Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2019 10:11

“Düşmən qaçmaqdan başqa çıxış yolu tapmadı”

Tarixləşən və tarix yazan Aprel döyüşləri... 2016-cı ilin Aprel döyüşlərindən, Azərbaycan Ordusunun tarixi zəfərindən üç il keçir. Üç il öncə işğalçı Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun bölmələri səmərəli hərbi əməliyyat keçirdi. Qəhrəman hərbçilərimizin fədakarlığı nəticəsində Azərbaycan strateji əhəmiyyətli bir əraziyə hərbi nəzarəti bərpa etdi. Döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmiş oğullarımızın tanıdılması, kütləvi informasiya vasitələrinin də üzərinə böyük vəzifələr qoyur. Bu mənada Aprel döyüşlərinin iştirakçısı olmuş bir neçə hərbi qulluqçunun fikirlərini oxucularımıza təqdim etdik.
Mayor Mirdamət Bağıyev:
- Azərbaycan tarixində müharibələr çox olub. Bu döyüşlər hərb tariximizdir. Döyüş meydanlarında ata-babalarımızın, əcdadlarımızın qəhrəmanlıq ənənələrini bu gün biz davam etdiririk. Mənfur qonşularımızın elan etmədən başladıgı müharibədə xalqımızın minlərlə oğul və qızı canından, qanından keçib. "Şəhid olaram, bir qarış torpağımdan keçmərəm" deyən oğullar xalqımızın yeni şanlı tarixini Aprel zəfəriylə yazdılar. Ordumuz erməni mifini bir an içində darmadağın etdi. Səngəri qoyub, silahı atıb qaçan erməni əsgəri, erməni zabiti Azərbaycan Ordusunun gücünü bir daha gördü. Biz döyüşçülər arxa cəbhə ilə ön cəbhənin eyni vaxtda nəfəs ala bilməsindən  güc aldıq. Həmin günü belə xatırlayıram: 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə saat 3 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə boyu iriçaplı silahlardan istifadə edərək təmas xəttini keçməyə cəhd göstərirdilər. Bu təxribatın qarşısını almaq məqsədilə düşmənin üzərinə yeridik. Xeyli sayda şəxsi heyətini, təkərli, zirehli texnikalarını darmadağın etdik. Ermənilər bizim gücümüzü görüb silahlarını atıb qaçırdılar. Döyüş ruhumuz çox yüksək idi. Düşmən tapdağı altında olan torpaqlarımızın azadlığı uğrunda Ali Baş Komandanın "İrəli" əmrinə bundan sonra da hər an hazıram.
Gizir Oktay İsmayılov:
- Aprelin 1-dən 2-nə keçən gecə hərbi hissəmizin qərargahına məlumat daxil oldu ki, bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Biz də “Həyəcan” siqnalı ilə toplanaraq, düşmən hücumunun qarşısını almağa cəlb olunduq, yuxarı komandanlığın tapşırığı ilə əks-hücuma keçdik. Ağır döyüşlər başlandı. Yaralanan da oldu, şəhid olan da.  Düşmənin nəzarətdə saxladığı yüksəklikləri azad edərək, onlara çoxlu sayda itki verdik. Həmin döyüşlərdə yüksək rütbəli zabitlərimizin bizimlə çiyin-çiyinə döyüş meydanına girməsi hər kəsdə ruh yüksəkliyi yaradırdı. Qızğın döyüşlər zamanı bir neçə ermənini məhv etdim. Düşməndən intiqam alırdıq. Hər an daha da irəliləyirdik. Qısa vaxtda Talış yüksəkliyini geri qaytardıq. Danışdıqca həyəcanlanıram. Azərbaycan Ordusunun gücünü, qüdrətini, döyüş ruhunu görən düşmən artıq başını itirmişdi. Nə edəcəklərini bilmirdilər. Ordumuzun gücü qarşısında tab gətirə bilməyəcəyini anlayan düşmən qaçırdı. Tarixi torpaqlarımızdan qaçan düşmənlərimizi gördükdə hər kəs qürur hissi keçirirdi, fəxr edirdi. Onlara gələn köməyi də artilleriya qüvvələrimiz tamamilə məhv etmişdi. Mənfur düşmən belə bir "mif" formalaşdırmışdı ki, guya onlar elə bir sədd qurublar ki, bunu keçmək mümkün deyil. Ancaq Aprel döyüşləri sübut etdi ki, bu gün Azərbaycan Ordusunun qarşısını heç bir sədd ala bilməz. Azərbaycan Ordusu 2016-cı ilin aprelində düşmənə öz gücünü göstərdi və "Ohanyan səddini" darmadağın etdi. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini və xalq ilə ordu arasında birliyi nümayiş etdirdi. Ermənistan silahlı qüvvələri müharibə başlayacağı təqdirdə güclü bir ordu ilə qarşılaşacağını dərk etdi. Onu da dərk etdi ki, vətənpərvərlik işğalı sona çatdıracaq, Azərbaycan əsgəri qələbə qazanacaq.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Teymur Əliyev:
- Aprelin əvvəllərində Ermənistan silahlı qüvvələri bizim mövqelərimizi və dinc əhalini intensiv atəşə tutmağa başlamışdı. Bizə verilən tapşırığa əsasən onların qarşısını layiqincə alıb, əks-həmləyə keçdik. Səhər saat 5-6 radələrində artıq Lələtəpə yüksəkliyini düşməndən azad etmişdik. Bir neçə saat ərzində bu qədər irəliləməyimizi görən düşmən özünü itirmişdi. Düşmən qaçırdı. Onlar gördülər ki, bir neçə mövqe bizim nəzarətimizdədir və heç nə edə bilməzlər. Ermənilər silahlarını,  zirehli jiletlərini, çantalarını atıb qaçırdılar ki, yüngüllük olsun. Döyüşlər zamanı hər bir əsgər irəli atılmağa can atırdı. Gecə müşahidə zamanı gördük ki, onlar bir mövqedə cəmləşərək bizə zərbələr endirmək istəyirlər. Lakin artilleriyaçılarımızın peşəkarlığı nəticəsində onların dəstələri tamamilə məhv edildi. Lələtəpə yüksəkliyini azad etdikdən sonra Asim Əliyev üçrəngli bayrağımızı çantasından çıxararaq təpəyə sancdı. Lələtəpə yüksəkliyində dalğalanan bayrağımızı gördükdə sevincimizin həddi-hüdudu yox idi. Bəzilərimiz sevinclərindən göz yaşlarını saxlaya bilmədilər. O anı heç bir zaman unutmaram. Ali Baş Komandanımızın döyüş əmri ilə tez bir zamanda digər torpaqlarımızı da mənfur düşməndən azad edəcəyik. Hər birimiz o gün üçün xidmət edirik.
Bu qələbə böyük qələbədir. Bu qələbə təsdiqlədi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Mən fəxr edirəm ki, Aprel döyüşlərində iştirak etmişəm. Hərbi xidmətdə olan əsgərlərimizin hər biri Böyük Qələbənin əsgəri olmaq istəyir. İnanıram ki, bu qələbə uzaqda deyil.

"Azərbaycan Ordusu"