Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2019 09:35

Məktəblilərin hərbi hissəyə ekskursiyası

Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, layiqli vətəndaş kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ulu Öndərin "Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır" kəlamı bizə məsuliyyətimizi xatırladır. Uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs yeniyetmələrin hərtərəfli böyüməsi üçün səy göstərməlidir. Çünki uşaqlar cəmiyyətin ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyi qorumaq isə hamımızın borcudur.
Hərb sənətinə olan maraq və bağlılığın artırılması məqsədi ilə Bakı şəhəri Nizami rayonu Ə.Mahmudov adına məktəb-liseyin bir qrup şagirdinin "N" hərbi hissəsinə ekskursiyası təşkil olundu. Məktəblilərə hərbi hissənin yaranma tarixi və fəaliyyəti ilə bağlı məlumat verildi, onlar arsenaldakı silah-sursat, mühəndis, rabitə cihazları və avadanlıqlarla, səyyar təşviqat guşələri, mənəvi-psixoloji təminat vasitələri ilə əyani tanış oldular. Onlar hərbi hissənin şəxsi heyətinin gündəlik iş rejimi və nizam-intizam qaydaları, eyni zamanda  Azərbaycan Ordusunun qüdrəti, malik olduğu döyüş texnikasının potensialı haqqında da ətraflı məlumatlandırıldılar. Qonaqlar hərbi hissənin ərazisi, əsgər yataqxanası, tibb məntəqəsi, idman şəhərciyi, hamam-camaşırxana və əsgər yeməkxanası ilə tanış olduqdan sonra hərbi qulluqçularla birgə nahar etdilər. Hərbi hissədə təşkil olunan konsert proqramında iştirak etdikdən, maraqlı səhnəcikləri izlədikdən sonra şagirdlər hazırladıqları məktubları əsgərlərə təqdim etdilər.
Sinif rəhbəri Gülnarə Quliyeva tədbirin baş tutmasına şərait yaratdığına görə Müdafiə Nazirliyinin rəhbərliyinə və liseyin direktoru Lətifə Əzimovaya təşəkkürünü, qonağı olduqları hərbi hissənin komandanlığına minnətdarlığını bildirdi:
- Belə tədbirlərin və tanışlıq ekskursiyalarının təşkili ordu-xalq əlaqələrinin möhkəmlənməsində, suverenliyimizin qarantı olan ordumuza sevgi və ehtiramın aşılanmasında, həmçinin şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. Bildiyiniz kimi, 8-12 yaş uşaqların ən həssas dövrüdür. Məktəblilərin bu yaşlarda əxz etdiyi biliklər və aşılanan duyğular həm onların yaddaşına güclü həkk olunur,  həm də gələcəkdə faydalı bir vətəndaş kimi yetişmələrində, peşə, həyat seçimi etmələrində böyük əhəmiyyət kəsb edir. Bu yaşda aşılanan vətənpərvərlik hissi, Vətən, torpaq sevgisi, Vətənin müdafiəsinə hazırlaşmaq duyğuları böyük əhəmiyyət daşıyır və uşaqların yaddaşında silinməz müsbət izlər qoyur. Vətəni qorumaqdan danışanda ilk ağlımıza gələn ordumuz və onun sıralarında Vətənə xidmət edən hərbçilərimiz olur. Heç kimə sirr deyil ki, ölkəmizdə, Təhsil Nazirliyi sistemində də hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində böyük işlər görülür. Bütün bunları nəzərə alaraq biz də "Vətəni və bizi qoruyan ordumuzu sevir, əsgərimizlə qürur duyuruq" devizi altında şagirdlərimizin mütəmadi olaraq hərbi hissələrə, qoşun növlərinə və xüsusi təyinatlı təhsil müəssisələrinə ekskursiyalarını təşkil etmək qərarına gəlmişik. Müdafiə Nazirliyinin rəhbərliyi bu işdə təhsil ocağımıza dəstək olur. Xalqımızın qədim bayramlarından olan Novruz bayramı ərəfəsində hərbi hissədə olmaq, əsgərlərimizlə görüşmək, onları təbrik etmək, Vətən müdafiəçilərinə öz hörmət və ehtiramımızı nümayiş etdirmək, eləcə də onların xidmət və sosial-məişət şəraiti, hərbi texnikalarla tanış olmaq şagirdlərimiz üçün çox maraqlı oldu. Yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə, bu görüşdə əməyi olan hər kəsə məktəbimizin rəhbərliyi, şagirdləri və öz adımdan dərin minnətdarlığımızı bildiririk. Hərbçilərimizi təbrik edir, onlara cansağlığı, ailə səadəti və Qələbə sevinci arzulayırıq. Ordumuzu sevir, əsgərimizlə fəxr edirik.
Daha sonra şagirdlər Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsində oldular. Məktəbliləri hərbi gəmilərlə tanış etdilər. Hərbi Dəniz Qüvvələrinin zabitləri tərəfindən bildirildi ki, bu gün HDQ-nin gəmiləri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda əsasən neft-qaz hasilatı rayonlarının, ixrac boru kəmərlərinin olduqları rayonların mühafizəsi və müdafiəsi ilə məşğul olur. Eləcə də HDQ mülki gəmiçiliyin təhlükəsizliyinin təmin olunması, Xəzər dənizində üzmə rejiminə əməl edilməsi, ümumilikdə Xəzərin Azərbaycana aid sektorunda əlverişli əməliyyat rejiminin saxlanılması üzrə tapşırıqları yerinə yetirir. Gəmilərimizin bir qismi də Hərbi Dəniz Qüvvələrinin daxili tələbatlarına uyğun tapşırıqları yerinə yetirir. Bura axtarış-xilasetmə gəmiləri, adalarda olan infrastrukturun və dənizdə olan gəmilərin hərtərəfli təminatını təşkil etməkdən ötrü təminat gəmilərimiz daxildir. HDQ-nin Hidroqrafiya gəmi və katerləri də vardır kı, onlar da Xəzər dənizində naviqasiya-okeanaqrafik işlərin, hidrometeoroloji müşahidələrin aparılması, batimetria, geodeziya, topogeodeziya kimi tapşırıqları yerinə yetirir. Hərbi gəmilərin fəaliyyət istiqaməti, şəxsi heyəti, döyüş qabiliyyəti və davamlılığı haqqında ətraflı məlumat verildikdən sonra məktəblilər  dənizçilərin sosial-məişət şəraitləri ilə yaxından tanış oldular. Onlar şagirdləri çay süfrəsinə dəvət etdilər.
Şagirdlər bu ekskursiyanı heç zaman unutmayacaqlarını bildirdilər. Onların baxışlarında sevinc, hərb peşəsinə məhəbbətin nişanəsi var idi. İnanırıq ki, şagirdlərimiz əsl vətənpərvərlər kimi formalaşacaq, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirəcək - əsgər olaraq Vətənin keşiyində dayanacaqlar. Onlar yaxşı bilirlər ki, xalqımızın malik olduğu mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq üçün onu müdafiə etməyə hər an hazır olmalıdırlar. Əminik ki, onların hər biri babalarımızın xidmət yolunu şərəflə davam etdirəcək.
Şagirdlərdən Əli Cəfərli dedi ki, mən də böyüyəndə əsgər olacam. "Artıq neçənci dəfədir ki, Vətənimizin müdafiəsində dayanan əsgərlərimizin görüşünə gəlirik. Hər görüşümüz yaddaqalan olur. Hərbi hissələrdə yaradılan şəraitlə, silah və texnikalarla tanış olduqca hərb sənətinə marağımız artır. Gələcəkdə ömrümü hərb sənətinə bağlamaq və hərbçi olmaq istəyirəm. Arzu edirəm ki, hərbçilərimizin gücü, qətiyyəti sayəsində işğal altında olan torpaqlarımızı azad edib, belə ekskursiyalarımızı Şuşada, Kəlbəcərdə, Zəngilanda inşa ediləcək hərbi hissələrimizdə keçirək”.
Şagird Yusif Əliyev dedi ki, əsrlər boyu düşmən torpaqlarımıza, tükənməyən sərvətlərimizə göz dikmiş, igid oğullarımız, qeyrətli qızlarımız sinəsini Vətənə sipər edərək, mənfur düşmənə layiqli cavab vermişlər. "Hər bir şəxs bilir ki, Azərbaycan torpağı igid oğullar, qızlar yetişdirib. Elə igidlər ki, əsrlər keçsə də, onların adı xalqımızın yaddaşında əbədi qalacaq. Tədris dövrü zamanı müəllimlərimiz tərəfindən keçirilən dərslərdə Cavanşir, Babək, Koroğlu və daha neçə-neçə igidləri tanıdıqca fəxr edirik. Qarabağ müharibəsi dövründə yenə də yurdumuzun igid oğulları Vətənimizin köməyinə gəldi. Bu savaş yurdumuza Mübariz, Çingiz, Raquf, Murad kimi neçə-neçə qəhrəman bəxş etdi və tarix sübut etdi ki, qəhrəman Azərbaycan oğulları həmişə Vətəninə sadiqdir, onun yolunda canlarını qurban verməyə hazırdırlar. Belə oğullarımızın davamçıları olan hərbçi qardaşlarımızla görüşmək isə məndə ikiqat qürur hissi doğurur. Əsgərlərimizin hər birini Novruz bayramı münasibətilə təbrik edir, onlara cansağlığı arzu edirəm".
Şagirdlərdən Said Babayev, Rəşad Yadullayev, Murad Bayramov, Əlinaqi İsmayılov və digərləri Vətənə olan sevgilərindən, övladlıq borclarını yerinə yetirəcəklərindən danışdılar. Onu da qeyd etdilər ki, hərb sənətinə maraqlarının artırılmasında belə ekskursiyaların rolu danılmazdır. Onlar yeni-yeni vərdişlər əldə edir, hərb sənətinin müəyyən sirlərinə yiyələnirlər.
Məktəblərin pedaqoji kollektivlərinin qarşısında gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz vəzifələrin qoyulması heç də təsadüfi deyildir. Məlumdur ki, hərbi vətənpərvərlik tərbiyəsi bir məqsədə - gəncləri Vətənimizin fəal müdafiəsinə hazırlamaq məqsədinə xidmət etməlidir. Buna görə də Azərbaycan dövləti xalqını, onun gənc nəslini həmişə sayıq olmağa, Vətənimizin hərbi qüdrətini hər vasitə ilə möhkəmləndirməyə, onun müdafiə bacarığını artırmağa çağırır.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"