Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2019 10:00

“Torpaqlarımızı azad edəcəyik”

Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin hərbi təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Hərbi təhlükəsizliyin möhkəmləndirilməsi ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən də asılıdır. Bu mənada tarixi torpaqlarımızın işğalçılardan təmizlənməsində hərbçilərimizin, o cümlədən artilleriya qüvvələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar döyüş zamanı digər qoşun növlərinin səmərəli hücum strategiyasını təmin etmək, dəqiq koordinatlar əsasında düşmənin istehkam qurğularını, artilleriya batareyalarını, sığınacaqlarını, eləcə də digər strateji hərbi obyekt və məntəqələrini, canlı qüvvəsini məhv etmək baxımından əvəzedilməz iş görürlər. Döyüşlərin uğurla həyata keçirilməsi üçün ərazidə düşmənin artilleriyasının, tanklarının, tank əleyhinə və zenit silahlarının, pulemyotlarının atəş mövqeləri, idarəetmə və müşahidə məntəqələrinin yerləşməsi haqqında məlumatlara malik olmaq vacibdir. Buna görə də düşmənin yerləşmə rayonunun və atəş mövqelərinin detallı şəkildə açılması ərazi kəşfiyyatının əsas vəzifələrindən biri hesab olunur.
"N" hərbi hissənin artilleriya bölmələrindən birində fiziki cəhətdən hazırlıqlı olan Azərbaycan hərbçiləri müasir texnika və silahlardan normativə uyğun istifadə edə bilir, bu sahədə təcrübələrini durmadan təkmilləşdirirlər.
Baş leytenant Allahverdi Əsgərov qeyd etdi ki, Azərbaycan Ordusunun artilleriya bölmələri bu gün tarixi təməl üzərində yeni uğurlu nəticələr əldə edir, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. "Azərbaycan Ordusunda döyüş tapşırıqlarının düzgün və vaxtında yerinə yetirilməsi hər bir əsgər və zabitdən yüksək nəzəri hərbi biliklə yanaşı, fiziki, mənəvi-psixoloji hazırlıq da tələb edir. Odur ki, döyüşdə uğur qazanmaq üçün müasir silahlara malik olmaq hələ tam yetərli deyil. Bu silahlardan istifadə qaydalarını peşəkarcasına öyrənmək, fiziki cəhətdən hazırlıqlı olmaq, qazanılan nəzəri-təcrübi biliklərdən düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün maksimum səmərəli istifadə etmək lazımdır".
Leytenant Coşqun Əfəndiyev bildirdi ki, şəxsi heyət fərdi hazırlıq dövründə gündəlik olaraq taktiki təlimləri davam etdirir, bu sahədə nəzəri-təcrübi hazırlığını artırır: "Tələblərə görə artilleriya qüvvələri cəbhə xəttindən bir neçə kilometr arxada yerləşdirilir. Bu, hərbi əməliyyatların artilleriya dəstəyi ilə uğurla başa çatdırılması üçündür. Peşəkar zabitlər əsgərlərə artilleriyadan necə istifadə etməyin sirlərini öyrədir, ərazinin kəşfiyyatının aparılması qaydalarını izah edir, onlara lazımi təlimatlar, əmrlər verirlər".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elvin Allahmanov ön xətdə xidmət etməsindən qürur hissi keçirdiyini vurğulamaqla yanaşı, artilleriyaçıların döyüşə tam hazır olduqlarını bildirdi: "Bizim əsas vəzifəmiz hərbi əməliyyatların aparılması zamanı piyada qüvvələrini atəş dəstəyi ilə təmin etməkdir. Piyada qüvvələrinə yardım etmək üçün onların bizə verdiyi hədəfləri sıradan çıxarmalıyıq. Artilleriya silahlarından necə davranmağın sirlərini yaxından öyrənir, özümüzü ən ağır artilleriya döyüşlərinə hazırlamağa çalışırıq. Komandirlərimiz mütəmadi olaraq məşğələlər keçirir, dərslər bilavasitə atəş mövqeyində aparılır. Məlumdur ki, artilleriya silahları genişmiqyaslı döyüş əməliyyatlarının taleyini müəyyən edir".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Mehman Ağayarov dedi ki, artilleriyaçı olmaq böyük məsuliyyət tələb edir: "Artilleriya döyüşün gedişinə əsas təsir göstərən hərbi vasitədir. Müxtəlif artilleriya qurğularının taktiki-texniki xüsusiyyətlərinə yiyələnmişəm. Döyüşlər başlayanda, sözsüz ki, əsas yük bizim üzərimizə düşəcək. Sərrast atəşlərimizlə düşməni məhv edəcəyimizə əminik".
"Hər birimiz yaxşı anlayırıq ki, Vətənimizin bütövlüyünün qorunması naminə bizlər səngərdə şərəf və ləyaqətlə dayanmalıyıq. Əsgərlərimizin bir arzusu var, torpaqlarımızın düşməndən azad edilməsi bizim hərbi xidmət dövrümüzə təsadüf etsin. Şəxsən mənim üçün qalib əsgər kimi ailəmizin yanına dönmək ən böyük şərəf olar", - deyə əsgər Cahangir Qaraşov söhbətə qoşuldu.
"Bizim üçün ən böyük şərəf odur ki, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçularıyıq", - deyə zabit Zaur Mustafayev söhbəti tamamladı. - Bu gün hər birimiz yaxşı bilirik ki, güclü bir dövlətin vətəndaşıyıq, qüdrətli bir ordunun hərbçiləriyik. Rəhbərliyimizin diqqət və qayğısını, hər zaman üzərimizdə hiss edirik. Hərbçilər arasında münasibətlər səmimilik və qarşılıqlı inam əsasında qurulub. Yeni gələn əsgərlərimiz də tez bir zamanda bu mühitə alışır, zabitlərimiz tərəfindən öyrətdiklərini yüksək səviyyədə mənimsəyir və günbəgün döyüş potensialını artırırlar. Arzumuz, istəyimiz, məqsədimiz isə aydındı...

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Namiq PƏNAHOVUNDUR