Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2019 10:01

Azərbaycan Ordusunda cüdo, yunan-Roma və sərbəst güləş üzrə birincilik keçirildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Azərbaycan Ordusunun 2019-cu tədris ilinin hazırlıq planına əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin bazasında cüdo, yunan-Roma və sərbəst güləş üzrə birincilik keçirildi. Yarışda hərbi birləşmələri, qoşun növü və qismlərini, xüsusi təyinatlı hərbi təhsil müəssisələrini təmsil edən idmançılar iştirak etdilər.
Yarışın açılış mərasimi ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin Fiziki Hazırlıq və İdman şöbəsinin rəisi polkovnik Sadiq Paşayev yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzuladı. Layiqli idmançının qalib gələcəyinə ümidvar olduğunu bildirdi. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən şəxsi heyətin fiziki hazırlığına daim diqqət yetirildiyini dedi. Vurğuladı ki, fiziki hazırlıq döyüş hazırlığının mühüm və ayrılmaz hissəsi olmaqla, eyni zamanda Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsini şərtləndirən amillərdən biridir. Şöbə rəisi qeyd etdi ki, hərbi qulluqçuların fiziki cəhətdən möhkəm və güclü olmaları onların döyüş ruhunu daha da artırır. "Belə yarışların keçirilməsi qabaqcıl təcrübə mübadiləsinin ən yaxşı vasitəsidir. Əsas məqsəd ordumuzda idmanın bu növlərinə maraq yaratmaq, hərbi qulluqçular arasında fiziki keyfiyyətləri inkişaf etdirmək və zəruri səviyyədə saxlamaqdır. Hər zaman olduğu kimi, bu yarışda da iştirakçılardan gərgin mübarizə, əzmkarlıq və qətiyyət gözləyirik.”
"Azərbaycan Respublikası Silahlı Qüvvələrində idman və hərbi-idman yarışlarının təşkili, keçirilməsi və yarış qaydaları"nın tələblərinə uyğun olaraq keçirilən yarışları Azərbaycan Cüdo və Güləş Federasiyasından dəvət olunmuş hakimlər idarə edirdilər. Təntənəli açılış mərasimindən sonra hakimlər tərəfindən iştirakçılara qaydalar haqqında ətraflı məlumat verildi.
Yarışların ilk günü idmançılar sərbəst güləş növündə güclərini sınamaq üçün döşək üzərinə çıxdılar. 8 çəki üzrə təşkil olunan yarışda 57 kiloqram çəkidə əsgər Telman Əliyev ("Beyləqan"), 61 kiloqramda əsgər Əfqan Xafalov ("Bərdə"), 65 kiloqramda əsgər Orxan İsmayılov ("Beyləqan"), 70 kiloqramda əsgər  Məhəmməd Abdullayev ("Beyləqan"), 74 kiloqramda leytenant Sahib Musazadə ("Beyləqan"), 86 kiloqramda əsgər Ruslan Abdullayev ("Hərbi Polis"), 97 kiloqramda əsgər Süleyman Mehdiyev ("Şəmkir"), 125 kiloqramda əsgər Cavid Feyziyev ("Bərdə") bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Komanda hesabında qələbəni "Beyləqan" komandası qazandı. İkinci yerdə "Bərdə", üçüncü yerdə "Şəmkir" komandası qərarlaşdı. İkinci qrup üzrə isə "TTM" komandası qalib gəldi.
İdmançılar yunan-Roma güləşi üzrə də 8 çəki dərəcəsində güclərini sınadılar. Birincilikdə 59 kiloqram çəkidə əsgər Nurlan Dadaşov ("Beyləqan"), 66 kiloqramda əsgər Qədir Qədirov ("Beyləqan"), 71 kiloqramda əsgər Xəyal Əliyev ("MTT"), 75 kiloqramda əsgər Sənan Süleymanov ("Artilleriya"), 80 kiloqramda əsgər Natiq Niftəliyev ("Bərdə"), 85 kiloqramda əsgər Şəmistan Quluzadə ("Şəmkir"), 98 kiloqramda əsgər Uğur Hacılı ("Bərdə"), 130 kiloqramda isə əsgər Orxan Nuruyev ("Bərdə") qızıl medallara layiq görüldülər. Xal hesabına görə "Bərdə" komandası birinci, "Beyləqan" komandası ikinci, "Şəmkir" komandası üçüncü oldu. İkinci qrup üzrə "TTM" komandası qalib gəldi.
Cüdo üzrə ordu birinciliyində idmançılar 7 çəki dərəcəsində güclərini sınadılar. Keçirilən görüşlərdə 60 kiloqram çəkidə əsgər Vüqar Şirinov ("HHM"), 66 kiloqramda əsgər Davud Məmmədsoy ("Bərdə"), 73 kiloqramda əsgər Yusif Heydərov ("Şəmkir"), 81 kiloqramda əsgər Kamran Əsgərov ("Şəmkir"), 90 kiloqramda  əsgər Naim Hüseynov ("Şəmkir"), 100 kiloqramda əsgər Sərdar Səfixanov ("Şəmkir"), +100 kiloqram çəki dərəcəsində əsgər Vüsal Həsənov ("Şəmkir") birinci yerlərə layiq görüldülər. Hesabında olan xallara görə birinci yeri "Şəmkir" komandası, ikinci yeri "Bərdə" komandası, üçüncü yeri isə "Beyləqan" komandası tutdu. İkinci qrup üzrə isə "Sülhməramlılar" komandası qalib gəldi.
Yarış zamanı qalib idmançıların bir neçəsi ilə həmsöhbət olub, düşüncələrini öyrəndik. İlk həmsöhbətimiz əsgər Orxan İsmayılovdur.
- Finalədək görüşlərinizi izlədim. Rəqibləriniz arasında güclü idmançılar çox idi...
Yarışa ciddi hazırlaşmışdım. Məqsədim uğur qazanmaq idi. Mənə göstərilən etimadın məsuliyyəti çiyinlərimə əlavə yük qoyurdu. Əsas hədəfim, şübhəsiz, birincilik idi. İdmançı gərək hər vəziyyətə hazır olsun. Daim  bir baş üstün olmaq lazımdır ki, rəqibə şans yeri qalmasın. Rəqiblərim arasında hazırlıqlı idmançılar var idi. Demək olar ki, hamısı birinciliyə iddialı idi. İlk görüş xaric, yarış zamanı digər rəqiblərimin çıxışlarını izləyərək hər şeyi bütün incəliyinədək təhlil edirdim. Rəqiblərimin  zəif və güclü tərəflərini müəyyənləşdirirdim. Bəzi görüşlər, həqiqətən, bir qədər gərgin keçdi. Baxmayaraq özümü həm fiziki, həm psixoloji cəhətdən yarışa kökləmişdim, bütün görüşlərimdə həyəcan da var idi. Şükürlər olsun ki, qalibiyyəti əldən vermədim. Qazandığım nailiyyət mənə yorğunluğu unutdurdu, əlavə güc verdi. Ən böyük arzum beynəlxalq səviyyəli yarışlarda ordumuzu layiqincə təmsil etmək, bayrağımızı dalğalandırmaqdır.
Növbəti həmsöhbətim əsgər Natiq Niftəliyevdir.
- Qalibiyyət münasibəti ilə sizi təbrik edirəm. Yarışlara necə hazırlaşmışdız?
- Çox sağolun. İdmana marağım kiçik yaşlarımdan var. Amma güləşi sevdiyim qədər inanmıram ki, hansısa idman növünü belə sevim. Uşaqlıqdan həmişə özümə güvənmişəm. Əsas məqsədim iştirak etdiyim bütün yarışlarda qalib gəlmək olub. Yarışa gəlincə, gərgin hazırlıq prosesi keçmişdim. Hərbi hissəmizdə hazırlıq üçün hər cür şarait var. Mövcud şərait, zəruri idman inventarları bizə yarışa hazırlığımıza əlverişli imkan yaradır. Ali Baş Komandanımız tərəfindən ordumuza göstərilən diqqət və qayğı bizə əlavə stimul verir. Həm fiziki, həm də psixoloji cəhətdən tam hazırlığım birinciliyimi şərtləndirən əsas amillər oldu. Təcrübəmdən faydalanaraq  finaladək inamla irəlilədim. Qəribə bir enerjim var idi, özümə inanırdım. Var qüvvəmi sərf etmişdim. Həyəcandan, ümumiyyətlə, söhbət gedə bilməzdi. Yalnız qələbəyə köklənmişdim. Şükürlər olsun ki, yarışın baş mükafatını qazandım. İlk növbədə yarışın keçirilməsində böyük dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Builki cüdo birinciliyi iştirakçıların yaddaşından heç vaxt silinməyəcək. "Şəmkir" komandasının təmsilçiləri 7 çəki dərəcəsinin 6-da medal aktivlərini zənginləşdirdilər. Bunlardan 5-nin qızıl medal olduğunu nəzərə alsaq, komandanın bu yarışa ciddi şəkildə hazırlaşdığını əminliklə söyləyə bilərik. Fürsət tapıb qalib komandanı bu yarışa hazırlayan leytenant  Eldar Qurbanov ilə həmsöhbət olduq. Eldar uzun müddət idmanın taekvondo növü ilə məşğul olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Hələ kiçik yaşlarından uğurlu nəticələr əldə edib. 4 dəfə respublika çempionu olan müsahibim beynəlxalq yarışlarda da ölkəmizi layiqincə təmsil edib. 2006-cı ildə Vyetnamda keçirilən dünya birinciliyində bürünc medal qazanıb. 2007-ci ildə ölkəmizdə keçirilən Avropa birinciliyində qızıl medalı qazanıb. Dəfələrlə A və B kateqoriyalı yarışlarda iştirak edərək, mükafatçılar sırasına düşməyi bacarıb.
- Cənab leytenant, komandanın uğurunda idmançılarla bərabər əsas pay sahibi, heç şübhəsiz, məşqçidir. Yarış haqqında fikirlərinizi öyrənmək maraqlı olardı...
- Bu uğurun təməlində gərgin məşqlər və idmançıların peşəkarlığı, istedadı dayanır. Komandamızın hər bir üzvü yarışa ciddi şəkildə hazırlaşmışdı. Ümumi əhval-ruhiyyə yüksək səviyyədə idi. Tam olaraq qələbəyə köklənmişdik. Tək hədəfimiz yarışdan qızıl medalla qayıtmaq idi. Komandamızın üzvlərinin fiziki və taktiki hazırlığı qələbə qazanmağımızı labüd edirdi. Bir məşqçi kimi hər bir təmsilçimizin qalib olacağına inanırdım. Onların bu mötəbər yarışda öz bacarıqlarını layiqincə nümayiş etdirəcəklərinə tam əmin idim. Təmsilçilərimizin bütün görüşləri gərgin keçdi. İştirakçıların ciddi hazırlığı açıq hiss olunurdu. Lakin bu yarışdır, ən güclülər qalib gəlir. Komanda təmsilçilərimizin bir-birini əvəz edən qələbələri bizi daha da ruhlandırırdı. Bütün üzvlərimiz ilə fəxr edirəm. Hakimlər də yarış zamanı ədalətli qərarlar qəbul etdilər. Ümumilikdə komandamızın çıxışını yüksək dəyərləndirirəm. Ümid edirəm ki, digər yarışlarda da qızıl medallar qazanaraq, bizə göstərilən etimadı doğruldacağıq.
Sonda polkovnik Sadiq Paşayev qalib gələn komandaları və idmançıları qazandıqları nailiyyətlər münasibətilə təbrik  etdi, onlara yeni-yeni qələbə sevincləri arzuladı.
Yekunda birinci, ikinci və üçüncü yerləri tutmuş komanda və idmançılara kubok, medal və diplomlar təqdim edildi.
Sonda xatirə şəkilləri çəkildi.
 
Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"