Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Aprel 2019 09:52

Xatirə turniri keçirildi

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş qumbaraatma üzrə lisey birinciliyi keçirildi.
C.Naxçıvanski adına Hərbi Liseyin fiziki hazırlıq, fənn bölmə rəisi mayor Rəşad Kazımov iştirakçıları salamladı, qəhrəmanın həyat və döyüş yolundan qısaca söz açdı:       
- Hörmətli mərasim iştirakçıları! Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir qayda olaraq məktəbimizdə həmişə hörmətlə anılır. Bu gün Hərbi liseydə Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş qumbaraatma turniri keçirilir. Əfqan Hüseynov bizim çalışdığımız Hərbi liseyin məzunu olub. Biz həmişə onunla fəxr edib öyünürük. O, 24 fevral 1963-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1980-ci ildə C.Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. Təhsilini bitirəndən sonra Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuşdur. 1984-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə ona leytenant hərbi rütbəsi verilmişdir. 1985-1987-ci illərdə Əfqanıstan müharibəsində iştirak edib. Göstərdiyi qəhrəmanlığa görə "Qızıl ulduz" ordeni ilə təltif edilib. 1988-ci ildə C.Naxçıvanski adına hərbi təmayüllü məktəbə bölük komandiri təyin edilib. 1992-ci ilin əvvəllərindən Əfqan Hüseynov Milli Qvardiyanın sıralarında xidmətə başlayıb. Erməni işğalçıları torpaqlarımıza hücum edəndə başqa vətənpərvər zabitlərimiz kimi o da ağır döyüşlər gedən Qubadlı, Laçın bölgəsinə yollanıb. Şərəfli ömür və döyüş yolu keçən mayor Əfqan Hüseynov 1 noyabr 1992-ci ildə üzərinə düşən tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ümummilli lider Heydər Əliyevin 15 fevral 1995-ci il tarixli fərmanı ilə döyüşlərdə göstərdiyi igidliyə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Zabit Rəşad Kazımov daha sonra yarışın əhəmiyyətindən də danışaraq bildirdi ki, belə turnirlərin keçirilməsi kursantların həm fiziki hazırlıqlarına, həm də hərbi vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir. “Əsas məqsədimiz ordumuz üçün bilikli zabitlər hazırlamaq, ölkəmiz üçün layiqli vətəndaşlar tərbiyə etməkdir. Kursantların Hərbi Liseydə həm təhsil almaları, həm də bir vətəndaş kimi formalaşmaları üçün hərtərəfli şərait yaradılıb. Biz mövcud olan bu şəraitdən lazımınca bəhrələnərək məqsədimizə nail oluruq. Turnir iştirakçılarına qarşıdakı gərgin mübarizədə uğurlar arzulayıram. Birincilik uğrunda 6 komanda mübarizə aparacaq və hansı güclüdürsə, o da qalib gələcək.”

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey