Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Aprel 2019 09:51

Tarixi şəxsiyyətlər xalqın əvəzsiz milli sərvətidir

1991-ci ildə Azərbaycanda milli-azadlıq hərəkatı dövlət müstəqilliyinin bərpa olunması ilə nəticələndi. Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. AXC hakimiyyəti xalqın etimadını doğrulda bilmədi. Ölkədə hakimiyyətsizlik, milli qarşıdurma, real vətəndaş müharibəsi, dövlətin parçalanması, dövlətçiliyin itirilməsi təhlükəsi yarananda xalq təkidlə fenomenal dövlətçilik istedadına malik olan böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırdı. Azərbaycan dövlətçiliyi xilas edildi. Qətiyyət, dövlətə, dövlətçiliyə sədaqət, xalqa, millətə sevgi bu təhlükələri aradan qaldırdı. Bu tarix azərbaycançılıq ideologiyasının təntənəsi kimi əbədi yaşayacaq.
Respublikada bütün sahələr üzrə dinamik inkişafın əsası qoyuldu, beynəlxalq layihələr imzalandı ki, bununla da Azərbaycanın iqtisadi inkişafına əsaslı zəmin yaranmaqla Azərbaycanın beynəlxalq nüfuzunu da yüksəltdi.
Digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da qlobal islahatlara başlanıldı. Yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq yaradıldı. Az vaxt ərzində Azərbaycan Ordusu nizami ordu kimi formalaşmağa başladı. 1994-cü ilin yanvarında Ulu Öndərin sərkərdəliyi ilə uğurlu Horadiz əməliyyatı keçirildi. Bu əməliyyatla qazanılan qələbə ordumuzun döyüş əzmini artırdı, qələbə ruhunu yüksəltdi. Bunlar Azərbaycanda ordu quruculuğunda nizami ordunun formalaşması mərhələsi oldu.  
Böyük tarixi şəxsiyyət qürurla deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Bu qürur xalqa, millətə, dövlətə, dövlətçiliyə bağlılığın qürurudur. Bu qüruru harada yaşamasından asılı olmayaraq Vətənini sevənlərin hamısı yaşayır...
Ordu quruculuğu dövlət üçün prioritet məsələlərdən biri kimi həmişə diqqətdə saxlanılır, ordunun maddi-texniki bazası genişləndirilir, silah-sursat arsenalı artırılır ki, bunlar da şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsini təmin edir.
Ümummilli liderimiz Heydər Əliyev şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması üçün tez-tez ön xətdə, səngərlərdə zabit və əsgərlərlə söhbət edir, onlara vacib tövsiyələr verirdi ki, bunlar da öz təsirini göstərirdi. Ordu quruculuğunda Heydər Əliyev mərhələsi şəxsi heyətin döyüş qabiliyyətinin mənəvi-psixoloji hazırlıqla üzvi şəkildə tamamlanması kimi tarixləşdi və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ulu Öndərin siyasi kursunu ordu quruculuğunda da uğurla davam etdirməklə Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına çatdırdı. Ölkə Prezidentinin dediyi kimi: "İndi Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır".
Sovetlər dönəmində Mərkəzin istəmədiyi ibtidai hərbi məktəbin yaradılmasına, ona zamanında repressiyaya məruz qalmış azərbaycanlı sərkərdənin - Cəmşid Naxçıvanskinin adının verilməsinə nail olmaq zaman anlamında xalqın sabahlarına qayğı idi. Bu qayğının bəhrəsi Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra özünü olduqca şəbəkəli səviyyədə büruzə verdi.
Bakıda Dünya Azərbaycanlılarının I qurultayı Ulu Öndərin təşəbbüsü ilə keçirildi. Ermənistanın Azərbaycana qarşı elan etmədən başladığı müharibə şəraitində belə bir qurultay qeyri-rəsmi milli-ideoloji səfərbərlik idi. Belə bir dəyərli təşəbbüs uğurla davam etdirilir.
Böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinin başlıca mahiyyəti azərbaycançılıq məfkurəsidir. Bu məfkurə Azərbaycan dövlətçiliyinin ən etibarlı qarantlarından biridir. Bu məfkurənin tərkib hissələri milli mədəniyyətdir, incəsənətdir, rəngkarlıqdır, ədəbiyyatdır, xalqın, dövlətçiliyin tarixidir. Ulu Öndər hələ sovetlər dönəmində xalqımızın milli qüruru olan neçə-neçə tarixi şəxsiyyətin adının əbədiləşdirilməsinə nail olmuşdu. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra bu proses daha da dönməzləşdi, ədəbiyyat, incəsənət, mədəniyyət tarixində misilsiz xidmətləri olmuş tarixi şəxsiyyətlərin adının əbədiləşdirilməsi milli mentalitet səviyyəsinə yüksəldildi.
Tarixin axarını xalqının rifahı naminə dəyişməyi bacaran böyük tarixi şəxsiyyətlər xalqın əvəzsiz milli sərvətləridir...
 
Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"