Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2019 09:57

“Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir”

Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən üç il ötür. 2016-cı ilin aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Bu döyüşlərin ən böyük tarixi əhəmiyyəti qələbə sayəsində Böyük Qayıdışa start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində həmin döyüşlərdə iştirak etmiş hərbi qulluqçular əməkdaşlarımıza bu tarixi hadisənin əhəmiyyəti barədə danışıb, təəssüratlarını, xatirələrini bölüşüblər.
Baş leytenant Elnur Əhmədli:
- Hələ uşaq vaxtlarımdan ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən video-foto materiallara baxdıqca düşmənə nifrətim daha da artırdı. 13 yaşım olanda sənədlərimi Heydər Əliyev adına Hərbi Liseyə təqdim etdim. Valideynlərim bu qərarıma sevinərək, məni dəstəklədilər. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum. İşğal altında olan torpaqlarımızı azad etmək arzusu məni dərslərə daha da məsuliyyətli yanaşmağa sövq edirdi. Leytenant hərbi rütbəsi aldığım gün sevincimin həddi-hüdudu yox idi. Sevinirdim ki, xidmətimə ön xətdə yerləşən hərbi hissələrdən birində başlayacağam. İlk gündən bütün fəaliyyətimi düşmənin təxribatlarının qarşısını almaq istiqamətində qurdum.
Tabeliyimdə xidmət edənlər torpaqlarımızın işğaldan tezliklə azad edilməsini arzulayırdı.  Mən onlara həmişə səbr etmələrini, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmələrini, keçirilən dərsləri dərindən mənimsəmələrini tövsiyə edirdim. Deyirdim ki, biz hərbçiyik, yalnız komanda ilə hərəkət edə bilərik. Nəhayət ki, aprel döyüşləri bizi arzumuza çatdırdı. Ordu sıralarında xidmət edən hər bir Azərbaycan övladı düşmənin üzərinə şığıdı. 2016-cı ilin aprelində zenit-artilleriya bölmələrindən birində xidmət edirdim. Vəzifəmiz artilleriya divizionunu hava hücumlarından müdafiə etmək idi. Aprelin 1-i düşmənin hava hücumlarının qarşısını almaq üçün “Həyəcan” siqnalı ilə ehtiyat atəş mövqeyimizə çıxdıq. Düşmən şəxsi heyətin fəaliyyətinə və döyüş mövqelərimizə nəzarət etmək məqsədilə pilotsuz uçuş aparatlarından istifadə etmək istəyirdi. Düşmənin bu həmləsinə imkan vermədik. Aprel döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi, 24 illik həsrətin sonu idi. Mən də çox sevinirəm və qürurluyam ki, Böyük Qələbənin başlanğıcı olan döyüşlərdə iştirak etdim. Bu anlar Azərbaycan Ordusunda xidmət edən, ürəyi Vətənlə döyünən hər bir hərbçinin səbirsizliklə gözlədiyi anlar idi. Döyüşlər zamanı bizim tutduğumuz mövqeyi düşmən artilleriya atəşi ilə iki dəfə vurmağa cəhd göstərdi. Düşmənin növbəti addımını təsbit edərək, movqeyimizi dəyişdik. Mövqeyimizi dəyişən kimi, ermənilər həmin yeri artilleriya qurğuları ilə vurdular. Ancaq qəbul edilən düzgün qərarın nəticəsində şəxsi heyətin heç biri xəsarət almadı və biz döyüşü daha möhkəm, əminliklə davam etdirdik. Bu gün Ermənistan ordusu Azərbaycan Ordusunun qarşısında tab gətirəcək vəziyyətdə deyil. İstər döyüş hazırlığı, istər silahlanma, istərsə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından. Düşmən də döyüş meydanında bunun şahidi oldu. Ordumuzun gücünü görən erməni əsgəri  çıxış yolunu yalnız qaçmaqda görürdü. Qarşımıza qoyulan tapşırığın öhdəsindən layiqincə gəldiyimizdən qürur duyurduq. İndi şəxsi heyətimiz Böyük Qələbəyə aparacaq döyüş əmrini gözləyir. Bunun üçün aprel döyüşlərində əldə etdiyimiz təcrübəni daha da inkişaf etdiririk, hər an döyüşə hazırıq. Çox istəyirəm ki, oğlum da mənim kimi hərbçi olsun. İnanıram ki, gələcəkdə oğlum dünya dövlətləri tərəfindən tanınan sərhədlərimizin çərçivəsində xidmət edəcək.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Mübariz Məmmədov:
- 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhəboyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldığından bizə “Həyacan” siqnalı ilə toplanmaq əmri gəldi. Biz də əmrə əsasən, cəmləşmə məntəqəsinə yollandıq. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək, əks-həmlə nəticəsində torpaqlarımızın bir hissəsini işğaldan azad etdi. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun gücünün qarşısında silah-sursatlarını, texnikalarını atıb qaçmağa məcbur oldu. Aprel döyüşləri ordumuzun şanlı qələbəsidir. Bununla hər kəs sevinir, qürur duyur. Ordu sıralarında xidmət edən hər bir hərbi qulluqçu Ali Baş Komandanımızın növbəti "İrəli" əmri ilə işğal altında olan torpaqlarımızı tamamilə azad etməyə qadirdir. O gün uzaqda deyil.
Həmin günlər yaşadıqlarımı sözlə ifadə edə bilmirəm. Ruh yüksəkliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda hər bir kəs döyüşə inamla atıldı. Döyüşlər zamanı mənə yaxın olan, hər bir sirrimi paylaşdığım, hər zaman mənə arxa-dayaq duran üç nəfər dostumu itirdim. Nicat İsgəndərov, Səyyar Quliyev və Əlvan Hüseynov torpaqlarımızın bütövlüyü uğrunda son damla qanlarına qədər döyüşərək, şəhid oldular. Dostlarımı itirmək mənə nə qədər çətin olsa da, fəxr edirəm ki, Vətənimiz inamla qorunur. Onların haqqında danışmaq mənim üçün çox çətindir. İtirdiyim yaxın dostlarımı atam da tanıyırdı. Daim bir yerdə olduğumuzu bilirdi. Onların şəhid olduqlarını eşitdikdə doluxsunmuşdu. Mənim də onlarla birgə şəhid olduğumu düşünübmüş. Əməliyyatlar dayandırıldıqdan sonra evə getmək, etiraf edim ki, mənim üçün çətin oldu. Evə daxil olarkən, heç nə olmamış kimi gülümsəyərək, onlarla salamlaşdım. Valideynlərim sevinc göz yaşlarına hakim ola bilmirdi. Anam məni bağrına basıb ağlayanda dostum Nicat İsgəndərovu və onun anasına göndərdiyi mesajı xatırladım. "Heç nə deyə bilmərəm, ana, sadəcə onu deyə bilərəm ki, müharibədir, hər şey ola bilər. Gecəniz xeyrə qalsın, hamınızı öpürəm". Nicatın həm də aprel ayında toyu olacaqdı. Hər zaman çantasında Azərbaycan bayrağı olardı. Deyərdi ki, bu bayrağı mən Qarabağa sancacağam. Təəssüflər olsun ki, həmin bayraq onun tabutunun üzərinə çəkildi. Dostlarımın çantasını atasına vermək mənim üçün çox çətin idi. Aprel döyüşləri qələbəmizdir, zəfərimizdir. Belə qələbələrimiz daha çox olacaq. Düşmən bilməlidir ki, aprel döyüşləri ordumuzun həyata keçirdiyi kiçik bir əks-həmlə əməliyyatı idi. Onu da unutmamalıdırlar ki, Azərbaycan Ordusu Qarabağı da azad edə bilər və edəcək.
Gizir Səxavət Alpaşayev:
- Müddətli həqiqi hərbi xidmətimi başa vurandan sonra evə valideynlərimin yanına qayıtsam da, fikrim həmişə Vətənimizin, onun keşiyində ayıq-sayıq dayanan oğullarımızın yanında idi. Bütün peşələr önəmlidir, ancaq hərbçi peşəsi hamısından şərəflidir. Mən də Vətənimizi qoruyanların sıralarına daxil olmağı qərara aldım. Atam bu qərarımı biləndə mənimlə qürur duyduğunu bildirdi. Xidmətimi ön xətdə yerləşən bölmələrdən birində başlayacağımı öyrənəndə çox sevindim. Xidmətə gəldiyim ilk gündən düşmən tapdağı altında olan torpaqlarımızı azad edəcəyimiz günü səbirsizliklə gözləyirdim. Aprel döyüşlərindən artıq üç il keçir. Ancaq orada baş verən hadisələri bugünkü gün kimi xatırlayıram. Düşmənin öz bədxah niyyətlərini həyata keçirmək məqsədilə döyüş mövqelərimizə hücum etməsini eşidəndə bölmənin dayaq məntəqəsində idim. Ön xətdə yerləşən bölmələrimizi arxadan dəstək üçün “Həyəcan” siqnalı ilə şəxsi heyətimiz əvvəlcədən təyin olunan yerlərə yollandı. Hər birimizin sevinci gözlərindən oxunurdu. Döyüş meydanında bir-birimizə arxalanaraq, yalnız irəli getməyi, erməniləri torpaqlarımızdan qovub çıxarmağı düşünürdük. Düşmən ilk zərbəni alandan sonra anladı ki, Azərbaycan əsgəri gəlir. Bunu görən erməni əsgərləri geri çəkilməyə, silah-sursatlarını atıb, işğal olunan ərazilərimizdə qurduqları döyüş mövqelərini tərk edərək, qaçmağa başladılar. Biz də azad etdiyimiz torpaqları qorumaq üçün onlara aman vermədən öz mövqelərimizi möhkəmləndirdik. Düşmənin bütün fəaliyyətini nəzarət altında saxlamaq imkanı qazandıq. Onların canlı və zirehli texnikalarını irəliləməyə qoymurduq. Baxmayaraq ki, düşmən məğlubiyyətlə barışmaq istəmirdi. Bizi azad etdiyimiz yüksəkliklərdən çıxarmaq, öz işğalçı siyasətini davam etdirmək istəyirdi. Onu da qeyd edim ki, işğaldan azad etdiyimiz Lələtəpə və digər yüksəkliklər bizim üçün böyük strateji əhəmiyyət kəsb edir. Düşmən oradan yaşayış məntəqələrimizi atəşə tutur, dinc əhaliyə təhlükə yaradırdı. Lələtəpəni işğaldan azad etdikdən sonra düşmənə nəzarət etmək daha da asanlaşdı. Fəxr edirəm ki, bunun qarşısını aldıq, bizə verilən əmr və tapşırıqları düzgün yerinə yetirərək, işğalda olan torpaqlarımızın bir qismini azad etdik. Bir tankçı olaraq, tariximizin yazılan şanlı səhifələrindən birinin şahidi olduğumdan qürur duyuram.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Həsən Orucov:
- Əslən Füzuli rayonunun Veysəlli kəndindənəm. Qundaqda qırxgünlük uşaq olanda ata-baba yurdumuz işğal olundu, mən də anamın qucağında yurdumuzdan didərgin düşdüm. Böyüdükcə xalqımızın başına gətirilən vəhşilikləri uşaq vaxtlarından şahidlərin dilindən eşidirdim. Onların insanlığa sığmayan hərəkətlərini eşitdikcə düşmənə olan nifrətim artırdı. Orta məktəbi bitirdikdən sonra əsgəri xidmətə yollandım. Hər dəfə döyüş növbətçisi çıxanda qarşı tərəfdə doğma el-obamızı gördükcə düşmənə nifrətim daha da alovlanırdı. Xidmətim müddətində döyüş əmri olmadı. Xidmətimi başa vuraraq, ailəmin yanına qayıtdım. Axşam sükut çökəndə, ətraf sakitliyə qərq olanda sanki şəhidlərimizin ruhu məni Vətənimizin keşiyində durmağa səsləyirdi. Vətənimizi mənfur düşməndən azad edənlərin sıralarında olmaq üçün yenidən ordu sıralarına qatıldım. Hər gün hərbi biliklərimi, vərdişlərimi daha da təkmilləşdirirdim. 2016-cı ilin aprelində düşmən ilk olaraq Lələtəpə, daha sonra Horadiz istiqamətindən təxribatlar törətmək istədi. Bunun qarşısını almaq üçün “Həyəcan” siqnalı ilə qalxaraq, əvvəlcədən təyin olunan mövqelərə yollandıq. Həmin an yalnız azğınlaşmış düşməni geri oturtmağı düşünürdük. "İrəli" əmri veriləndə çox sevincliydim. Fəxr edirəm ki, bu döyüşlərin iştirakçısı oldum. Biz düşmənin canlı qüvvəsini, texnikasını məhv etdik. İnanıram ki, düşmən indi də qorxu içində yaşayır. Biz isə Böyük Qələbəyə gedən yola uğurla başladıq. Düşmən Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməz. Komandirlərimizin bizlərlə bərabər ön cərgədə düşmənin üzərinə getməsi bizi daha ruhlandırırdı. Qürurlanırdım ki, mənimlə yanaşı, komandirimiz polkovnik Vilayət Quliyev də döyüşürdü. Biz xidmətimizi davam etdiririk və Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik.

Ruslan HƏSƏNZADƏ, Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"