Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Aprel 2019 09:50

Təki Vətən yaşasın

Ümummilli lider Heydər ƏLİYEV: Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır.                                 

Şəhidlik Vətən sevgisindən doğur...
Şəhidlər ölmür...
Şəhidlərin igidliyi, qəhrəmanlığı zaman keçdikcə əfsanələşir, zaman-zaman yaşadılır, anılır... 
Şəhidlərin canı, qanı hesabına qazandıqları azadlıq və müstəqillik heç vaxt unudulmur, heç vaxt yaddan çıxmır.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin və Binəqədi rayon Biləcəri qəsəbəsi 298 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə şəhid İlqar Məmmədovun anım günü keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, müəllimi, sinif yoldaşları və məktəbin şagirdləri iştirak edirdilər.
Məktəbin foyesində şəhidin foto-stendlərindən və şəxsi əşyalarından ibarət sərgi təşkil olundu.
Öncə şəhidin büstü önünə gül dəstələri və əklil qoyuldu.
Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Məktəbin direktoru Şaiqə Hüseynova qeyd etdi ki, bu gün məktəbimizin adını fəxrlə daşıdığı şəhid məzunu İlqar Məmmədovun 45 illiyinə həsr olunan anım mərasiminə toplaşmışıq. "İlqar biz müəllimlərin yaddaşında əsl insani keyfiyyətlərə xas bir şagird kimi yaşayır və yaşayacaq. O, 1974-cü il aprelin 8-də anadan olub. 1980-ci ildə birinci sinfə qəbul olunduğu məktəbi gümüş medalla bitirib. Oxuduğu müddətdə özünü çalışqan, məsuliyyətli, təşəbbüskar və vətənpərvər bir şagird kimi tanıdıb. Bir sıra idman yarışlarında uğurlar qazanıb. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində oxuyarkən könüllü olaraq cəbhəyə yollanıb. Döyüş meydanında İlqar həm həkim, həm rabitəçi, həm də döyüşçü olub. Hər bir sahədə birinci olmağa çalışan  İlqarın səsi ən qızğın döyüşlərdən gəlirdi. Sonuncu döyüşü 1992-ci il avqustun 15-də "Şişqaya" əməliyyatı olub... Güllə İlqarın düz sinəsindən dəyib... İlqar kimi igid oğullarımızın həyatı gənclərimizə örnəkdir. İlqar Vətəninin, millətinin gələcəyini canından belə əziz bilənlərin sırasındaydı. Bu gün Vətənimizin adı belə qəhrəman oğullarının sayəsində dünyanın inkişaf etmiş ölkələri sırasındadır".
Polkovnik-leytenant Rüfət Mehrəliyev çıxışına ümummilli liderimiz Heydər Əliyev "Hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir!.." sözləri ilə başlayaraq bildirdi ki, vətənpərvərlik tərbiyəsi hər bir zaman üçün vacib amildir. "Bu baxımdan da şəhid məzunların adlarının məktəblərə verilməsi çox təqdirəlayiq haldır. Bu hal, belə tədbirlər gənclərimizin vətənpərvərlik tərbiyəsində böyük önəm daşıyır. Hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir. İlqar kimi, Mübariz kimi, Murad kimi,  Samid kimi...".
1992-1993-cü illərə nəzər salan zabit vurğuladı ki, bu gün bizim ordumuz dünyanın inkişaf etmiş orduları sırasındadır. Ordumuz hər an Ali Baş Komandan İlham Əliyevin "Döyüş" əmrinə hazırdır.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin əməkdaşı,  dövlət qulluqçusu Zümrüd Səmədova qeyd etdi ki, Vətənə məhəbbət körpəlikdən, beşikdə ana laylalarından, nağıllardan başlayır. “Tədbir öncəsi Şərifə ana ilə söhbətləşərkən onda vətənpərvərlik hisslərinin çox yüksək olmasını hiss etdim. İlqar kimi qəhrəman oğulu da məhz belə vətənsevər bir ana tərbiyə edə bilərdi... Şəhid ailələri daim Ali Baş Komandanın, Müdafiə Nazirliyi rəhbərliyinin diqqətindədir. Belə bir gündə sizinlə birlikdə olmaqdan könül xoşluğu yaşayırıq. Şəhidlər ölməyib, onlar hamımızın ürəyində yaşayırlar. Tam əminliklə deyirəm, onların nigaran ruhları tezliklə işğaldan azad olunacaq əzəli torpaqlarımızda rahatlıq tapacaq. Bu gün bizim güclü ordumuz var. Tezliklə üçrəngli bayrağımız işğaldan azad olunacaq torpaqlarımızda dalğalanacaq. O gün uzaqda deyil". 
Zümrüd xanım bildirdi ki, Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə diqqət və qayğının əsasını ulu öndər Heydər Əliyev qoyub. “Bu gün həmin siyasət yeni mərhələsindədir. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Hər bir əlilin, şəhid ailəsinin qayğısını dövlət öz üzərinə götürür və qısa müddətdə həll edir.”
Tədbirdə Binəqədi rayon Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri İlham Qayıbzadə, məktəbin tədris işləri üzrə direktor müavini Xatirə Rəhimbəyli çıxış edərək İlqarın qısa, amma şərəfli ömür yoluna nəzər saldılar. Hər bir şəhidimizin bizim üçün əziz olduğunu bildirdilər. 
Tədbirin bədii hissəsində şagirdlərin, Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin birgə hazırladıqları səhnəcik və musiqili kompozisiya təqdim olundu.
     
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"