Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2019 10:08

“Aprel döyüşləri müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir”

Ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olmaqla dövlət quruculuğunun tərkib hissələrindən biridir. Bu gün ulu öndər Heydər Əliyevin nizami ordu kimi formalaşdırdığı ordumuz müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır. Son illər Azərbaycanda ordu quruculuğunda həyata keçirilən ardıcıl tədbirlər, ordunun peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər təsdiqləyir ki, Azərbaycan Ordusu regionun ən güclü ordusu və xalqımızın güvənc yeridir.
Azərbaycanın hərbi potensialının gücləndirilməsinə diqqət yetirən ölkə rəhbərliyinin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan Ordusu nüfuzlu ölkələrin orduları səviyyəsindədir. Ölkəmiz bu uğura qısa bir vaxtda formalaşan güclü iqtisadiyyatı hesabına  nail olub. İqtisadi qüdrətin artmasının nəticəsidir ki, dövlətimiz ordunun hərtərəfli möhkəmləndirilməsinə, onun müasir döyüş texnikaları ilə təchiz edilməsinə, hərbi qulluqçuların sosial-məişət şəraitinin yüksək səviyyəyə çatdırılmasına diqqət və qayğı ilə yanaşır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Müdafiə Nazirliyi rəhbərliyinin ön xətdə hərbi hissələrdə olması, hərbi qulluqçuların xidmətini yüksək qiymətləndirməsi həmin qayğının tərkib hissəsidir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günlərdə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N" hərbi hissəsində oldu. Bu səfər də şəxsi heyətin böyük ruh yüksəkliyi ilə peşəkarlığının və döyüş hazırlığının artmasına xidmət etdi. Müasir hərbi şəhərciyin tikilib istifadəyə verilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, təbii ki, ruh yüksəkliyi ilə qarşılandı.
Ölkə Prezidentinin ordunun inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Ordusu müasir tələblər səviyyəsindədir. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N" hərbi hissəsində yaradılan şərait xidmətin nümunəvi təşkilinə imkan verəcək, əsgərlərin xidməti və istirahəti hərtərəfli təşkil olunacaq, qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcəkdir.
Hazırda Azərbaycan Ordusunun qarşısında dayanan başlıca vəzifə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir. Ordumuzun gündən-günə gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, aparılan məqsədyönlü islahatlar məhz bu vəzifənin uğurla yerinə yetirilməsinə yönəlib.
Bu gün qarşıda duran digər vəzifələrdən biri də Azərbaycan Ordusunun daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Ordusunun həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirir.
Hərbi hissədə çıxışı zamanı iki hərbi paradın Azərbaycanın hərbi qüdrətini nümayiş etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir".
Dövlət başçısı onu da vurğulayıb ki, Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. “Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir.”
Bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir və orduda şəxsi heyətin döyüş ruhu yüksəkdir. Azərbaycan Ordusunun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz ən müasir silahlarla təchiz olunub. Hərbi şəhərciklərin çox hissəsi yenidən tikilib və ya tam təmir edilib. Ordumuzun müasir səviyyədə qurulması, ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları ilə təchiz olunması da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu amil Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumuna da yüksək təsir göstərib və göstərməkdədir. Bu səfər nəinki ordu-xalq biliyinin, eyni zamanda, dövlət-ordu-xalq birliyinin təzahürüdür.
Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir,  ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlığa malikdir. Azərbaycan Ordusu yüksək peşəkarlığı ilə həm dövlətçiliyin, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinin ən güclü faktorlarından biridir.
Hazırda Azərbaycan Ordusu dövlət rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsindədir. Azərbaycan əsgəri Ali Baş Komandanımızın əmri ilə hər an torpaqlarımızı erməni işğalçılarından azad etməyə hazırdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan heç vaxt - nə bu gün, nə 10 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcəkdir. Azərbaycan öz tarixi torpağı olan, tarixən azərbaycanlıların yaşadığı Dağlıq Qarabağın müstəqilliyinə heç vaxt imkan verməyəcək. Azərbaycan Ordusuna  göstərilən diqqət və qayğı onu da deməyə əsas verir ki, qüdrətli ordumuz tezliklə torpaqlarımızı düşməndən azad edəcək!

"Azərbaycan Ordusu"