Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2019 10:13

Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır

"N" hərbi hissəsində Aprel döyüşlərinin üçüncü ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin əməkdaşları, Aprel şəhidlərinin ailə üzvləri və hərbi hissənin şəxsi heyəti iştirak edirdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbirdə çıxış edən polkovnik-leytenant Ramin Əliyev Aprel döyüşləri haqqında geniş məlumat verərək bildirdi ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi. "Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan güclü Azərbaycan Ordusu üç il öncə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Aprel döyüşlərində hektarlarla ərazini işğaldan azad etdi. Ötən ilin mayında uğurlu Günnüt əməliyyatını həyata keçirdi.   Azərbaycan Ordusu işğal altındakı ərazilərdə, özü də strateji yüksəkliklərdə mövqe tutmuş, orada illərdir möhkəmləndirmə işləri aparmış düşməni darmadağın etməyi bacardı. Ordumuzun bu qələbəsi sübut etdi ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etmək iqtidarındadır, biz heç bir zaman torpaqlarımızın işğalı ilə barışmayacağıq".
Ehtiyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyinin nümayəndəsi, ehtiyatda olan polkovnik Xətai Baxışov Aprel döyüşlərində qazanılan qələbənin bütün Azərbaycan xalqının qələbəsi olduğunu, bu şanlı zəfərin xalqımızın tarixində əhəmiyyətli rola malik olmasını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Bildirdi ki, Azərbaycan Ordusunun qələbəsi insanlarımız arasında ruh yüksəkliyini, gənclərimizdə Vətən, torpaq sevgisini daha da artırdı.
Əsgər Röyal Abbasov Aprel döyüşlərinin xalq-ordu, ordu-xalq birliyini özündə təcəssüm etdirdiyini bildirdi. "Həyata keçirilən əks-həmlə əməliyyatı zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşmən tapdağından tam azad edildi".
Aprel döyüşlərində şəhid  olan əsgər Əlizaman İslamovun anası Hürnisə xanım, baş gizir Fizuli Salahovun anası Sevda xanım, əsgər Anar Əsgərlinin anası Fərqanə xanım, əsgər Rəşid Baxşaliyevin anası Çimnaz Baxşaliyeva, həmin döyüşlərdə qəhrəmancasına vuruşan, Qarabağ qazisi Qoşqar Hacıyevin qardaşı İlqar Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, şəhid ailələrinə və qazilərə hər zaman yüksək diqqət və qayğı var.
Çıxışlardan sonra tədbir iştirakçıları ikinci Fəxri xiyabanda Aprel döyüşçülərinin məzarlarını ziyarət etdilər,  məzarları önünə əklil qoydular.
Bu qayğı Vətənini sevən hər kəsin qayğısıdır. Hər bir vətəndaş üçün şəhidlərə, şəhidliyə müqəddəs borc ödəmə var və bu borc oduqca ehtiramla, sayğılarla yerinə yetirilir. Bu borc, müəyyən mənada Vətən borcu səviyyəsində yerinə yetirilir.
Şəhidlərin bu səviyyədə yad edilməsi olduqca gərəkli vətənpərvərlikdir. Belə xatırlamalar istər yeniyetmələrin, istərsə də gənclərin vətənpərvərlik duyğularının formalaşmasında olduqca əhəmiyyətlidir.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"


* * *


Hərbi Dəniz Qüvvələrində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş "Aprel döyüşləri - böyük zəfərin başlanğıcı" adlı tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin əməkdaşları, hərbi hissənin şəxsi heyəti, Aprel döyüşlərinin iştirakçıları və şəhidlərin ailə üzvləri iştirak edirdilər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbir iştirakçılarının nəzərinə çatdırıldı ki, 2016-cı ilin aprelin əvvəllərində düşmənlə təmas xəttində yerləşən mövqelərimiz və yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda, ordumuz əks-hücum əməliyyatı ilə təxribatların qarşısını aldı. Bu hadisə Aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Lələtəpə və bizim üçün böyük strateji əhəmiyyət kəsb edən digər yüksəkliklər işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən quruldu. Ata-baba yurdlarından didərgin düşən həmvətənlərimiz doğma el-obasına geri döndülər. Bu döyüşlər ordumuzun gücünü, qələbə əzmini, ədalətin tezliklə bərpa ediləcəyini də göstərdi. İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizədə xalqımız da hər an ordusunun yanında olduğunu bütün dünyaya nümayiş etdirdi. O da qeyd olundu ki, bu döyüşlərin gənclərdə həmrəylik, vətənpərvərlik tərbiyəsinin və milli ruhun gücləndirilməsində böyük rolu vardır.
Birinci dərəcəli kapitan Zaur Hümmətov çıxış edərək bildirdi ki, Aprel döyüşlərində ordumuzun qazandığı qələbə ölkəmizin bütün vətəndaşlarında böyük ruh yüksəkliyinə səbəb oldu. O, həmin döyüşlərdə şəhid miçman Rusif Ağayev və başından yaralanan Yaşar Ağayev kimi oğullarımızın fədakarlıq, rəşadət göstərdiklərini vurğuladı. Şəhidlik zirvəsinə ucalanların daim xalqımızın qəlbində yaşayacağını diqqətə çatdırdı. Zabit ordumuzun təkmilləşdirilməsində və maddi-texniki bazasının möhkəmləndirilməsində, milli hərbi kadrların hazırlanmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidməti olduğunu və Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan Ordusunun bölgənin ən güclü ordusuna çevrildiyini qeyd etdi.
Çıxış edən birinci dərəcəli kapitan Natiq Bağırov Aprel döyüşlərini xalqımızın qəhrəmanlıq salnaməsi, illərin həsrət sonu olduğunu bildirdi: “Döyüşlərdə hərbçilərimizin göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Qısa vaxt ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələn ordumuz böyük gücə malik olduğunu sübuta yetirdi. Vətən övladı olaraq hamımız hər an onun müdafiəsinə qalxmağa hazırıq. Hər birimiz Aprel döyüşlərinin qəhrəmanlarını daha geniş miqyasda təbliğ etmək, onların döyüş yolu və həyatı haqqında cəmiyyəti maarifləndirməliyik.”
Daha sonra Aprel döyüşlərinin iştirakçıları döyüş xatirələrindən danışaraq vurğuladılar ki, döyüşlərin başladığı ilk gündən xalqımız ordumuzun yanında oldu.
Çıxışlarda vurğulandı ki, Aprel zəfəri Böyük Qələbənin başlanğıcıdır. O da qeyd edildi ki, bundan sonra onlar bütün fəaliyyətlərini qısa müddət ərzində böyük itki vermədən tarixi torpaqlarımızın azad edilməsinə həsr edəcəklər.
Çıxışlardan sonra şəhid Rusif Ağayevin uşaqları Əli və Zəhranın ifasında Vətənə, vətənpərvərliyə, şəhidlərimizə həsr olunan şeirlər səsləndi. Tədbirin sonunda Aprel döyüşləri ilə bağlı videoçarx nümayiş etdirildi.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"