilə işğal altında olan digər torpaqlarımızı da azad etməyə tam hazırıq", - deyə zabit bildirir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Asim Nəsirov xidmətin uğurla davam etdiyini, qarşıdakı düşmənin daim nəzarətdə olduğu deyir:
- Tabeliyimdəki əsgərlər nizam-intizamlı, vətənpərvər və bacarıqlı döyüşçülərdir. Döyüş növbəsində ayıq-sayıq xidmət apararaq, düşmən mövqelərini nəzarətdə saxlayırlar. Bu oğulların qorxmazlığı, Vətən sevgisi seçdiyim peşəyə bağlılığımı daha da artırır. Belə vətənpərvər əsgərlərlə bir yerdə xidmət etməkdən qürur duyuram. Onlara hərbi bilikləri öyrədir, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşə hazırlamaq məqsədilə əlimdən gələni edirəm. Əsgərlərlə tez-tez fərdi söhbət aparır, problemləri ilə yaxından maraqlanıram.
Asim beş ilə yaxındır bu hərbi hissədə xidmət edir. O, uşaqlıqdan forma geyinmək arzusunda olub. Əsgəri xidmətini ön xətdə, döyüş postunda başa vurduqdan sonra yenidən ordu sıralarına qatılıb. Ön xətdə xidmət etməyindən qürur duyduğunu bildirən hərbi qulluqçumuz Vətən torpaqları azad edilməyənə qədər rahatlıq tapmayacağını, formanı heç vaxt çıxarmayacağını vurğulayır.
Növbəti həmsöhbətim əsgər Elvin İsmayılovdur. Mövqedə ayıq-sayıq dayanan məğrur döyüşçümüz düşməni hər zaman nəzarətdə saxladığını qeyd edir: "Bu gün ata-baba torpaqlarımızın bir qismi erməni qəsbkarları tərəfindən işğal olunub. O zaman mən və yaşıdlarım hələ dünyaya göz açmamışdıq. Məktəbə getdiyim illərdə müəllimlərim tərəfindən öyrəndim ki, düşmən xalqımızın başına olmazın müsibətlər açıb. Faciələr, soyqırımlar törədib, soydaşlarımızı öz torpaqlarından didərgin salıb. Mən işğalda olan torpaqlarımızı ancaq foto şəkillərdə, video çəkilişlərdə görmüşəm. Ancaq bu gün tarixi torpaqlarımızı canlı-canlı görmək arzusundayam. Aprel döyüşləri, Günnüt zəfəri də sübut etdi ki, tezliklə arzum reallaşacaq. Əslində, bu arzu təkcə mənim yox, bütün Azərbaycan xalqının arzusudur. Azərbaycan əsgəri tez bir zamanda Ali Baş Komandanımızın əmri ilə işğalda olan torpaqlarımızı azad edəcək və xalqımızın arzusunu reallaşdıracaq".
Elvinin sözləri məni xəyallara qərq edib, Aprel döyüşlərinə apardı. Xatirələr məni həm duyğulandırdı, həm də fərəhləndirdi. Fərəhlənirəm, ona görə ki, Azərbaycan əsgəri təxribata əl atan düşməni məhv edərək, məğlubiyyətə uğratdı. Torpaqlarımızın bir qismini işğaldan azad etdi. Xalqımızın doğma el-oba, torpaq həsrətinə su səpdi. Döyüşlərdə qəhrəmancasına şəhid olan silah yoldaşlarımın xatirəsi isə məni duyğulandırdı. Həmsöhbət olduğum igid əsgərlərin fikirləri Böyük Qələbəyə olan inam hissimi artırır. O inam hissi ki, bu igid döyüşçülər gec-tez şəhidlərimizin qanını yerdə qoymayacaq, torpaqlarımızın qalan hissəsini də işğaldan azad edəcəklər...
Əsgər Səyyad Əsgərovun "Növbədə olduğum zaman heç bir hadisə baş verməyib" məruzəsi məni xəyallarımdan ayırır. Şəhidlərin xatirəsi ilə dolu səngərdə torpaqlarımıza keşik çəkən daha bir igidin əlini sıxıram. Səyyad artıq xidmətinin xeyli hissəsini başa vurub. O, döyüş növbəsində ayıq-sayıq dayandığını deyir:
- Üzərimə düşən məsuliyyəti yaxşı dərk edərək, xidmətimə ciddi yanaşıram. Bir gənc kimi mənə ən şərəfli vəzifə - Vətən torpaqlarını qorumaq tapşırılıb. Bu vəzifənin öhdəsindən bacarıqla gəlmək, ordumuza layiqli xidmət etmək üçün əlimdən gələni edirəm. Xidmətə gəldiyim ilk gündən nizam-intizamlı olub, komandirlərin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirməyə çalışıram. Ordu sıralarındakı xidmətim dövründə peşəkar komandirlər tərəfindən bacarıqlı döyüşçü kimi yetişmişəm və hər an torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə atılmağa hazıram.
Əsgər Səyyad Əsgərova xidmətində uğurlar arzulayıb, növbəti mövqeyə üz tuturam. Səngərdə irəlilədikcə bu yerlərdə gecə-gündüz xidmət edən əsgərlərlə həmsöhbət olmağın sevincini yaşayıram. Onları tanıdıqca vətənpərvərliklərini, Vətən sevgilərini, düşmənə nifrət hissini onların öz dilindən eşitdikcə düşüncələrim qanad çalır. Hər biri düşmənə göz dağı olan bu əsgərlər bir daha göstərirlər ki, Azərbaycan xalqı ordusuna əbəs yerə güvənmir. Onun güclü ordusu və yenilməz əsgərləri var...
Növbəti mövqedə dayanan əsgər Qasım Həsənov da düşüncələrini bizimlə bölüşərək, hərbi xidmətdə yaddaqalan günlərindən, əsgər dostlarından söz açır:
- Bir gənc üçün əsgər olmaq ən böyük sevincdir. Ona görə ki, əsgəri formanı geyinib, əlinə silah alıb, torpaqlarımızın keşiyində dayanırsan. Mən bu sevinci yaşadığım üçün özümü şanslı hesab edirəm. Hərbi andiçmə günüm yaddaqalan günlərdən biridir. Bir əlim silahda, bir əlim əsgər yoldaşımın çiynində Vətənə sədaqət andı içdiyim o gün yaddaşıma silinməz hərflərlə həkk olundu. Təntənəli marşla keçiddən sonra, atam əlini çiynimə qoyub "Səninlə fəxr edirəm, oğul və unutma, təkcə mən yox, bütün Azərbaycan xalqı siz əsgərlərlə fəxr edir" dedi. Atamın bu sözləri və qürurlu baxışlarını gördükdə anladım ki, həyatda əsgər olmaq qədər qürurverici ikinci bir hiss yoxdur. Əsgərlikdə həm də möhkəm dostlar qazanırsan. Hansı ki, bu dostluq zəncirdən də möhkəmdir. Vaxtı gələndə onunla birgə savaşa girirsən, döyüşürsən. Şəhid olsan belə bunu ilk əsgər dostun görür və onun qollarında şəhid olursan. Ona görə əsgərlik dövrü həyatda yaşadığın ən gözəl illərdir."
"Gözlər qəlbin aynasıdır" deyirlər. Qasımın ürəyindəki Vətən sevgisi, vətənpərvərlik hissi onun gözlərindən oxunur.
Əsgərlər  Elcan İsayev, Cavidan Salahov, Eldar Əhmədov və digərləri də onlara əmanət olunan Vətəni göz bəbəyi kimi qoruduqlarını vurğulayırlar. “Barmağımız tətikdə, gözümüz nişangahda düşmən qarşısında ayıq-sayıq dayanmışıq. Qarşı tərəfdən hər hansı həmlə olarsa, daşı-daş üstə qoymarıq", - deyirlər.
...Vaxt gəlib çatır. Ayrılıq məqamı yetişir. Barıt qoxulu bu səngərlərdə tezliklə qələbə reportajını hazırlamaq istəyi ilə döyünən ürəyimə bir inam hakim olur: Samidlərin, Fəridlərin, Mübarizlərin qələbə ruhunu yaşadan əsgərlərimiz Ali Baş Komandanımızın dediyi kimi: "Bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir. Bu gün Azərbaycanda elə gözəl gənc nəsil yetişib ki, onların hamısı Ali Baş Komandanın əmrini gözləyir". 
       
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"