Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Mart 2019 09:22

“Yaşasın, Pakistan-Azərbaycan dostluğu və qardaşlığı!”

Pakistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladım ki, Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı 1991-ci ilin oktyabrında tanıyan ilk üç dövlətdən birincisidir. Diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulmuşdur. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının gümüş yubileyi də qeyd olunub.  Əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.
Qardaş ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib - Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır.
 Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyir, beynəlxalq təşkilatlarda namizədlər məsələsində qarşılıqlı razılığa gəlirlər. İki qardaş dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər.
Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.
Martın 23-də qardaş ölkənin "Milli Günü" qeyd olunub. Ölkə səviyyəsində böyük bir təntənə, coşqu ilə qeyd olunan bu bayram müsəlmanların 23 mart 1940-cı il tarixində müstəqil dövlət qurmaq tələblərinin qəbul olunduğu gündür. Bu bayram İslamabadda 31 ədəd top atışıyla başlayıb. Həmçinin  Pakistanın "Milli Günü"nə həsr olunmuş hərbi parad da keçirilib. Həmin günlərdə Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistanın "Milli Günü"nə həsr olunmuş hərbi paradı da izləyib. Paradda fəxri qonaq qismində Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edib. Təntənəli marşla keçid və pilotların uçuş bacarıqları nümayiş olunub. Paradda Azərbaycan, Türkiyə, Çin, Səudiyyə Ərəbistanı, Bəhreyn və Şri-Lanka dövlətlərinin hərbçiləri də iştirak ediblər.
Təntənəli mərasimdə ölkəmizi layiqincə təmsil edən Azərbaycan Ordusunun parad heyəti Pakistan İslam Respublikasında rəsmi səfərini başa vuraraq Azərbaycana qayıdıb. Hərbçilərimizin düşüncələrini qələmə almaq üçün parad heyətinin bir qrup üzvi ilə görüşdük.
İlk həmsöhbətim baş leytenant Kərəm Abbasov oldu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan zabit səfərin uğurlu keçdiyini, xoş xatirələrlə yadda qaldığını vurğuladı. O, qeyd etdi ki, paradda iştirak etmək üçün digər ölkələrdən də nümayəndələr var idi, lakin bizə olan diqqət, isti münasibət sanki digərlərindən daha çox idi və özümüzü evimizdəki kimi hiss edirdik. "Hamıya məlumdur ki, ölkəmizin Pakistanla olan əlaqələri çox səmimi və yaxındır. Biz bir çox ümumi cəhətlərimizi, ən əsası bir-birimizin kədərini və sevincini paylaşırıq. Qardaş ölkə üçün əhəmiyyətli olan bu tədbirdə bizim iştirakımız onun göstəricisidir ki,  iki ölkə arasındakı mövcud əməkdaşlıq daha da güclənəcək, iki xalq arasında dostluq və qardaşlıq əbədi qalacaqdır. Biz heç vaxt pakistanlı qardaşlarımızın səmimiliyini, qonaqpərvərliyini və mehribanlığını unutmayacaq, onların xatirəsini daim əziz tutacağıq. Bir məqamı da qeyd etmək istərdim: səfərdə olduğumuz zaman bizim şərəfimizə böyük ziyafət təşkil olundu. Bu ziyafətdə Pakistanın birlik komandiri də iştirak edərək bizə olan sevgisini və hörmətini nümayiş etdirdi. Bir gün sonra ziyafətin davamı olaraq heyətimizlə görüşən Pakistan Prezidenti bizimlə səmimi söhbət edərək, gəlişimizdən məmnun olduğunu xüsusilə vurğuladı. Görüşümüzün sonunda heyətimizin rəhbəri polkovnik Rəhman Əsgərova dövlət atributları və simvolu əks olunan hədiyyə təqdim etdi. Bir sözlə, səfərimiz xoş təəssüratlarla yadda qaldı. Paraddakı keçidə isə xüsusi hazırlaşırdıq. Hər birimiz dərk edirdik ki, bizim üzərimizə böyük məsuliyyət düşür. Həm ölkəmizi, həm də nizami ordumuzu təmsil edirdik. Mərasimi tribunadan, fəxri qonaq qismində izləyən dövlət rəsmiləri arasında Müdafiə nazirimiz general-polkovnik Zakir Həsənovun da olması bizi daha da ruhlandırırdı. Tədbirdən sonra pakistanlıların dediyi "təntənəli marşla keçidinizi çox bəyəndik və ayaqüstə alqışladıq" sözləri hər birimizi qürurlandırdı, ölkəmizlə, şanlı ordumuzla bir daha qürur duyduq. Səfərdə olduğumuz müddət ərzində bizə göstərilən doğma münasibətə və hörmətə görə qardaş ölkəyə təşəkkürümüzü bildiririk. Yaşasın, Pakistan-Azərbaycan dostluğu və qardaşlığı!"
“Belə əhəmiyyətli tədbirdə iştirakçı olmaq, dost ölkəyə səfər etmək hər kəsə qismət olmur. Şəxsi heyət arasında mənim də adımın olduğunu biləndə sevindim, qürurlandım”, - əsgər Şavəddin Əhmədov düşüncələrini bölüşdü. "Dost və qardaş ölkənin "Milli Günü"ndə sevinclərini bölüşməkdən, təntənəli paradın iştirakçısı olmaqdan hər kəs kimi mən də fərəhləndim. Bu zaman ikiqat sevinc yaşayırdıq. Çünki biz həm ölkəmizi təmsil edir, həm də qardaşlığımızı bütün dünyaya bir daha nümayiş etdirirdik. Onu da qeyd etmək istəyirəm ki, dövlətlərimiz  arasındakı bu cür doğma münasibətlər fərdlər arasında da möhkəm dostluqların yaranmasına zəmin yaradır. Səfər zamanı  çox sayda pakistanlı dostlar qazandıq. Pakistan xalqının bizlərə qarşı olan səmimi münasibətinin şahidi olduq. Rəsmi səfərimizin ilk günündən ünsiyyətdə olduğumuz hər bir pakistanlının bizə qarşı isti münasibəti xoş hisslər aşıladı. Onların hər biri ölkəmizə tez-tez gəldiklərini və milli adət-ənənələrimizi,  mədəniyyətimizi, mətbəximizi çox bəyəndiklərini dedilər. Bu da onun göstəricisidir ki, ölkələrimiz arasındakı möhkəm dostluq özünü cəmiyyətdə də göstərir. Bir sözlə, orada özümüzü doğma ölkəmizdəki kimi hiss etdik və  səfərdən xoş təəssüratlarla qayıtdıq. Pakistan ölkəsi xalqımız tərəfindən sevilən və doğması kimi qəbul edilən ölkədir".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Emin İsmayılov da dost ölkəyə səfərin yaddaqalan olduğunu və pakistanlılardan doğma münasibət gördüyünü bildirdi: "İki ölkə arasında dostluğun və qardaşlığın nümayişi bir çox məsələlərdə özünü sübut edib. Bunlar arasında 2016-cı ildə düşmən təxribatının qarşısını uğurla alaraq, qələbə qazandığımız aprel döyüşləri zamanı qardaş ölkənin məsələyə münasibətini xatırlatmaq istəyirəm. Pakistan Prezidentinin katibi Əhməd Fərrux demişdi ki, "Pakistan həmişə Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir". Bununla belə hər birimiz bilirik ki, beynəlxalq səviyyəli bir sıra tədbirlərdə Pakistan daim Azərbaycanı Dağlıq Qarabağ məsələsində müdafiə edib, ölkəmizə qarşı erməni təcavüzünü qətiyyətlə pisləyib. Bunun kimi bir çox mühüm məqamlar, eləcə də Pakistanın "Milli Günü"nə həsr olunmuş təntənəli paradda  iştirakımız dostluğumuzun, qardaşlığımızın bir daha nümayişi oldu. Səfərdə olduğumuz 12 gün ərzində xalqın, eləcə də hərbçilərin bizə olan doğma münasibətini, hörmətini və diqqətini hiss etdik. Çox qonaqpərvər, mehriban və səmimi xalqdır. Gəldiyimiz ilk gündə bizi öz dilimizdə salamlayaraq qarşılamaları isə hər birimizi qürurlandırdı. Burada ölkəmizə, bayrağımıza, dilimizə yüksək hörmət bəsləndiyinin şahidi olduq. Bunların hamısı əminliklə deməyə əsas verir ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı uğurla inkişaf edir, dostluq münasibətləri daha da möhkəmlənir".

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"