Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Aprel 2019 09:48

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan xanlıqları. Rus imperiyasının Qafqaz istilası. Gülüstan və Türkmənçay  müqavilələri.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirmək tövsiyə olunur.

Suallar:
1. Azərbaycan xanlıqları.
2. Rus imperiyasının Qafqaz istilası. Gülüstan və Türkmənçay müqavilələri.


Azərbaycan xanlıqları



Azərbaycan xanlıqları - XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası, Ermənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla, digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20-30-cu illərində mərhələ-mərhələ Qacar İran dövlətinin və Rusiya imperiyasının nəzarəti altına keçmişdir.
XVII yüzillikdə tədricən dövlət müstəqilliyini itirmiş olan Azərbaycanda istiqlal hərəkatı başlandı. Mərkəzi hökumət çıxışları hər dəfə amansızlıqla yatırır, sərt hərbi və inzibati-siyasi tədbirlər həyata keçirirdi. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətçiliyinin bərpası ideyasını məhv etmək mümkün olmadı.  Azərbaycan ərazisində onlarca xanlıq yarandı.
Cənubi Azərbaycan xanlıqları
Güney Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar qoymuşdu.
Təbriz və Xoy xanlıqları Dunbuli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747-1752) dururdu. Marağa xanlığı hələ Nadirin sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevən idarə edib. O, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.
Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747-1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747-1786) yaratmışdır.
Güney Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışdır. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.
Şimali Azərbaycan xanlıqları
Azərbaycanın cənub-şərqində Talış dağları, Xəzər dənizi və Muğan düzü arasında Talış xanlığı yerləşirdi. Xanlığın banisi Seyid Abbas idi. Onun ölümündən sonra Qara xan hakimiyyətdə olmuşdu (1747-1786). Qara xan yerli hakim təbəqəni özünə tabe etməyə nail oldu, xanlığın mərkəzi Astaradan Lənkərana köçürüldü.
Əski Qarabağ bəylərbəyliyi ərazisində iki xanlıq - Qarabağ və Gəncə xanlıqları yarandı. Qarabağda cavanşir, iyirmi dörd, otuz iki, kəbirli, baharlı və başqa türk boyları yaşayırdı. Bu vilayətin idarəsi XVI yüzilin birinci yarısından qızılbaş Qacar tayfasının Ziyəddin oymağından olan Ziyad oğlu nəslinin əlində idi. Nadirin "şah seçkisindən" sonrakı cəza tədbirləri nəticəsində Ziyadoğullarının hakimiyyəti zəiflədi, Xəmsə məlikləri isə güclənməyə başladılar. Qarabağ torpaqları üçün belə bir ağır çağda Pənahəli bəy Cavanşir burada hakimiyyətini bərqərar edərək müstəqil Qarabağ xanlığının yaradılmasına nail oldu.
O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdu. Mirzə Camal yazır: "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən, ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərindəki İran-Türkiyə savaşı nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı". Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, əhalini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy "şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutarkən onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin mümkün olmadı. Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənahəli xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər, şahın əmri ilə Pənahəli xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də, fayda vermədi".
Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy şah qulluğundan boyun qaçırıb müxalifətə keçmişdi. Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil dövlətin bütün göstəricilərini özündə birləşdirən Qarabağ xanlığı yarandı.
Gəncədən didərgin salınmış Ziyadoğullarının da geri qayıtması üçün yol açıldı. Gəncə xanlığının banisi II Şahverdi xan Ziyadoğlu oldu. O, 1747-ci ildə Gəncəyə gələrək burada hakimiyyətini qurdu. O, Gəncədəki İran qarnizonunu darmadağın etməkdə ona köməklik göstərmiş II İrakliyə 10 min tümən qızıl pul verəcəyini bildirmişdi. Ancaq sözünü yerinə yetirə bilmədi. Onun oğulları Məhəmməd Həsən xan (1760-1778) və sonra onun yerinə keçmiş Məhəmməd xan bu borcu ödəməkdən boyun qaçırmışdır.
Naxçıvan və İrəvan xanlıqları da siyasi həyatda müəyyən yer tuturdu.
Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdu. Nadir şah Naxçıvanın idarə olunmasına xüsusi diqqət yetirirdi.  Şahın   ölümündən sonra onun məmurları qovuldu və Naxçıvan müstəqil xanlıq elan edildi.
İrəvan xanlığı XVIII əsrin ortalarında yaranmış feodal dövləti idi. Xanlığın əsasını Mir Mehdi xan qoymuşdu. Bu xanlıq Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqlarda yerləşirdi. 1828-ci il martın 21-də Naxçıvan və İrəvan xanlıqları ləğv edildi.
Beləliklə, XVIII yüzilliyin 40-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişiklik baş verdi. İyirmiyədək müxtəlif xanlıq və onlardan asılı olan xırda inzibati-siyasi qurumlar yarandı. Bununla olduqca mürəkkəb, ziddiyyətli və faciəli bir dönüş başlandı. Bu dönüş 1828-ci ilədək sürdü.
Şimal Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı
1805-ci ildə Qacar İran hakimiyyəti ilə bağlanmış sülh müqaviləsinə əsasən, paytaxtı Şuşa olmaqla Qarabağ, eləcə də Şəki və Şirvan xanlıqları Rusiyaya birləşdirildi. 1806-1813-cü illərdə Rusiya imperiyasının hərbi təcavüzü nəticəsində Bakı xanlığı, Quba xanlığı, Gəncə xanlığı, Talış xanlığı, Dərbənd xanlığı Rusiya imperiyasına daxil oldu. Nəhayət,  Rusiya Naxçıvan və İrəvan xanlıqlarını da işğal etdi.
İşğal olunmuş xanlıqların ərazisində özünün hakimiyyətini bərkitməyə çalışan Rusiya imperiyası, ərazilərə İrandan və Türkiyədən köçən xristian erməniləri yerləşdirməyə başlamışdır. Bu siyasətin nəticəsində təkcə 1828-ci ildən 1830-cu ilədək təxminən 130 min erməni köçkünü (bunlardan 50 mini Qarabağ xanlığının ərazisində) Azərbaycan xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır.

 

Rus imperiyasının Qafqaz istilası. Gülüstan və Türkmənçay müqavilələri



Tarixin bütün dövrlərində xalqımız müxtəlif siyasi-hərbi münaqişələrə cəlb olunmuş, nəticədə zaman-zaman əraziləri işğal olunmuş, insanları qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqın minilliklər boyu formalaşmış mənəvi-dini-milli dəyərlərinə ziyan dəymiş, torpaqlarının bir hissəsi əldən getmiş, Cənubi Qafqaz Rusiyaya birləşdirildikdən sonra bu proses güclənmişdir.
Hər dəfə xalqımızın faciələri, ərazilərinin işğalı səbəbləri ilə bağlı materialları, əski sənədləri araşdırarkən belə bir qənaət yaranır ki, tariximizin bütün qanlı səhifələri Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib çıxarmış Gülüstan və Türkmənçay müqavilələrindən başlayır. Çar Rusiyasının Azərbaycana qarşı ekspansionist siyasəti rəsmən 1804-1813-cü illər Rus-İran müharibəsi ilə başlayır. 1805-ci ildə Azərbaycanın Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalanır. Müqaviləyə görə, bu xanlıqlar Rusiya tərəfindən ilhaq edilir və müstəqil xarici siyasət yürütməkdən məhrum olur. 1805-ci ilin axırlarına doğru Bakı və Şirvan xanlıqları da işğal edilir. Talış xanlığının işğalı ilə Rusiyanın Şimali Azərbaycanı tamamilə özünə ilhaq etməsi prosesi başa çatır. Bu mərhələ başa çatdıqdan sonra İranın Rusiya ilə müqavilə bağlaması reallaşır və sülh danışıqları başlayır. 1813-cü il oktyabrın 16-da Gülüstan kəndində, rus ordugahında məşhur Gülüstan müqaviləsi imzalanır. Bu müqavilə Çar Rusiyasının Azərbaycanı işğal etdiyini rəsmən təsdiqləyir. Müqaviləyə əsasən, Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba və Talış xanlıqlarının əraziləri, Şərqi Gürcüstan və Dağıstan da Rusiyaya birləşdirilir. Xəzər dənizində donanma saxlamaq hüququ yalnız Rusiyaya verilir. Bu o vaxt idi ki, rus çarı I Aleksandr Napoleon Bonaparta qarşı Leypsiqdə müharibə cəbhəsində idi. Ancaq İranla sülh müqaviləsi ona Fransadan daha vacib idi. Bu hadisə tariximizdə çox faciəvi rol oynamışdır.
1826-cı ildə Qacarın qoşunlarının Rusiyanın nəzarətində olan Azərbaycan torpaqlarına daxil olması ilə Rusiya-İran müharibəsi yenidən başlayır. Döyüşlərdə Qacarın qoşunları ağır məğlubiyyətə düçar olur. 1826-cı ilin axırlarında Şəki və Lənkəran xanlıqları da ləğv olunur, 1827-ci ildə Rusiya Azərbaycanın ərazilərini işğal edə-edə Təbrizə girir və şəhər rusların əlinə keçir. 1828-ci ilin yanvar-fevral aylarında ruslar Urmiya və Ərdəbilə girirlər.
Rusiya Dərbəndi özünə birləşdirdi, Borçalını Gürcüstana, İrəvanı, Zəngəzuru, Göyçəni və Dərələyəzi ermənilərə verdi. Nəticədə, Azərbaycan torpaqları hesabına sonralar Ermənistan dövləti yaradıldı.
1828-ci il fevralın 10-da İngiltərənin səfiri Mak Donaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bununla da Azərbaycanın işğalı başa çatdı. Müqavilənin 15-ci maddəsinə əsasən, erməni əhalisinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Müqavilənin bağlanması münasibətilə dərhal rus toplarından 101 yaylım atəşi açıldı. Ertəsi gün "xoş xəbər"i Aleksandr Qriboyedov Rusiyaya çatdırdıqdan sonra Petropavlovsk qalasında da top atəşləri açıldı, rus xalqı bu münasibətlə təbrik edildi. Bu, o Qriboyedovdur ki, 1818-ci ildə rus missiyasının katibi kimi İrana göndərilir və burada iki il işləyir. 1821-ci ildə İrana qayıtdıqdan sonra general A.Yermolovun komandanlıq etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilir. 1826-cı ildə çar hakimiyyəti tərəfindən dekabristlərin işi üzrə həbs edilir. O, bütün məxfi sənədləri öncədən məhv etdiyindən günahı sübuta yetirilmir. Bu səbəbdən də azadlığa buraxılır və yenidən Qafqaza qayıdaraq burada diplomatik işdə çalışır. 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi kimi çıxış edir. Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edir. Bundan sonra isə o, Rusiyanın İranda səfiri təyin edilir.
Rus-İran müharibəsində həlledici sonluq olan Türkmənçay müqaviləsi Azərbaycanı param-parça etdi. Müqaviləyə əsasən, Araz çayı sərhəd olmaqla, Azərbaycanın ərazisi şimal və cənub hissələrinə bölündü. Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Talış xanlığı, Şərqi Gürcüstan və Dağıstan Rusiyaya təslim edildi.
Gülüstan müqaviləsindən fərqli olaraq, Türkmənçay müqaviləsinin ağır şərtləri daha tez reallaşdı. Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının torpaqları "erməni vilayətləri" elan edildi. Halbuki qədim İrəvan torpaqları lap qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər. Lakin ermənilərin xəyanəti üzündən İran həmin müharibədə məğlub olmuşdu.
Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünki Türkmənçay müqaviləsindən əvvəl ermənilər vətənsiz olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, "ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi".
O vaxtdan bəri Azərbaycan tarixinin hər səhifəsində terrorçu erməni izi var. Erməni terrorçuları havadarlarına arxalanaraq bütün dövrlərdə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qan tökmüş, torpaqlarımızı zəbt etmişlər. Adı "sülh müqaviləsi" olsa da, Türkmənçay müqaviləsinin bağlandığı yerdən hələ də Azərbaycanın qanı axır.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi