Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Aprel 2019 09:53

“Böyük Qələbə sevincini yaşadacağıq”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. Vətənin keşiyində dayanan oğullarımızla söhbətləşirik. Onların hər kəlməsindən Vətənimizə, millətimizə nə qədər bağlı olduqları sezilir. Hər biri tezliklə torpaqlarımızı erməni qəsbkarlarından azad edəcəkləri günü gözləyir.
Bunun üçün əsgərlərimiz komandirlərinin öyrətdiklərini mənimsəyərək, xidmətlərini günün nizam qaydasına uyğun olaraq təşkil edirlər. Leytenant  Yusif Məmmədova "Nümunəvi xidmət" rubrikasına yazı hazırlamaq istəyimizi bildirəndə xeyli fikirləşdi. "Tabeliyimdə xidmət edənlərin hamısı vəzifə borclarının öhdəsindən layiqincə gəlirlər. Bu səbəbdən bilmirəm hansının adını çəkim. Hesab edirəm ki, əsgərlərinə qarşı qayğısını əsirgəməyən manqa komandiri, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Elmar Əliyevin adını çəksəm, lap yerinə düşər".
Ətraf mühit insanın formalaşmasında, onda Vətən sevgisinin güclənməsində xüsusi rol oynayır. Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında valideynlərinin əməyi böyükdür. Hətta gənclərin ordu sıralarına yolasalma mərasimi də onların düşüncəsinə müsbət mənada təsir edən amillərdəndir. Sevgi, məhəbbətlə yola salınan oğullarımız Vətənimizin ərazi bütövlüyünü fərəhlə qoruyurlar. Xalqımıza sülh, əmin-amanlıq, firavan həyat istəyən əsgərlərimiz hər an müharibəyə hazırdırlar. Necə deyərlər, Vətənə xidmət yalnız hərbi xidmətlə sərhədlənmir, bu hər bir vətəndaşın işində özünü büruzə verməlidir. Ordu sıralarında xidmət edən zabitlərimizin əsgərlərinə nə qədər qayğıkeş olduqları göz qabağındadır. Leytenant Yusif Məmmədovun sözlərindən hiss edilirdi ki, Elmara güvəni sonsuzdur, onun kimi əsgəri olmağıyla qürur duyur. 
Elmar xidmətinin təşkilindən, üzərinə düşən vəzifələrdən söz açdı:
- Artıq xeyli müddətdir Vətənimizin keşiyində dayanıram. Üzərimə düşən vəzifənin müqəddəsliyini və məsuliyyətini yaxşı başa düşürəm. Çalışıram ki, xidmətə təzə gələn əsgər yoldaşlarıma köməklik göstərim. Vətənimə qüsursuz xidmət etməyi özümə mənəvi borc bilirəm. Hamımızın bir amalı var - ata-baba yurdumuzu düşmən tapdağından azad edək. Bunun üçün də hər birimiz xidmətimizi düzgün təşkil etməliyik, hər an döyüşə hazır olmalıyıq. Ölkə rəhbərliyi nümunəvi xidmət etməyimiz üçün hər cür şərait yaradıb. Belə diqqət və qayğı hər birimizə yüksək döyüş ruhu aşılayır. 
Söhbət zamanı əsgər Elmar Əliyev bildirdi ki, idman insanın formalaşmasında əsas amillərdən biridir. "Fiziki cəhətdən möhkəm olmağımız üçün komandirlərimizin rəhbərliyi altında idmanla məşğul oluruq. Komandirlərimiz döyüş və fiziki hazırlığımızı daima diqqət mərkəzində saxlayırlar. Onlar həmişə vurğulayırlar ki, düşmənlə üzbəüz döyüşdən qalib ayrılmalıyıq. Döyüş mövqeyində ayıq-sayıq dayanırıq, düşmənin bütün fəaliyyətini nəzarət altında saxlayırıq. İnanırıq ki, tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunan torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. Hər gün xidmətimizi döyüşə girəcəyimiz gün kimi təşkil edirik".
Elmarla söhbətimizdən sonra əmin oluruq ki, Azərbaycan Ordusunun gücü belə mərd oğullarındadır. Sıraları Vətəninə ürəklə bağlı oğullarımızın xidmət etdiyi ordumuz xalqına Böyük Qələbə sevinci yaşadacaqdır.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR