Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2019 09:25

“Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir”

2016-cı ilin aprel döyüşlərindən bizi üç illik zaman məsafəsi ayırır. Xalqımıza uzunmüddətli atəşkəs dövründə ilk dəfə  qələbənin sevincini yaşadan bu döyüşlər istər ölkə, istərsə də dünya ictimaiyyətində geniş təəssürat yaratdı və media qurumları bu hadisələri geniş təbliğ etdi. Həmin döyüşlərin birbaşa iştirakçısı olan hərbi qulluqçularımızın düşüncələrini, xatirələrini qələmə almışıq.
Mayor Zaur Məmmədov:
- Babam Əbil Abbasov meşəbəyi idi. Müharibə ərəfəsində ermənilər meşəni tərk etməsini tələb etsələr də, babam buna razı olmayıb. Azğınlaşan düşmən babamı ağackəsən mişarla vəhşicəsinə doğrayıb quyuya atıblar. Əmilərim günlərlə babamı axtarsalar da, tapa bilməyiblər. Telman adlı erməni babamın öldürülərək quyuya atıldığı xəbərini göndərəndən sonra meyitini tapıb dəfn ediblər. Sonra öyrəndik ki, Telmanın bizə xəbər verdiyini bilən ermənilər, onu kəndin içində diri-diri yandırıblar.
Uşaqlığım ermənilərin vəhşiliklərini görməklə və dinləməklə keçib. Məktəbdə oxuyarkən, “Hansı peşə sahibi olmaq istəyirsiniz?” sualına həkim, polis, prokuror deyənlər çoxuydu. Mən düşünmədən “Hərbçi olacam” deyirdim. Belə də oldu. 9-cu sinfi qurtarandan sonra sənədlərimi Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verdim. Torpaqlarımızın qorunması uğrunda döyüşlərdə könüllü olaraq iştirak edənlərin sırasında atam da var idi.  Bu yol həm də ata yolunun davamıdır. Bu yolu seçməyimdə təsirsiz ötüşməyən bu hadisələrin hər biri tariximizdir. Məhz tariximiz, Qarabağ həsrəti, qisas hissi və Vətənə sevgi hərbçi peşəsini seçməyimdə ən böyük səbəblərdəndir.
Ön xətdə leytenant rütbəsində xidmət edərkən komandirlərimdən birinin dedikləri sözü unutmamışam. "Sən xidmətini həyatındakı hər şeydən üstün tutursan. Vətən torpağının hər qarışı uğrunda canını qurban verməyə hazırsan". Bu, həqiqətən belədir. Bu fikirlər təkcə mənə deyil, bütün hərbçilərimizə aiddir. Mən bu peşəyə könüldən bağlanmışam. Atdığım hər addıma etdiyim xüsusi diqqətə görə digər zabit yoldaşlarım deyirdi ki, sənin formaya, xidmətə münasibətin sevgi deyil, əvəzedilməz məhəbbət hadisəsidir. Təbii ki, layiqli xidmət etmək mənim və hər bir vətəndaşın mənəviyyat borcudur. Hansı sahədə çalışmaqdan asılı olmayaraq hər birimizin əsas vəzifəsi Vətənə layiqli övlad olmaqdır. Hərbçiyəm və Vətənimin keşiyindəyəm. Mən də digər zabitlər kimi əsgərlərimin hamısına Vətən sevgisi aşılayıram. Hərbçilər Vətənə ən dəyərli övladdır. Müşahidələrim və qənaətim onu deyir ki, bu gün vətənpərvər gəncliyimiz, Vətənə sevgi, dövlətinə sədaqət ruhunda tərbiyə olunan uşaqlarımız var. Bu gün ordu sıralarında xidmətə gələn hər bir əsgərin bir arzusu var: torpaqlarımızın işğaldan azad edilməsi.
Biz hərbçilər dünyaya bir pəncərədən baxırıq. O pəncərə ki, oradan səngərdəki mövqelərdən Qarabağ görünür. Vətənə xidmət borcdur, şərəfdir, mənəviyyatdır. Səngərlərdən döyüşə başlayacağıq, döyüşəcəyik, qələbə qazanacağıq.
Böyük türk şairi Mehmet Tevfik Fikretin belə bir kəlamı var: "Vətən onu sevən insanların çiyinləri üstündə yüksəlir". Mən də Vətənimi sevirəm.
Döyüşə atılanda qürur hissi keçirdim. Ürəklə döyüşdüm, yaralandım da. Torpaqlarımızın müəyyən bir hissəsini azad etdik. Aprel döyüşləri tək bizim deyil, xalqımızın qürur mənbəyidir. O gün ermənilər Azərbaycan Ordusunun gücünə, Azərbaycan əsgərinin döyüş əzminə və ruh yüksəkliyinə şahid oldu.
Azərbaycan əsgəri Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirir. 2016-cı ilin aprelində əsgərlərimiz dəyanətlə irəli atılıb düşməni torpaqlarımızdan geri çəkilməyə məcbur etdilər. Hamı mərdliklə döyüşdü. Bu döyüşlərdə ordu ilə xalqın birliyinin səviyyəsi də təsdiqləndi. Dünya ictimaiyyəti gördü ki, xalq ordusuna inanır, ordu xalqa arxalanır.
İstəyirəm ki, əsgərlərimiz savadlı, mərd, cəsarətli və iradəli olsunlar. Ən əsası iradəli olmaq lazımdı. Çünki xidmət dövründə insan psixologiyasına təsir edən bir çox nüanslar olur. Vətən keşiyində dayananda ən çox güc iradənin üzərinə düşür. Savadlı olmalarını, daim mütaliə etmələrini məsləhət görürəm. Hərbi biliklərə dərindən yiyələnmək müharibədə uğur qazanmaq deməkdir.
Torpaqlarımızı işğaldan azad edəcəyik. Uşaqlığım Şuşada, Xankəndidə keçməsə də, qocalığımı Qarabağda yaşamağı arzulayıram. 
Kapitan Orxan Həsənov:
- Mən torpağın sanki canlanaraq səni bağrına basmasını, qucmasını, sevincini hiss etmiş Vətən əsgəriyəm. İllərdir qoxusunu ciyərlərimə çəkməyin, toxunmağın həsrətini çəkdiyim müqəddəs torpaqlarımızı ovucların arasına alaraq öpməyin, qoxlamağın nə demək olduğunu bilirəm. Və bu hissi xalqıma, millətimə yaşatmaq istəyənlərdən biriyəm. 
Naxçıvan şəhərində anadan olmuşam. Vətənimin başının üstünü alan qara buludlar uşaqlıq illərimin nağıllarına da təsirsiz ötüşməyib. İnsanların üzündə daim qayğı, hüzn, kədər görərdim. Əsrlərdir xalqıma zülm edib taleyinə soyqırımı, faciə, köçkün, qaçqın həyatı yazan düşmənlərimizdən qisas almaq hissi ilə böyüdüm. Elə o illərdən qəlbimdə bir arzu anbaan böyüyürdü: Azərbaycanımızın işğaldan azad olunmuş bütün torpaqlarında üçrəngli bayrağımızın dalğalanmasını görmək.
Bu düşüncəylə Vətəni qorumaq peşəsini - hərbçi olmağı seçdim. 2003-2006-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə hərbi təhsilimi aldım. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra leytenant rütbəsi alaraq ön xətdə xidmətə başladım. Xidmət müddətimdə Goranboy, Tərtər, Ağdam istiqamətlərində düşmənlə üz-üzə qulluq edərkən tabeliyimdə olan əsgərlərin dövlətimizə, ordumuza olan bağlılığının, vətənpərvərliyinin şahidi olduqdan sonra peşəmə olan sevgim sonsuz ümmana döndü.
2016-cı il. Aprelin 1-i...
Adi, sıradan bir gün kimi açılan sabahın gecəsi tarixə dönəcəkmiş. Özü də illərdir xalqımızın həsrətində olduğu bir tarixə.
Düşmən atəşkəsi daim pozur və cavab atəşi ilə susdurulurdu. Gecə yarı yenə güllə səsləri eşidildi. Lakin bu dəfə düşmənin fikri fərqli imiş. Bölməyə həyəcan siqnalı verildi. Bir anın içində tanklarımızı, döyüş maşınlarımızı işə saldıq, heyət nəfərləri yerlərini aldı. Əks-hücuma keçdik. O anlarda hərbçilərimizin üzündə yalnız sevinc hissi vardı. Hamı bir nəfər kimi döyüşlərə ruh yüksəkliyi ilə qatıldı. Şəxsi heyət bu günü gözləyirmiş kimi düşmən üzərinə şığıdı. Düşmənin məkrli niyyətini ürəyində boğaraq murdar ayaqları ilə bir addım belə atmağa imkan vermədik. Tanklarımızla bütün maneələri darmadağın edərək Talış yüksəkliyinə kimi irəlilədik. Düşmənin planı pozulmuşdu. Bu anlarda özünü itirərək geri çəkilən düşməni sadəcə silah və texnikalarımız deyil, hərbçilərimizin Vətən, torpaq sevgisi də qorxuya salmışdı. Bu döyüşlərdə rütbəsindən, vəzifəsindən asılı olmayaraq hər kəs yumruq kimi bir olaraq düşmənin geriləməsinə, məhvinə səbəb oldu. Qorxubilməz, cəsur oğullarımızın gücü qarşısında acizləşən düşmən silahını, texnikasını, meyitlərini belə qoyaraq qaçmağa başladı. Bu döyüşlər sübut etdi ki, erməni ordusu da, əsgəri də Azərbaycan Ordusundan və əsgərindən çox zəifdi. Biz bunu bütün dünyaya sübut etdik. Göstərdik ki, düşmən əzəli və əbədi torpaqlarımızdan xoşluqla çıxmasa, Ali Baş Komandanımızın əmri ilə onları məhv etməyə qadirik.
Ordumuzun aprel zəfərindən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi "Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir" kəlamları ruhumuzu oxşadı. Xalqımıza yaxın gələcəkdə Böyük Qələbə sevincini yaşadacağımıza əminik.   
Gizir Babək Həmidov:
- Biz tarixinə dayanan, keçmişinə bağlı olan bir xalq kimi formalaşmışıq. İllər ötsə də, zaman keçsə də, bizim Vətən sevgimiz nə azalar, nə də bitər. Qanımız, ruhumuz vətənpərvərliklə yoğrulub bizim.
Gəncə şəhərində anadan olmuşam. Atamın Vətən sevgisi haqqında illər sonra belə düşünəndə müqayisəedilməzliyini bir daha dərk edirəm. Ürəyimizə əkdiyi bu sevgi pöhrəsi illər keçdikcə böyüdü, böyüdü. Söylədiyi "daşıdığın Babək adına layiq ol" kəlmələri həyatımın mənasını Vətənimə, xalqıma, millətimə xidmətdə görməyimə səbəb oldu. 2012-ci ildə elə bu sevgi ilə də ordu sıralarına gəldim. Ön xətdə xidmətə başlayarkən keçirdiyim hisslər izahedilməzdir. Xidmətdə olduğum müddətdə ən böyük arzum işğalda olan torpaqlarımızın azad olunmasında mənim də payımın olması idi. Uca Yaradan sanki səsimi eşitdi, arzum reallığa çevrildi.
Aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələrinin məkirli planlarının qarşısını ordumuz zamanında və layiqincə aldı.
Onların bu planları bir anın içərisində alt-üst edildi. Ermənilər gözləmədikləri halda əks-hücuma məruz qalanda özlərini itirdilər.
Əsgərlərimiz döyüşlərə atıldı. Düşmənin əsgərləri qoruduqları postları qoyub geri qaçırdılar. Axı bu torpaqlar onların deyil, bu yerlər onların Vətəni olsaydı, onlar da bizim kimi həmin torpaqlar uğrunda şəhid olmağı şərəf sayardılar.
Əsgərlərimizin qəhrəmanlığı erməniləri vahiməyə salmışdı.  Biz son nəfəsimizə qədər döyüşmək fikriylə bu döyüşlərə atılanda ancaq düşməni məhv etməyi düşünürdük. Atılan güllələrin, mərmilərin, topların sayəsində göy üzü işığa qərq olmuşdu. Sanki qaranlıqdan əsər-əlamət yox idi. Döyüş gedirdi. Şəxsi heyətdən heç kim gözünü yumub, dincəlmək istəmirdi. Təpə-təpə, keçid-keçid təmizlədiyimiz torpaqlardan güc alırdıq. O torpaqlara toxunmağın, üstündə addımlamağın verdiyi hissi izah etməyə söz tapa bilmirəm. Beynimizdə bircə fikir vardı: irəliyə, daha da irəliyə...
Lələtəpənin və bir neçə postun işğaldan azad olunmasında iştirak etdim.
Aprelin 4-ü axşam saatlarında ürəyimdən və ayağımdan qəlpə yarası aldım. Heç bir ağrı hiss etmirdim. Sadəcə heyifsilənirdim ki, döyüşlərdən uzaqlaşacam...
Ali Baş Komandanımız cənab İlham Əliyevin cəbhə bölgəsində, azad edilmiş ərazidə aprel döyüşlərinin iştirakçıları ilə görüşərkən böyük fəxarətlə dediyi "Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi" kəlamları bizlərə könül xoşluğu yaşadır.
Mən bu döyüşlərdə iştirakımla əlaqədar "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif olunmuşam.
Bu gün aprel hadisələrini qürurla xatırlayırıq. İnamımızın, ümidimizin, mübarizliyimizin şahidi olduq. Dörd gün ərzində ürəyimizdəki ümid qığılcımları, qisas hissi, birlik duyğusu daha da canlandı. Bir olduq. Birliyimizi düşmənlərimizlə yanaşı, dünyaya da bəyan etdik.

"Azərbaycan Ordusu"