Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2019 09:30

“Novruz bayramınız mübarək!”

Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini yaşadan bayramlar sırasında Novruz bayramı xüsusi yer tutur. Xalqımızın mənəvi dünyası və həyata baxışı Novruz mərasimlərində dolğun əks olunub, bu bayram milli varlığın rəmzinə çevrilib. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı milli dəyərlərimizin əbədiyaşarlıq rəmzidir. Artıq bu gün Azərbaycanın güclü ordusu, sağlam cəmiyyəti, gözəl rifahı olan milləti və ən əsası bütün dünyada böyük nüfuzu var. Müstəqilliyimizin qazanılması, nüfuzun əldə edilməsi heç də asan başa gəlməyib. Bu uğurların əldə edilməsində Azərbaycan Ordusunun, onun şəxsi heyətinin misilsiz xidmətləri danılmazdır. Baharın gəlişini, təbiətin oyanışını, həyatın canlanmasını müjdələyən Novruz bayramı hərbçilərimizin də ürəyini coşdurub.
Leytenant Orxan Cəlilov:
- Vətənə xidmət hər bir kəsin borcudur. Bizim borcumuz isə tabeliyimizdə olan şəxsi heyətlə nizamnamə çərçivəsində hərəkət etmək, onların bir hərbçi kimi formalaşmasında yaxından iştirak etməkdi. Hər zaman yenilənən şəxsi heyətə hərbi texnikanı öyrətməyi, vətənpərvərlik hissini aşılamağı özümüzə borc bilirik. İstəyimiz odur ki, onlar Vətənə layiqli övlad olsun, Vətəni qorusunlar. Bu gün Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağdır, hələ də işğal altında qalan torpaqlarımızdır. Lakin biz belə möhtəşəm bayram tonqallarının işğal altında qalan dədə-baba torpaqlarımızda da alovlandırılacağına qətiyyətlə inanırıq. Biz bu günün uzaqda olmadığını bilirik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlibdir. Cəmiyyətdə indi müşahidə olunan həmrəylik, səfərbərlik, iqtisadi və hərbi gücümüz bizim qələbəmizi şərtləndirən amillərdən biridir. Biz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik."
Xalqımızı və Azərbaycan Ordusunun bütün şəxsi heyətini bu gözəl bayram münasibəti ilə təbrik edir,  Prezidentimizin rəhbərliyi ilə günbəgün inkişaf edən ölkəmizdə hər birinə firavan həyat arzulayıram.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Pərviz Alıyev:
- Bu gün ordumuzun döyüş ruhu, hazırlığı düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixoloji  durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Azərbaycan Ordusunun şəxsi heyəti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün böyük imkanlara malikdir.
Təbii ki, bu inama əsas yaradan Azərbaycanın iqtisadi tərəqqisi ilə müdafiə qüdrətinin artırılması istiqamətində atılan biri-birindən əhəmiyyətli addımlardır. Hərbi paradlarda  nümayiş etdirilən ən müasir hərbi texnikalar, döyüş silahları bir daha belə əminlik yaratdı ki, bu ordu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu hər bir azərbaycanlı üçün qürurludur.
Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən Novruz bayramı özü ilə xoş əhval-ruhiyyə, yaxınlarla isti təmas, bir də çox sevdiklərimizə təbriklər gətirir. Yüksək diqqət və qayğı ilə əhatə olunduğum, Vətənə xidmət borcumu şərəflə yerinə yetirmək üçün hər cür şəraitin yaradıldığı bir ordunun hərbi qulluqçusuyam. Bu bayram günündə xalqımızı səmimi qəlbdən təbrik edirəm, şəxsi heyətimizə isə tezliklə tarixi torpaqlarımızı işğaldan azad edərək, xalqımıza sevinc bəxş etməyi arzulayıram”.
Əsgər Ruslan Əkbərli:
- Həmvətənlərimizi, hərbi qulluqçularımızı bu bayram münasibəti ilə səmimi qəlbdən təbrik edir, özümüz, ailəmiz, millətimiz üçün etmək istəkdiklərimizi yaxın zamanda həyata keçirməyi arzulayıram. Novruz bayramı tarixi bayram olaraq bu günümüzə qədər qorunub saxlanmışdır. Xalqımız Azərbaycanımızda xüsusilə qeyd olunan Baharın gəlişi, torpağın oyanışı bayramı olan Novruz bayramını bu gün heç də tam könül açıqlığı ilə keçirə bilmir. Buna səbəb torpaqlarımızın işğal altında olmasıdır. Qarşıda çətin, şərəfli, məsuliyyətli yolumuz var. Bu yolda şəxsi heyətimizə Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi arzu edirəm.
Bir daha Novruz bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Novruzun qədəmləri xalqımıza düşərli olsun. Torpaqlarımız tezliklə işğaldan azad edilsin. Müqəddəs üçrəngli bayrağımız Şuşada, Xankəndidə, Ağdamda, Füzulidə, Zəngilanda... dalğalansın. Hər bir evə xoşbəxtlik, bol ruzi, sağlam can və ən əsası Böyük Qələbəni qeyd etməyi arzulayıram.
Əsgər Nəriman Məlikzadə:
- Günbəgün güclənən Azərbaycan Ordusu Vətənimizin keşiyində ayıq-sayıq dayanaraq öz müqəddəs missiyasını uğurla yerinə yetirir. Düşmənlə təmas xəttində hərbi xidmət keçmək daha məsuliyyətli və şərəflidir. Dövlətimiz çətin təbii şəraitdə torpaqlarımızın keşiyində dayanan əsgər və zabitlərimizə həmişə diqqət göstərir, onların xidmət şəraitinin daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirir. Biz öz mövqelərimizdə ayıq-sayıq dayanmışıq. Müharibə başa çatmayıb, bu müharibə torpaqlarımız işğaldan azad ediləndən sonra başa çatacaq. Onda bütün bayramlarımız, o cümlədən Novruz bayramı da könül xoşluğu ilə qeyd ediləcək.
Xalqımızı Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinə bahar əhval-ruhiyyəsi, cansağlığı və ailə səadəti arzulayıram.
Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan övladlarının da xatirəsi bu əziz günlərdə bir daha ehtiramla yad olunur. Azərbaycanın müstəqil ölkə olaraq qazandığı zəfərlər şəhidlərimizin ruhunu şad edəcəkdir.
Gizir Tural Nəzərəliyev:
- Hələ illər öncə Vətən andını qəbul edib gənc əsgər kimi hərbi vərdişlərə dərindən yiyələnirdim. Atalarımızın belə bir deyimi var: “Niyyətin hara, mənzilin ora.” Komandirlərimin verdiyi tapşırıqları vaxtında yerinə yetirir, təlimlərdə silah və texnikaların sirlərini mənimsəyirdim. Təlim çalışmalarında yüksək nəticələr əldə etmək üçün komandirlərimizin bizə aşıladıqları bilikləri öyrəndim, hərbçi oldum. Ən böyük arzum işğalda olan torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmək və qələbə bayrağını uca zirvələrdə dalğalandırmaqdır. Qoy, bu Novruz tonqalları işğal altında olan torpaqlarımızda alovlansın.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəz Yusifov:
- Hazırlıqlı döyüşçü Vətənin müdafiəsində mərdliklə dayanır. Onu nə boran, nə də qış qorxutmur. Hər an döyüşə hazırdır. Komandanlığın mənə etibar etdiyi vəzifənin öhdəsindən bacarıqla gəlirəm. Tabeliyimdə olan əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığının artırılmasına çalışıram. Biz ilk növbədə peşəkarlığımızı artırmalıyıq. Bunu bizdən Vətən, torpaq qarşısındakı borcumuz tələb edir. Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalan torpaqlarımızı azad edəcəyik. Qaçqın və köçkün soydaşlarımız xalqımızın müqəddəs bayramlarını öz ata-baba yurdlarında qarşılayacaqlar.
Əsgər Ülvi Vəliyev:
- Müşahidə məntəqəsində  düşmənin hər tərpənişini gözdən qoymuruq. Səngərdə xidmət aparmaq nə qədər çətindirsə, bir o qədər də şərəflidir. Vətən torpaqlarını yağılardan qorumaq bizim borcumuzdur.  Hərbi xidmətimi başa vurduqdan sonra orduda qalıb hərbi qulluğumu davam etdirəcəyəm. Qoy bu Novruz xalqımıza xeyir-bərəkət gətirsin. Novruz tonqallarımız Qarabağımızda alovlansın.
Əsgər Murad Hüseynov:
- Hərbi mühit insanı çox dəyişdirir. Burada elə bil həyat dərsi öyrənirsən. Əsgərliyin, həqiqətən, kişilik məktəbi olduğuna tam inanmışam. 2016-cı ilin aprel döyüşlərində mən məktəbli idim. O döyüşlərdə iştirak etmək istəsəm də, mənə icazə vermədilər. Ancaq bir vətəndaş kimi həmin döyüşlər mənim də sevincimi kükrətdi. Hərbi xidmətə bu sevinclə gəldim. Bir niyyətlə xidmət edirəm: torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedəcək döyüşlərdə iştirak etmək, qalib əsgərlərin sırasında olmaq. Mən də inanıram ki, hər bir Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrinə hazırdır. Biz qalib gələcəyik. Bu inam həm də bizim Novruz bayramında niyyətlərimizi müəyyənləşdirir.
Hərbi xidmət dövründə yaranan dostluq, yoldaşlıq unudulmur. Günlər ötdükcə bir ailənin üzvü kimi bir-birimizə daha da sıx bağlanırıq. Komandirlərimizin səmimi münasibəti bizi orduda hərbi xidmətimizi uğurla davam etdirməyə ruhlandırır. Əsgəri adımızla fəxr edirik. Bu  Novruz bayramı bahar təravətli günlər, sevinc  gətirsin. Ən böyük arzum odur ki, tezliklə  xalqımızı yenilməz Azərbaycan Ordusunun Qələbə xəbərləri ilə sevindirək.

"Azərbaycan Ordusu"