Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2019 10:09

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır”

Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq olaraq genişmiqyaslı təlimlər yüksək səviyyədə keçirildi. Müxtəlif qoşun növlərinin birgə fəaliyyətini əlaqələndirən bu təlimdə şəxsi heyətin yüksək döyüş qabiliyyəti bir daha öz təsdiqini tapdı. Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyə təqdim etdi. Onlar da digər hərbi qulluqçular kimi, Ali Baş Komandanın döyüş əmrinə - torpaqlarımızı işğaldan tamamilə azad etməyə hazırdırlar.
Baş leytenant Roman Vəliyev:
- Ermənistanın Azərbaycana qarşı müharibəyə başlamasının tarixi məndən böyükdür. Yəni, göz açalı, söz anlayalı müharibə görmüşəm, müharibə haqqında eşitmişəm. Nə ailəmizdə, nə də yaxın qohumlarımızda hərbçi olmayıb. Orta məktəbdə oxuyanda hansı duyğuların təsirindənsə müharibə ilə bağlı əsərləri oxumağa, filmlərə baxmağa daha çox marağım vardı.
Naxçıvanda Hərbi liseydə təhsil almaq istəyimi valideynlərimə bildirdim. Onlar mənimlə razılaşdılar. Bu, mənim inamımı daha da artırdı. Deməli, ata-anam mənə inanır, güvənir. Hərbçi olacaqdım. Uşaqlığımda eşitdiklərim mənim Vətən sevgimi daha da artırmışdı. Hərbi liseyi bitirdim. Ali hərbi təhsilimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aldım. Atam həmişə deyərdi ki, hansı sənəti seçirsən seç, ancaq onu mükəmməl mənimsə. Mən hərbçi peşəsini seçmişdim və yaxşı zabit olmaq üçün çox çalışırdım.
İllər keçdi. Ali hərbi məktəbi bitirdim. Arzuladığım kimi, hərbi xidmətə ön xətdə yerləşən hərbi hissələrdən birində başladım. Kursant Vəliyev deyil, leytenant Vəliyev çağırılacaqdım. Bu, mənim üçün qürur olacaqdı, sevgi, sevinc, fərəh olacaqdı. Taqım komandiri kimi tabeliyimdə xidmət edən əsgərlərin istər döyüş hazırlığının, istərsə də mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olmasına çalışırdım.
Asudə vaxtlarımızda əsgərlərlə Vətəndən, torpaqdan, müharibədən, şəhidlikdən, şəhidlərdən danışırdıq. Əsgərlərin düşüncələri ürəyimi dağa döndərirdi. Əmin olurdum ki, Ali Baş Komandan döyüş əmri verərsə, bu əzmkar əsgərlər mərdliklə döyüşəcək, döyüşləri qələbəylə tamamlayacaqlar...
2016-cı ilin Aprel döyüşlərində əsgərlərimiz də döyüşlərə getmək istədiklərini bildirdilər. “Biz hərbçiyik. Verilən əmri yerinə yetirməliyik. Əmr verilərsə, iştirak edəcəksiniz, döyüşəcəksiniz, qələbə  qazanacaqsınız", - demişdim. Əsgərlər qazanılan qələbəni böyük qürurla yaşadılar. Döyüşlərdən az sonra Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin yazdığı "Lələtəpə odası" mahnısı taqımın qeyri-rəsmi marşı oldu. O mahnı əsgərlərimizin ruhunu Böyük Qələbəyə kökləyirdi.
Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan paradlar da şəxsi heyətin mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsini təmin etdi. Bir daha əmin oldular ki, ordumuz güclüdür, qüdrətlidir, torpaqlarımızı işğaldan azad etməyə qadirdir...
Bu yaxınlarda keçirilən genişmiqyaslı təlimlər də Azərbaycan Ordusunun gücünün, qüdrətinin təsdiqi oldu. Bir daha təsdiqləndi ki, bu ordu nəinki Cənubi Qafqazda, dünya miqyasında ən güclü ordular sırasındadır.
Hərbi andın, nizamnamələrin tələblərinə uyğun xidmət edirik. Bu və ya digər təltif üçün deyil, məhz Vətən üçün xidmət edirik. Yaxşı xidmət müqabilində təltif hərbi qulluqçuların özünə inamını da artırır, məsuliyyətini də.
Budəfəki təlimlər başa çatdıqdan sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov mənə qiymətli qol saatı hədiyyə etdi. Hədiyyə hörmətin, sayğının təsdiqidir. Deməli, hərbi xidmətim Vətənə gərəklidir. Hədiyyə mənə bu duyğuları yaşatdı. Mən tabeliyimdə xidmət edən hərbi qulluqçulara da belə dedim: “Hərbi xidmət Vətən üçündür, elə xidmət edin ki, Vətənin adından hədiyyə alasınız.” Belə hədiyyələr insanın ömrünə yazılar. Ali Baş Komandanın döyüş əmrinə hər an hazırıq.
Bizim Vətənə ən böyük hədiyyəmiz Böyük Qələbə olacaq. Axı Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır.
Əsgər Amil Nadirov:
- Ailədə valideynlərimizdən, orta məktəbdə oxuyanda müəllimlərimizdən, yaşlı qohumlarımızdan, qonşularımızdan eşitdiklərimiz də düşüncələrimizə hopub: Vətən müqəddəsdi, torpaq müqəddəsdi, layiqli oğul Vətənini qoruyar, lazım gələrsə Vətən naminə şəhid də olar.
Hərbi xidmətdə zabitlərimizin söhbətləri bizi daha da mətinləşdirirdi. Hərbi biliklərə yiyələndik, həvalə edilən silahların istismar xüsusiyyətlərini mükəmməl mənimsədik. Bir sözlə, hərbi nizamnamələrin tələblərinə müvafiq xidmət edirik. 2016-cı ilin aprel döyüşlərində çoxumuz məktəbliydik. O döyüşlərdə qazanılan qələbələrə məktəbli kimi sevindik. İndi hərbi xidmətdəyik. Hər birimiz istəyirik ki, torpaqlarımızın azad olunması sevincini əsgər kimi yaşayaq. Ali Baş Komandanın döyüş əmrinə tam hazırıq.
Keçirilən genişmiqyaslı təlimlər mənim üçün ikiqat yaddaqalan olacaq. Təlimlərdən sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov mənə də qiymətli qol saatı hədiyyə etdi. Bu hədiyyənin qürurunu, sevincini illər boyu yaşayacam. Belə bir hədiyyə məni tanıyanların da sevincinə səbəb oldu. Mən də, əsgər yoldaşlarım da bir daha əmin olduq ki, yaxşı xidmət həmişə qiymətləndirilib. Mən bundan sonra da komandirlərimin etimadını  doğruldacağam.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"