Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Mart 2019 09:49

Topçularımız nəzəri-təcrübi biliklərini daim artırırlar

Bu gün ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyəyə çatdırılaraq, peşəkarlığın artırılması məqsədilə bütün qoşun xidmətlərində dünyanın ən müasir texnologiyaları tətbiq edilir. Silahlanmada xüsusi çəki nümayiş etdirən artilleriya qurğularının döyüşdə idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədilə təyinatı üzrə hərbi hissələrimizdə quraşdırılan kompüterli artilleriya sinifləri də dediklərimizin təsdiqidir.
Cəbhə xəttində yerləşən "N" hərbi hissəsinin inzibati və xidməti otaqları ilə tanış olarkən kompüterli artilleriya sinfində təlim çalışmasını izlədik. Əvvəlcə hərbi hissələrimizdə belə müasir texniki avadanlıqların tətbiqi sistemində sinif otaqlarının yaranmasının zəruri tərəflərini öyrəndik. Məlum oldu ki, artilleriyaçılarımız çöl təlim çalışmalarının bir çox mövzularını həm nəzəri, həm də praktiki cəhətdən sinif otaqlarında mənimsəməklə peşəkarlıqlarını və döyüş bacarıqlarını artırırlar. Burada döyüş gücünün, mümkün itkilərin hesablanması qaydaları öyrədilir. Texniki vəsaitin gücündən səmərəli istifadə edərək müdafiənin növündən asılı olaraq birinci eşelon, birləşmə və hissələrdə itki əmsalları hesablanır. Taktiki və əməliyyat normativləri yerinə yetirilir. Komanda müşahidə məntəqələri, onlara yönələn tələblər istiqamətində güc və vasitələrin bölüşdürülməsi, işıqlandırma təminatı üzrə artilleriyanın imkanları geniş məzmunda təlimçilərə çatdırılır. Taktiki və hərbi işarələrin çəkilməsi qaydaları, topoqrafik xəritələrin şərti işarələri nəzəri-praktiki təlimdə yer alan mövzular sırasında dayanır.
Təlim rəhbəri zabit Elşən Hüseynov kompüterli artilleriya sinif otaqlarının topçularımızın atış və atəşin idarə olunması bacarıqlarının artırılmasına və təkmilləşdirilməsinə xidmət etdiyini dedi: "Azərbaycan Ordusunun silahlanmasına daxil olan müasir artilleriya qurğuları dünyanın ən güclü dövlətlərinin silahlı qüvvələrində yer alır. Ötən il ordumuzun və Bakının işğalçılardan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən hərbi paradlar da göstərdi ki, Azərbaycan öz hərbi gücü ilə tarixi torpaqlarımızdan erməni işğalçılarını qovub ərazi bütövlüyünü bərpa etmək qüdrətindədir. Peşəkarlığımızı, döyüş qabiliyyətimizi artırmaqda məqsədimiz istənilən zaman Ali Baş Komandanın "İrəli" əmriylə düşmən işğalında olan torpaqlarımızı azad etmək, bir milyondan artıq soydaşımızın öz ata-baba yurduna qayıtmağına zəmin yaratmaqdır."
Təyinatı üzrə mövzularla bağlı bəzi suallarımızı cavablandıran zabit onu da qeyd etdi ki, açıq və qapalı şəraitdə yerləşən düşmənin canlı qüvvəsinə və texnikasına, hərəkətdə olan avtomobil kolonlarına, artilleriya batareyalarına sınaq atışı və ya hazırlıq üsulu ilə tələfat vermə mövzusu üzrə də mütəmadi olaraq sinif dərsləri keçirilir. "Bugünkü çalışma qeyd olunan mövzunun müəyyən istiqamətlərini əhatə edəcək. Çalışmada komandirin qərarı ayrıca yerinə yetirilir. Vaxt normalarına əsasən, atışın dəqiqliyi barədə tapşırıq üç üsula görə qiymətləndirilir: qərar, vaxt, dəqiqlik. Bütün bu kimi mövzular ayrı-ayrılıqda topçularımız tərəfindən yüksək peşəkarlıqla mənimsənilir. Döyüşü artilleriyasız təsəvvür etmək çətindir. Artilleriyanın gücü aprel döyüşlərində də öz sözünü dedi."
Kompüterli artilleriya sinfində topçularımızın təlim çalışması davam edirdi. Yüksək hərbi bilik və bacarıqlara yiyələnən, keçirilən irimiqyaslı təlimlərdə daima peşəkarlıqlarını artıran topçularımızın məqsədi qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirmək və torpaqlarımızın azadlığı uğrunda "İrəli" əmrinə hər an hazır olmaqdır!

Lalə HÜSEYNOVA,"Azərbaycan Ordusu",
foto Rəşad ƏMRAHOVUNDUR