Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Aprel 2019 09:48

Bu yol Qələbə yoludur

Ön xətdə yerləşən "N" hərbi hissəsinin bir bölməsinə, Vətənimizin və xalqımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlıq yolunu davam etdirən hərbi qulluqçularımızla görüşə gəlmişik.
Hərbi hissənin zabiti Rail Ağayev döyüş növbətçiliyi aparan şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti barədə məlumat verir: "Tabeliyimizdə xidmət edən şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti və döyüş ruhu yüksəkdir. Yüksək nailiyyətlər əldə etmək üçün sadəcə dərslərin keçirilməsi kifayət etmir, şəxsi heyət arasında rəqabət yaratmaq da vacib məsələlərdəndir. Bu səbəbdən dərslərdə fərqlənənlər yuxarı komandanlıq tərəfindən müxtəlif növ həvəsləndirici mükafatlarla və qiymətli hədiyyələrlə təltif olunurlar. Bu gün hər bir Azərbaycan zabitinin, gizirinin və əsgərinin qarşısında duran ən vacib vəzifə - Böyük Qələbə uğrunda gedəcək döyüşlərə hazır olmaqdır. Bu amal hamımızı birləşdirir. Məqsədimizə çatmaq üçün hər birimiz çalışırıq ki, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələk. İnanırıq ki, tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmən tapdağında olan torpaqlarımızı azad edəcəyik."
Döyüş mövqeyində bizi gizir Aydın Əhmədov qarşılayır. Gizir əsgərlərimizin bilik və bacarığından söz açaraq bildirir ki, şəxsi heyətimiz döyüş növbətçiliyi aparmasına baxmayaraq günün nizam qaydasına uyğun olaraq hərbi vərdişlərini təkmilləşdirir. "Tabeliyimdə xidmət edən əsgərlərimizin hər biri döyüş meydanında düşmənə layiqli cavab vermək iqtidarındadır. Həmişə çalışırıq ki, onlar ekstremal şəraitdə düzgün qərar qəbul edə bilsinlər. Bunun üçün də xidmət etdiyimiz yerin landşaftına, həyəcan və basqın zamanı düzgün mövqelərin seçilməsinə diqqət yetirməliyik. Komandir heyəti əsas üstünlüyü təlimlər zamanı hücum komandasının müvəffəqiyyətlə həyata keçirilməsinə verir. Döyüş meydanında əli silahlı, təcrübəli əsgər düşmən üçün təhlükə mənbəyidir. Bunu rəhbər tutaraq gizir hazırlığı kursunda və praktikada yiyələndiklərimi daim əsgərlərimizlə bölüşürəm. Çalışıram ki, hər an yuxarı komandanlığın döyüş əmrinə hazır olaq. Xidmətə gəldiyim ilk gündən torpaqlarımızı işğaldan azad edəcəyimiz günü səbirsizliklə gözləyirəm. İnanıram ki, xalqımıza qələbə sevincini daddıracağımız gün uzaqda deyil."
Zabit R.Ağayev nəzarətimiz altında olan ərazi, düşmən qüvvələrinin yerləşdiyi yerlər haqqında məlumat verir. Əsgərlərimizin məişət şəraiti ilə tanış olmaq üçün yataqxanaya daxil oluruq. Burada Vətən müdafiəçiləri ilə söhbət etmək imkanı qazanırıq. Əsgər Nicat Heybətov bildirir ki, onlara tapşırılan şərəfli vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. "Hərbi xidmətə gəldiyim ilk gündən komandirlərimiz bizə silahlardan istifadə etməyi, hər an döyüşə hazır olmağı, üzərində doğulduğumuz torpaq uğrunda canından keçməyi öyrədirlər. Düşmənlə üzbəüz mövqelərdə xidmət etmək məsuliyyətli vəzifədir. Hər zaman ayıq-sayıq olmalıyıq. Hamımız yaxşı bilirik ki, bizlərə şərəfli bir iş tapşırılıb. Arxamızda güclü dövlətin durduğunu hiss edəndə daha mübariz olur, torpaqlarımızın işğaldan azad edilməsi üçün can atırıq. Hər bir Azərbaycan əsgərinin arzusu budur ki, torpaqlarımızın düşməndən azad edilməsi onun hərbi xidmət dövrünə təsadüf etsin. Mən də Böyük Qələbə uğrunda döyüşənlərin sıralarında olmaq istəyirəm. Böyüyüb boya-başa çatdığım yerlərə ərazi bütövlüyümüzü bərpa edən ordunun əsgəri olaraq qayıtmaq istəyirəm."
- Hərbi xidmət müddətində müxtəlif bölgələrimizdən olan əsgərlərlə tanış oldum. Onların bir çoxu ilə möhkəm dost olmuşam. Sevinirəm ki, Vətənimizin hər yerində  güvənə biləcəyim dostlarım var. Onlar doğulub böyüdüyü yerlərdən, oraların tarixi abidələrindən, erməni qəsbkarlarına qarşı döyüşən qəhrəmanlarımızdan və şəhidlərimizdən danışırlar. Xidmətimi başa vurduqdan sonra əsgər dostlarımla daim əlaqə saxlayacaq, onların şad günlərində yanlarında olacağam. Atam həmişə deyərdi ki, hərbi xidmətdə yaranan dostluq əbədidir. Harada olmağından asılı olmayaraq, hər zaman köməyinə gələr. Çünki düşmənə qarşı döyüşəndə kürəyini yalnız ona söykəyirsən. Asudə vaxtlarımızın da həm səmərəli, həm də maraqlı keçməsi üçün çalışırıq. Əsgər yoldaşlarımızla məşğələlərdə öyrəndiklərimizi təkrarlayırıq. Hər hansı bir sual yarananda komandirlərimizdən soruşuruq. Çalışırıq ki, nə qədər vaxtımız var, öyrəndiklərimizi daha dərindən mənimsəyək. Döyüş əmri veriləndə yalnız irəli atılaraq, düşməni törətdikləri vəhşiliklərə görə peşman edək, - bu sözləri əsgər Rəfail Məmmədov deyir.
Əsgər Ramin Əzizov  xidməti borcunu yerinə yetirməsindən fəxrlə danışır. Deyir ki, əsgəri xidmətə gəlməmişdən qabaq dostları ona hərbi hissədə olan nizam-intizamdan, komandirlərin şəxsi heyətə qarşı diqqət və qayğısından, əsgərlər üçün yaradılan sosial-məişət şəraitindən danışıb. “Artıq xidmətimin çox hissəsini geridə qoymuşam. O günlərin necə keçdiyini hiss etmədim. Çünki xidmətim dövründə bölmədə yüksək nizam-intizam, əsgərə qayğı gördüm. Düşmənlə təmas xəttində xidmət etməyimdən şərəf duyuram. Mövqedə olan səngərlərin hər daşına, qayasına bələdəm. Xidmətimi başa vurduqdan sonra da hər zaman düşmənlə mübarizəyə hazıram. Bütün dünyaya məlumdur ki, ermənilər qorxaq, nizam-intizama tabe olmayan, tarix boyu onun-bunun kölgəsində sürünən millətdir. Biz işğal altındakı torpaqlarımızı azad etmək iqtidarındayıq. Bunu 2016-cı ilin aprelində və ötən ilin mayında bütün dünyaya sübut etdik. Qoy düşmən bilsin ki, Azərbaycan əsgəri Ali Baş Komandanın əmri ilə qısa müddətdə ərazi bütövlüyümüzü bərpa edəcək.”
Əsgərlər Ceyhun Qədirov, Mehdi Güləliyev və digərləri fiziki və döyüş hazırlıqlarının yüksək səviyyədə olmasından, asudə vaxtlarının maraqlı və səmərəli təşkil edilməsindən, bölmədə müxtəlif növ yarışların keçirilməsindən, vətənpərvərlik mövzusunda kinofilmlərin nümayiş etdirilməsindən danışırlar.
Onların sözlərindən aydın olur ki, Vətənin müdafiəsi kimi şərəfli vəzifənin onlara həvalə olunduğundan qürur duyurlar.  Ürəkləri Vətən sevgisi ilə döyünən əsgərlərimizlə biz həm də tarixi torpaqlarımıza qayıdacağıq - haqqı və tarixi ədaləti bərpa etmək üçün. Bu ədaləti isə dədə-babalarımızın bizə əmanət qoyduğu torpaqlara sahib çıxaraq qüdrətli Azərbaycan Ordusu bərpa edəcək.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR