Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Aprel 2019 09:59

Qəhrəmanlar yaşayır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə şairin yubileyinin Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzaladı və 2019-cu ili "Nəsimi ili" elan etdi. Bununla da Nəsimi yaradıcılığının hazırda azərbaycanlıların qəhrəmanlıq, mübarizlik, dönməzlik ruhunda böyümələrində, haqsızlıq və ədalətsizliklə barışmayacaqlarında oynadığı rolu təhlil etməyə geniş auditoriyalarda insanların diqqətinə çatdırmağa imkan yaradıldı.
Yerləşdiyi coğrafi strateji mövqeyinə və əhəmiyyətinə görə Azərbaycan müxtəlif dövrlərdə bütün istiqamətlərdən gələn təhlükələr ilə üz-üzə qalıb, lakin bu təhlükələrə qarşı amansız mübarizə aparıb. Mübarizlik nümunələri şanlı tariximizin hərb salnaməsinə əbədi daxil olub, ona görə də qədirbilən xalqımız haqlı olaraq bunları daima yaşadır. Bölgə uğrunda aparılan amansız mübarizədən daima əziyyət çəkən xalqımız, bu çətinliyə baxmayaraq dinini, dilini, şərəfli tarixi keçmişini qoruyub saxlamağı bacardı. Əlbəttə, bu o qədər də asan olmadı, bu yolda yüzlərlə, minlərlə igid oğullarımız qurban getdi, elm, incəsənət adamları, yazıçılar, şairlər, ziyalılar, xalq arasında nüfuz qazanan insanlar min bir əzab və əziyyətlə üzləşdilər.
Azərbaycan tarixinə nəzər saldıqda, belə acı səhnələrə və sonluqlara tez-tez rast gəlmək olur. Bunlardan birini də məhz Nəsimi yaşamışdı. O, öz yaradıcılığında mübarizlik ruhuna həmişə üstünlük vermişdi. Yazdığı fərqli qəzəlləri ilə mübarizlik və dönməzlik uğrunda özündən sonra gələn nəsillərə əbədi irs qoymuşdur.
Nəsimi yaradıcılığının əsasını təşkil edən mübarizlik gənclərin kamil vətəndaş kimi formalaşmasında, vətənpərvər ruhda böyümələrində, Vətənə və xalqa sədaqətlə xidmət etmə ruhunda yetişmələrində oynadığı rol danılmazdı.
Qədirbilən Azərbaycan xalqı, Nəsimini və onun yaradıcılığını, qoyduğu sönməz əbədi dönməzlik və mübarizlik irsini daima yaşadır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra xalqımız qarşısında xidmətləri olan dahi şəxsiyyətlərin yaradıcılığını, onların tarixi rolunu qiymətləndirmək daha asan olmuşdur. Hazırda öz inkişaf və çiçəklənmə dövrünü yaşayan Azərbaycanda əldə olunan nailiyyətlərdən maksimum yararlanaraq istənilən sahədə xalqımız qarşısında əməyi olan dahi şəxsiyyətlər qiymətləndirilir, onların yalnız Azərbaycan üçün deyil, həmçinin dünya elminə, mədəniyyətinə bəxş etdiyi töhfələri bir daha diqqətə çatdırılır.
Nəsimi öz yaradıcılıq fəaliyyəti ilə hələ öz dövründə baş verən haqsızlığa, ədalətsizliyə qarşı barışmazlığını açıq şəkildə qorxmadan nümayiş etdirmişdir. Üzləşdiyi çətinliklərə, işgəncələrə baxmayaraq əməlindən və sözündən dönməyən Nəsimi, əsl azərbaycanlı insanına xas xüsusiyyət nümayiş etdirmişdir. Elə ona görə də bu il Nəsiminin 650 illiyi təntənə ilə qeyd olunur. Müasir və dəyişən dünyada Nəsimini yaşatmaq bizim həm mənəvi vətəndaşlıq borcumuzdur, həm də yaradıcılığına verilən ən dəyərli qiymətdir.
Min illər və əsrlər keçsə də, onun yaradıcılığından bəhrələnən azərbaycanlılar, onun yolunu özünə nümunə kimi qəbul etmiş vətənpərvər ruhda böyümüş, lazım gəldikdə isə qəhrəmanlıq nümunələri nümayiş etdirmişlər, Nəsimi kimi xalqımızın sevimlisinə çevrilməklə yanaşı, ölkəmizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə canlarından keçməklə şəhidlik zirvəsinə yüksəlmişlər.
Belə nümunələr yaxın və uzaq tariximizdə mövcuddur. Xalqımız XX əsrin əvvəllərində və sonlarında Qafqazda cərəyan edən tarixi proseslər və hadisələrdən istifadə edərək torpaqlarımızda dövlət yaratmaq xülyası ilə yaşayan mənfur düşmənlə, erməni daşnakları və onların havadarları ilə üzbəüz qalmışdır. İrəvan xanlığının ərazisində Ermənistan dövlətini yaradan daşnaklar zaman-zaman fəaliyyətlərini Zəngəzur və Göyçədə törədilən qətliamlar hesabına genişləndirərək ərazilərini böyütmüş və bunu Qarabağın ərazisinə qədər genişləndirmişlər. Buna qarşı mübarizə aparan azərbaycanlılar ədalətsizlik və haqsızlıqlar ilə üzləşmələrinə baxmayaraq, ümidsizliyə qapanmadan mübarizələrini davam etdirmişlər.
Qarabağ bölgəsində havadarlarının dəstəyi ilə yenidən fəallaşan ermənilər XX əsrin sonlarında keçmiş SSRİ-nin səriştəsiz rəhbərliyinin ədalətsiz mövqeyindən  istifadə edərək 1988-ci ildən etibarən Azərbaycana və onun torpaqlarına qarşı əsassız torpaq iddiası ilə çıxış etmişlər. Baş verən hərbi toqquşmaların nəticəsində, hazırda torpaqlarımızın 20 faizi işğal altındadır və bir milyondan çox azərbaycanlı qaçqın və köçkün həyatını yaşayır.
Keçmişdə yaşadığımız dövlətdə bizi beynəlmiləlçilik ruhunda tərbiyə etməyə çalışanlar, milli dəyərlərə və adət-ənənələrə qadağalar qoyulanda, orta məktəblərdə Nəsiminin bir neçə qəzəlinin tədrisinə icazə vermişdi. Düşünürəm, bu yalnız, azərbaycanlıların Nəsimiyə olan sönməz məhəbbəti və ona verilən yüksək dəyərə görə mümkün olmuşdur.
Bu gün Nəsimi yaradıcılığının işığından bəhrələnən hər bir gənc, orduda xidmət edir, düşmənlə üzbəüz səngərdə Vətənin keşiyində dayanır. Mənfur düşmənin kəndləri, şəhərləri dağıtması, uşaqları, qadınları və qocaları amansızlıqla öldürməsi, törətdiyi Xocalı soyqırımı insanların yaddaşına əbədi həkk olunaraq unudulmaz izlər buraxıb.
Düşmənin qəddarlığı, hiyləgərliyi və təxribatçı əməlləri ilə üzləşən Azərbaycan əsgəri ona layiqli cavab verməklə, mənfur düşməni daima öz yerinə oturtmuşdur. Belə vəziyyətlə üzləşən Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimov, Çingiz Qurbanov... düşmən təxribatının qarşısını tək başına qətiyyətlə almışlar, son ana qədər vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişlər. Onların əziz xatirəsi xalqımızın qəlbində daima yaşayır.
Hələ İkinci Dünya müharibəsində Stalinqrad cəbhəsində ağır yaralandıqdan sonra əsir götürülən həmyerlimiz Mehdi Hüseynzadə almanların işgəncə düşərgəsindən qaçaraq uzaq Adriatik dənizinin sahillərində partizan hərəkatına qoşularaq faşizmə qarşı mübarizəsini davam etdirmişdir. Mehdinin əsas amalı və mübarizəsi Xəzərin sahillərindən uzaqlarda bəşəriyyətin bəlasına çevrilən faşizmə qarşı idisə, bizim mübarizəmiz isə erməni millətçiliyinin tör-töküntülərinə və uydurma ideologiyaya qarşı mübarizə aparmaqdır. Bu gün Sloveniya torpaqlarında uyuyan əfsanəvi kəşfiyyatçı "Mixaylo" xalqların və ölkələrin dostluq və qardaşlıq simvoluna çevrilməklə yanaşı, düşmənlərimizin canına qorxu salmışdır.
Düşmən çox gözəl bilir ki, dərin keçmişə, qədim tarixə malik olan azərbaycanlılar, onlar havadarlarına nə qədər güvənsələr də, belə vəziyyətlə heç bir zaman barışmayacaq, bütün sahələrdə milli maraqlarını qorumağa, pozulan haqsızlığın və ədalətsizliyin bərpasına gec-tez nail olacaq. Müasirləşən və inkişaf edən Azərbaycanın qətiyyəti, cəsarəti qarşısında düşmən heç bir zaman tab gətirə bilməyəcək. O, yaxşı bilir ki, bir gün hamı Nəsimi, Mehdi, Mübariz, Çingiz olacaq və son savaş başlayacaq. Bununla da qəhrəmanlar diyarının cəsur övladlarının əziz xatirəsi və onların qəhrəmanlıqları əbədi olaraq yaşayacaq.

Yaşar KƏRİMOV, Silahlı Qüvvələrin Hərbi Akademiyası