Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 2019 10:11

Hərb tariximizi öyrənirik!

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində olduğumuz zaman bölmələrin birində müasir avadanlıqlarla təmin olunmuş sinif otağı diqqətimizi çəkdi. İdeoloji otaqda Azərbaycan dövlətinin rəmzləri, tarixi, Azərbaycan Ordusunun inkişaf tarixinin mərhələləri, hərbi hissənin yaranma tarixi, Hərbi and, xalqımızın ümummilli lideri Heydər Əliyevin portreti, dövlət və ordu quruculuğu sahəsindəki fəaliyyəti, Ali Baş Komandanın və Müdafiə nazirinin əsgərlərlə görüşlərini əks etdirən foto-stendlər göz oxşayırdı. Həmçinin aprel döyüşləri qəhrəmanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların foto-guşələri bölmədə ideoloji, təbliğat və təşviqat işinin yüksək səviyyədə aparıldığını göstərirdi. Bunların hamısı əsgərlərin mənəvi-psixoloji hazırlığının artırılması, vətənpərlik hissinin və döyüş ruhunun aşılanmasında mühüm rol oynayır.
Leytenant Şamil Qəhrəmanla görüşürəm. Zabit şəxsi heyətə ictimai-siyasi hazırlıq dərslərinin vaxtı-vaxtında keçirildiyini dedi. "Şəxsi heyətin yüksək döyüş hazırlıqlı, milli-mənəvi dəyərlərə sadiq, nizam-intizamlı, qorxmaz, cəsur, düşmənə nifrət, komandirlərinə inam kimi müsbət keyfiyyətlərə sahib əsgərlər kimi formalaşmasında ictimai-siyasi hazırlıq dərslərinin önəmi böyükdür".
Bakı Dövlət Universitetinin məzunu olan gənc zabit ictimai-siyasi hazırlıq məşğələsinin rəhbərlik tərəfindən təsdiq edilmiş mövzular ətrafında təşkil olunduğunu dedi. Öyrənirik ki, bugünkü dərsləri "IX əsrdə Azərbaycanda xalq azadlıq hərəkatı. Babək Xürrəminin başçılığı ilə ərəb işğalçılarına qarşı mübarizə" mövzusuna həsr olunub. Onun nəticəsidir ki, şəxsi heyət tarixi məlumatları öyrənərək zəngin bilgilər əldə edir. Eyni zamanda əsgərlərimiz Vətənə, tarixi köklərimizə, zəngin mədəniyyətimizə və milli irsimizə bağlıdırlar, ulu babalarımızın igidlik və rəşadət rəmzini özlərinə örnək bilirlər. Gənc zabit qısa söhbətdən sonra günün mövzusu haqqında şəxsi heyətə geniş məlumat verdi.
- Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb xilafətinə qarşı xürrəmilər hərəkatıdır. Xürrəmilərin şüarı torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməkdən, kəndliləri və sənətkarları feodalların və digər hakim təbəqələrin asılılığından azad etməkdən ibarət idi. Əsrlərdən bəri adı qəhrəmanlıq rəmzinə çevrilmiş Babək öz zəmanəsinin cəsur sərkərdəsi və görkəmli siyasi xadimi idi. Təcrübəli sərkərdə olan Babək hər zaman ağıllı taktika ilə düşmənin planlarını pozur və onları çıxılmaz vəziyyətə salırdı. Sonuncu və bütün günü davam edən Bəzz döyüşündə isə xürrəmilər misilsiz rəşadət göstərirdilər. Onların qeyri-adi mətanəti və igidliyi ərəbləri heyrətə gətirirdi. Vətənin cəngavər oğulları müqəddəs torpağımız uğrunda şəhid olmağı şərəf sayırdılar. Bəzz döyüşü orta əsr müharibələri tarixində ən çox insan qırğınına səbəb olan döyüşlərdəndir. Mübarizədə xalqın imtiyazlı təbəqəsinin dönüklüyü, ərəblərə nisbətən daha cəsur və döyüşkən türk sərkərdələrinin eyni və digər mənşəli üsyançılara qarşı səfərbərliyə alınması, ən başlıcası ermənilərin xəyanəti və ərəblərə köməklik etməsi azadlıq müharibəsinin məğlubiyyətlə nəticələnməsinə səbəb oldu. Ağır məğlubiyyətə baxmayaraq, xürrəmilər hərəkatı digər asılı xalqların azadlıq mübarizəsinə təkan verməklə yanaşı, Azərbaycanda xalqın şüurunda və əməlində əsrlərlə yaşadı.
Xürrəmilər hərəkatından əsrlər keçməsinə baxmayaraq elə bil yenə də tarix təkrarlanır. Bu gün də torpaqlarımız işğala məruz qalıb.  Azərbaycan torpaqlarının bir hissəsi hələ də ermənilərin işğalı altındadır. Ona görə də bu gün Azərbaycan Ordusunun qarşısında duran ən başlıca vəzifə, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həmişə döyüşə hazır olmaqdır. Azərbaycan Ordusunun hərbi qulluqçusu dərslərdə və təlimlərdə hərb işini vicdanla öyrənməklə yanaşı, öz xalqının qəhrəmanlıq tarixini də bilməli, onunla fəxr etməli və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə babalarının şərəfli döyüş ənənələrinə yüksək sədaqət nümunəsi göstərməyə hazır olmalıdır."
Dərs bitdikdən sonra əsgərlərlə söhbətləşib, onların mövzu ilə bağlı fikirlərini öyrəndim.
- Komandirlərimizin rəhbərliyi altında keçirilən ictimai-siyasi hazırlıq məşğələsi sayəsində hərb tariximiz haqqında geniş məlumatlar əldə edir, mədəni irsimizi öyrənir, işğal altında olan torpaqlarımızdakı tarixi abidələrimiz haqqında geniş informasiya toplayırıq. Hamımız yaxşı bilirik ki, işğalçılar abidələrimizə, tariximizə, mədəniyyətimizə necə divan tuturlar. Bu abidələri yer üzündən silməklə, keçmişimizi, yaddaşımızı silməyə çalışırlar. Yalnız buna nail ola bilməyəcəklər. Tezliklə Ali Baş Komandanımızın əmri ilə işğal altında olan torpaqlarımızı azad edib, düşmənlərimizdən qisasımızı alacağıq, - bu sözləri əsgər Hümmət Qafarov dedi.
Əsgərlər Fəqan Nəcəfov, Məqsəd Nəbiyev, Məhəmməd İmanov, Nurlan Mahmudov, Elşad Əliyev və digərləri keçirilən ictimai-siyasi hazırlıq məşğələsinin əhəmiyyətindən, tezliklə döyüşə atılıb, tarixi torpaqlarımızı düşməndən azad edəcəkləri günün həsrətilə xidmət etdiklərindən danışdılar.
Hərbi hissədə günün nizam qaydasına uyğun olaraq keçirilən ictimai-siyasi hazırlıq dərsləri Azərbaycan əsgərinin həm döyüş ruhuna, həm də mənəvi-psixoloji hazırlığına müsbət təsir edir, gəncləri mənəvi dəyərlərə sədaqətli, Vətən sevgisinin, düşmənə nifrət hissinin nə olduğunu dərk edən, qorxmaz və cəsur əsgərlər kimi formalaşdırır.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
foto Rəşad ƏMRAHOVUNDUR