Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Aprel 2019 09:49

“Xalqımızın qəhrəmanlıq ənənələrini şərəflə yaşadırıq”

Bu gün ordumuzda ömrünün mənasını Vətənə, xalqa, dövlətə xidmətdə görən gənc  vətənpərvər zabit heyəti xidmət edir.  Təbii ki,  hər kəs seçdiyi peşənin özəlliyini, qayəsini, məna tutumunu gözəl bilir. Müəllim, həkim, mühəndis... Fikrimcə,  peşələrin içərisində ən müqəddəsi və ən  şərəflisi hərbçi peşəsidir - Vətəni, torpağı qorumaq peşəsidir. Bu yolda boran da var, qış da var. Lakin çətinliklər qorxutmur onları. Sevgiləri ilə qəlblərini isitdiyi Vətənin, torpağın keşiyində əzmlə dayanırlar.
Vətənimizin müdafiəsində əzmlə dayanan gənc zabitlərimizdən biri də baş leytenant Fərid Qarayevdir. Fərid əvvəlcə C.Naxçıvanski  adına Hərbi Liseyi, sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini artilleriya ixtisası üzrə bitirib. Deyir ki, əmiləri hərbçidir. Qardaşı baş leytenant Faiq Qarayev də  ali hərbi təhsil alıb. Hər ikisi aprel döyüşlərində iştirak edib. Faiq motoatıcı qoşunlarda Bayraqtəpə, Fərid isə artilleriya qoşunlarında Lələtəpə istiqamətində döyüşüb.
Baş leytenant Fərid Qarayev cəbhə xəttində yerləşən "N" hərbi hissəsində xidmət edir. Nəzəriyyədən, təcrübədən qazandığı bilikləri böyük həvəslə şəxsi heyətə aşılayan gənc zabit xidmətin xüsusiyyətlərinin  dərindən mənimsənilməsi üçün praktiki çalışmalara daha çox zaman ayırdığını dedi: "Orduda qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün bölmələrin təkcə silah və texnika ilə təminatı, şəxsi heyətin peşə vərdişlərinin artırılması ilə yetərli olmur. Bu mənada, şəxsi heyətin döyüş ruhunun yüksəlməsində mənəvi-psixoloji hazırlıq da çox önəmlidir. Ruh olmasa döyüşə bilməzsən.  Aprel döyüşləri ruhla gücün döyüşü idi. İllərdir erməni təcavüzkarlarının hücumuna məruz qalan torpaqlarımız qeyrətli Vətən oğullarının sayəsində əzmlə qorunur, düşmənin atəş nöqtələri yerindəcə susdurulur. Düşmən birdəfəlik anlamalıdır ki, dövlət müstəqilliyimizin  dayağı olan ordumuz gündən-günə gücünü, peşəkarlığını artırır. İşğal altındakı torpaqlarımızı azad etməyə hər an hazırdır. Vətən andımız, xalqımıza, dövlətimizə olan sədaqətimiz qarşıya çıxan çətinliklərin qətiyyətlə dəf edilməsində gücümüzü daha da artırır. Şəxsi heyət yüksək döyüş hazırlığına malikdir."
Fərid  düşmənə hər zaman xatırlanması vacib olan məqamlardan da danışdı: "Xalqımız qəhrəman xalqdır. Şanlı hərb tariximiz, qəhrəmanlıq tariximiz var. Biz Babəklərin, Cavanşirlərin, Xətailərin, Cavad xanların nəsliyik. Şərəflə ulu babalarımızın miras qoyduğu döyüş ənənələrini, qəhrəmanlıq ənənələrini yaşadırıq. Biz onların yolunu davam etdiririk."
Söhbətindən aydın olurdu ki, gənc zabit Azərbaycanımızın dövlətçilik və hərb tarixini, sərkərdəlik tarixini dərindən bilir. Bu sahədə mütaliəsi zəngindir. Hətta bizə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri tam artilleriya generalı Səməd bəy Mehmandarovun Lənkəranda olarkən balaca Həzi ilə görüşünü və kursant olduğu dövrdə böyük sərkərdə ilə dialoqunu da xatırlatdı.
Müqəddəs hərb peşəsinin çətinliklərini asanlıqla dəf edən Fərid də doğma torpaqlarımızın, Qarabağımızın, Şuşamızın azadlığı uğrunda döyüşlərə hər an hazırdır.
   
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
foto Rəşad ƏMRAHOVUNDUR