Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Aprel 2019 09:51

“Qəhrəmanlıq hər bir gəncə örnəkdir”

Lənkəran şəhər Rasim Məmmədov adına 5 saylı tam orta məktəbində "Aprel döyüşləri tarixi qələbəmizdir" adlı tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Çıxış üçün söz alan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr əvəzi Saleh Dostiyev 2016-cı il aprelin əvvəlində düşmən təxribatına qarşı ordumuzun keçirdiyi uğurlu əks-həmlə əməliyyatlarından - strateji əhəmiyyətli Lələtəpə və Bayraqtəpə yüksəkliyinin geri alınmasından danışdı. Qeyd etdi ki, Vətən, torpaq uğrunda qəhrəmanlıqla döyüşən, cəbhədə hünər göstərən şəhid döyüşçülərimizi tanımaq və onları unutmamaq üçün vətənpərvərlik mövzusunda belə tədbirlərin mütəmadi olaraq keçirilməsi vacibdir.
Sonra müharibə veteranları Təzəxan Əskərov, Məsim Xəlilov, Fikrət Bəşirov, ehtiyatda olan mayor, məktəbin hərbi müəllimi Bəxtiyar Qasımov Aprel döyüşlərinin əhəmiyyətindən danışaraq, qüdrətli ordumuzun sayəsində Ermənistan silahlı birləşmələrinin darmadağın edilməsini, çoxlu sayda canlı qüvvəsinin, hərbi texnikasının  məhv edilməsini qürurla xatırladılar.
Məktəbin direktor əvəzi Bəsirə Əzimova Aprel döyüşlərində şəhid olan Vətən oğullarının, bütün Qarabağ şəhidlərinin xatirələrinin hər zaman məktəblərində əziz tutulduğunu, onların anım günlərinin təşkil edildiyini dedi. "Şəhidlər ölmürlər, onlar xalqımızın ən layiqli övladları kimi daim yaddaşlarda qalırlar. Onların göstərdikləri qəhrəmanlıq nümunələri hər bir gəncə örnəkdir".
Məktəb direktoru müharibə veteranlarına və tədbirin təşkil olunmasında zəhməti keçən hər bir müəllim və şagirdə öz dərin minnətdarlığını bildirdi.
Sonda tədbir iştirakçılarına şagirdlərin ifasında ədəbi-bədii kompozisiya, vətənpərvərlik ruhunda şeir və mahnılar təqdim olundu. Tədbir Aprel döyüşlərində şəhid olmuş hərbçilərimizin xatirəsinə həsr edilən fotostendlər, sərgilər, videoçarxların nümayişi ilə davam etdi. 

Həmidə İSMAYILOVA,
Lənkəran şəhər 5 saylı tam orta məktəbinin müəllimi