Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2019 09:35

“Ordu quruculuğunda qazanılan uğurlar bizi də qürurlandırır”

Vətənin qoruyucusu kimi ordu şərəfli  bir vəzifəni həyata keçirir. Bu vəzifənin müqəddəsliyini dərk edən hər kəs daim ordusuna inanıb, güvənib. Ordu xalqın, xalq ordunun dayağı olub. Ordu ilə cəmiyyətin sıx əlaqəsi başqa şəkildə də davam etdirilir. Dövlət və özəl müəssisələrin işçiləri vaxtaşırı döyüş bölgələrində əsgərlərlə görüşür, bayram tədbirlərində iştirak edirlər. Bu görüşlər xalqın daim əsgərinin yanında olduğunu, ona sonsuz güvəndiyini nümayiş etdirir. Növbəti belə görüşlərdən biri Novruz bayramı ərəfəsində baş tutdu.
Novruz bayramı xalqımız tərəfindən həmişə böyük sevgi ilə qarşılanan, baharın gəlişi, torpağın oyanması, milli-mənəvi dəyərlərimizi özündə birləşdirən ümumxalq səviyyəsində qeyd olunan adət-ənənələrimizi yaşadan el bayramımızdır. Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində özünəməxsus yeri var. Bahar bayramı əsrlərdən qalmış ənənələrə sadiq qalaraq hər bir azərbaycanlı ailəsində ilin ən əziz günləri kimi qeyd olunur. Bu bayramı xalqımız məhəbbətlə qarşılayır, ehtiramla qeyd edir. Şəkərbura, paxlava, qoğal, badambura və digər bayram şirniyyatları bişirilir, bayram plovu süzülür, səməni göyərdilir, həyətlərdə bayram tonqalları qalanır.  Novruz bayramı xalqın müqəddəs etiqadına söykənməklə, özündə böyük bədii-estetik, mifik, mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Ümummilli liderimiz Heydər Əliyevin vurğuladığı kimi, xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir.
Əsrlər boyu xalqımızın ən yüksək ovqatla qeyd etdiyi bu bayram ərəfəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin nümayəndə heyəti ön xətt birləşmələrindən birinin əlahiddə hospitalında oldular.
Əlahiddə hospitalda müalicə olunan zabit və əsgərlərimizə baş çəkib, onların bayramlarını təbrik etmək, mənəvi dəstəklərini, güvənclərini, rəğbətlərini nümayiş  etdirmək məqsədi ilə cəbhə bölgəsinə yollanan kollektiv komandanlıq tərəfindən mehribanlıqla qarşılandı.
General-mayor Hikmət Həsənov qonaqları səmimi salamlayaraq, göstərdikləri xeyirxah təşəbbüsə görə onlara minnətdarlığını çatdırdı. Zabit bildirdi ki, bölmələrimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və  Müdafiə naziri general-polkovnik Zakir Həsənovun diqqət və qayğısı ilə hərtərəfli əhatə olunublar. "Bizim qapılarımız xalqın, ictimaiyyət nümayəndələrinin üzünə hər zaman açıqdır. Belə görüşlər şəxsi heyətə xoş hisslər aşılayır. Həmçinin bu görüşlərdə şahidi olursunuz ki, bütün bölmələrimizdə şəxsi heyətin sosial-məişət şəraiti ən yüksək səviyyəyə çatdırılıb. Yüksək təminatla bərabər, ordumuz ən yeni silahlarla silahlanıb, güclü texnikalarımız, raketlərimiz var. Bunlarla yanaşı, xalqın dəstəyi və güvənci bizi daha da gücləndirir, yenilməz edir.  Hər biriniz əmin ola bilərsiniz ki, bölmələrimizin hər biri Ali Baş Komandanın istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə hazır və qadirdir. Belə xeyirxah təşəbbüsləriniz üçün sizə bütün birləşmə adından təşəkkürümüzü bildirir, hər birinizi, ailənizi, yaxınlarınızı Bahar Bayramı münasibəti ilə təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq."
Əlahiddə hospitalda da olan nümayəndə heyəti hospitalın rəisi, tibb xidməti polkovnik-leytenantı Hüseyn Əliyevin müşayiəti ilə əvvəlcə xidməti otaqları gəzərək şəraitilə yaxından tanış oldular. Qəbul, müayinə, əməliyyat və digər tibbi otaqların, müasir tibbi avadanlıqlarla təchiz olunduğunu gördülər. Yeməkxana, istirahət və digər məişət otaqlarının da yüksək təminatının şahidi oldular. Müalicə alan əsgərlərlə görüşüb onların səhhətləri ilə yaxından maraqlandılar. Hospitalla tanışlıq başa çatdıqdan sonra təntənəli bayram tədbiri keçirildi. Novruz bayramına xas olan atributlarla bəzədilən ərazidə tonqal qalandı, bayram konserti təşkil olundu.  Qonaqlar şəxsi heyətlə bayram tonqalının ətrafında rəqs etdilər. Novruz bayramına xas olaraq əsgərlərlə yumurta döyüşdürüb, gətirdikləri bayram hədiyyələrini onlara təqdim etdilər.
Şəxsi heyəti təbrik edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev onlara tabeçilikdə olan bütün həmkarlar təşkilatları kollektivlərin ən xoş arzularını çatdırdı. O bildirdi ki, müasir dövrdə ordu quruculuğunda qazanılan uğurlar Azərbaycan cəmiyyətində böyük ruh yüksəkliyi yaradıb. "Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir ordumuzun qısa müddət ərzində əldə etdiyi yüksək nailiyyətlər Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən orduya göstərilən böyük diqqət və qayğının parlaq təzahürüdür. Aprel döyüşlərində, Günnüt zəfərində  ordumuzun cəbhə xəttində hərbi gücü təsdiqlədi ki, Azərbaycan  Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Müdafiə Nazirliyi rəhbərliyinin dəstəyi ilə həyata keçirilən vətənpərvərlik tədbirləri cəmiyyətimizdə rəğbətlə qarşılanır.  Belə tədbirlər həm orduda, həm də ictimaiyyət arasında yüksək əhval-ruhiyyə yaradır.  Bu gün meydanda toplaşmış əsgərlərimizə həsədlə baxıram və düşünürəm ki, onların hər biri xalqın etimadını qazanmış hünərli Vətən oğludur. Doğrudan da, dövlət, xalq o vaxt güclüdür ki, onun qüdrətli ordusu var. Hamımız qətiyyətli Ali Baş Komandanımıza və əsgər oğullarımıza güvənirik".
Sonra hərbçilərin yaxın və dəyərli dostu, daim ordu mənsubları ilə bir arada olan Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşova zabit və əsgərləri təbrik etdi. O qeyd etdi ki, kollektivimiz həmişə olduğu kimi, Vətən müdafiəçilərinin görüşünə böyük həvəslə gəlib və bu görüşlər hər kəsə xoş duyğular aşılayır. "Hər dəfə zabit və əsgərlərimizlə görüşə gələndə qürur duyuram. Belə igidləri gördükcə, onlarla səmimi söhbət etdikcə fərəhlənirəm. Ordumuzun gücünün, qüdrətinin, əsgərlərimizin yüksək döyüş ruhunun şahidi olmaq xalqın bir nümayəndəsi kimi məni çox sevindirir. Dövlətimlə, ordumla, əsgərimlə bir daha fəxr edirəm. Bu gün şahidi olduq ki, hospitalın müasir tibb avadanlıqlarla təchiz olunması ilə yanaşı, təcrübəli və savadlı həkimlər tərəfindən döyüşçülərə nümunəvi xidmət göstərilir. Hospitalın kollektivini və müalicə alan əsgərləri Novruz bayramı münasibətilə kollektivimiz adından təbrik edirəm. Belə dəyərli günləri sizin kimi müqəddəs vəzifəni yerinə yetirən dəyərli insanlarla bir arada keçirməkdən ikiqat sevinc hissi keçirirəm.  Sizlərə şərəfli işinizdə uğurlar arzulayıram. Ordu quruculuğunda qazanılan uğurlar bizi də qürurlandırır".
Tədbirin sonunda tibb xidməti polkovnik-leytenantı Hüseyn Əliyev öz hədiyyələri ilə bayram ərəfəsində əsgərlərin görüşünə gəlmiş qonaqlara minnətdarlığını bildirdi. "Əziz qonaqlar, bu bayramı bizimlə birlikdə qeyd etməyiniz xalqın orduya sonsuz güvəncinin nəticəsidir. Dövlət və cəmiyyət tərəfindən ordumuza göstərilən bu yüksək diqqət və qayğı gənclərimizin nümunəvi xidmət etməsində, bacarıqlı, vətənpərvər əsgərlər kimi formalaşmasında önəmli bir stimul rolunu oynayır. Sizlərin güvənci və dəstəyi bizim gücümüzə güc qatır, xoş hisslər aşılayır. Biz də kollektivimiz adından sizi əziz bayram münasibəti ilə təbrik edir, gətirdiyiniz hədiyyələrə, bayram sovqatlarına görə minnətdarlığımızı bildiririk".
Tədbir qonaqlarla əsgərlərin şən musiqi sədaları altında maraqlı rəqsləri ilə davam etdi. Sonda həmkarlarla əlahiddə hospitalın kollektivi xatirə şəkli çəkdirdilər.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar Nurlan MEHDİYEVİNDİR