Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2019 09:55

“İşğalın sonuna az qalıb”

Bu günlərdə başa çatan genişmiqyaslı təlimlər həm ordumuzun gücünü təsdiqlədi, həm də şəxsi heyətin mənəvi-psixoloji hazırlığının səviyyəsini. Bu təlimlər mənim üçün əlavə amalı ilə əlamətdar oldu. Müdafiə naziri mənə də hədiyyə təqdim etdi. Belə hədiyyəni almağı hər bir hərbçi arzulayır. Bunun üçün hərbi nizamnamələrə, komandirlərin göstərişlərinə ciddi, məsuliyyətlə əməl etməlisən.
Müddətli hərbi xidməti başa vurduqdan sonra tərxis olundum. Hərbi xidmətə gələnə kimi müəyyən arzularla yaşayırıq və bəzi arzular hərbi xidmətdən sonra da adamın yaxasından əl çəkmir. “Mən də tərxis olunduqdan sonra "yaxamdan əl çəkməyən" arzunun "yaxasından yapışdım". Bir neçə il keçdi. Hərbi xidmət illəri heç zaman yadımdan çıxmırdı. Komandirimiz arada bizə deyirdi: "Vaxt gələcək, bu günlər üçün darıxacaqsınız". Mənim Vətənə gərəkli olmaq üçün yaşayanlara həmişə böyük ehtiramım olub. İstəyirdim ki, cəmiyyət, ictimaiyyət mənə də ehtiram göstərsin. 2016-cı ilin aprel döyüşlərindən az sonra qərarımı verdim, yenidən hərbi xidmətə qayıdacam, müharibə başa çatana kimi hərbi mundirdə olacam, qalib əsgərlərin sırasında tərxis olunacam, ailəmin yanına qalib əsgər kimi qayıdacam.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusuyam. Məsuliyyətlə xidmət edirəm, axı mən hərbi xidmətə müəyyən həyat təcrübəsi aldıqdan sonra, həm də ikinci dəfə qayıtmışdım.
2016-cı ilin aprel döyüşləri Azərbaycan əsgərinin döyüş hazırlığının da, mənəvi-psixoloji  hazırlığının da yüksək olduğunu təsdiqlədi. Biz elə xidmət etməliydik ki, bu hazırlıq daha da yüksəlsin. Hər bir əsgər bir amalla xidmət edir: hərbi xidməti Vətənə gərəkli olsun.
Hər birimiz komandirlərimizin əmr və göstərişlərini böyük məsuliyyətlə yerinə yetirməklə, Ali Baş Komandanın döyüş əmrinə tam hazırıq. Bu döyüş Böyük Qələbə ilə nəticələnəcək.
Bu yaxınlarda ordumuzda genişmiqyaslı təlimlər keçirildi. Bizlər də Azərbaycan Ordusunun döyüş və mənəvi-psixoloji hazırlığının yüksək olduğunu sübut edən təlimdə iştirak etdik.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərdən sonra mənə də qiymətli qol saatı hədiyyə etdi. Bu, mənim taleyimdə ən dəyərli hədiyyə olacaq. Hərbi qulluqçunun xidməti bəyənilirsə, dəyərləndirilirsə, bu xoşbəxtlikdi. Hərbçilər üçün əsl xoşbəxtlik Böyük Qələbə olacaq. Biz o qələbəni qazanacağıq. Torpaqlarımız işğaldan tamamilə azad ediləcək. İşğalın sonuna az qalıb. Bu, biz hərbçilərin Vətən qarşısında yerinə yetirməli olduğumuz ən layiqli xidmət olacaq...

Əsgər
Şöhrət ABDURRƏHMANLI, “N” hərbi hissəsi