Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2019 09:29

Novruz tonqalından Qələbə tonqalına!

Dünənəcən yazın havası duyulurdu, indi hər könüldə bir "Bahariyyə" var deyə bu gün dünənə bənzəmir, sabah bu günə bənzəməyəcək. Azərbaycan əsgəri sayımız qədər "Bahariyyə"ni bir tonqal ətrafında cəmləşdirəcək. O tonqal Böyük Qələbənin tonqalı olacaq. Azərbaycan əsgəri builki yazı Lələtəpə, Bayraqtəpə, Günnüt ovqatlı yaz bilir...
Ağacların budaqlarında tumurcuqların sayı ilk çərşənbədən bu yana hər gün artıb, sayıla-sayıla sayılmaz olub, sonra tumurcuqlar çiçəkləyib. İlk çərşənbədən bəri torpaqdan yaşıllıq cücərir - qönçələr ləçəkləyib, dağ çaylarının "qırışığı açılıb", bulaqların zümzümələşən, həzinləşən, incələşən  səsi daha aydın eşidilir...
İlin-günün bu vaxtı neçə illərdi narahat ruhuma göyqurşağı bildiyimiz bir istəyin, bir murazın cazibəsindəyəm - ön xətdə əsgərlərimizin əhatəsində olmaq istəyirəm. Könlümü bir ocaq istisi, bir ocaq işığı çəkir. Bu, ərköyünlükdümü, ruhun arşını əyilmiş dünyaya dünyəvi istəyini duymaqdımı, yerə-göyə sığmayan həmin dünyəvi istəyin çılğınlığıdımı?, - bilmirəm. Bildiyim budur ki, könlüm ocaq istəyir. Ocaq yox, ocaq bir ev üçündü, ocağın könülləri coşduran şöləsi olmur. Könlümə Dədə Qorqudun yozum verdiyi tonqal düşüb. İstisi göylərə bülənd olası tonqal, gecənin qaranlığını zərrə-zərrə əridəsi, işığı yaxın-uzaq işıqlara kəmənd olası tonqal.
Elə tonqal ki, duyumlular onun goy üzünə yayılan şöləsindən mətləb oxuya bilsin.
Elə tonqal ki, gecənin gecə vaxtı sözü sözə, közü közə, səsi səsə birnəfəsə toxuya bilsin.
Elə tonqal ki, ürəklərin qubarını biryolluq kürüyə bilsin, doğmalığının qüdrətiylə yeri-göyü könül xoşluğuna bürüyə bilsin.
Elə tonqal ki, onu səngərlərdə var səsiylə "Səngərləri sərhədlərə köçürəcəyik!" - deyənlərin könül dünyasının səyyarəsi bilib biz də əsgərləşək. Əsgərləşək - Vətənləşək.
Elə tonqal ki, çırtıltısına bir niyyətin şeiri-şeiriyyəti deyək, vətəndaşın Vətənə dönməz sədaqəti deyək...
Yazın nəfəsimi nəfəsimizə sarılır, nəfəsimizmi yazın nəfəsinə, dürüst bilmirəm. Bu ünsiyyəti, bu munisliyi ömrümüzə Novruz payı bilirik...
Torpağın canına hərarət gəlir - yaz gəlir, bir şeirdə deyildiyi kimi, təbiətə xoş avaz gəlir. Şeir biçimli bu avazı ruhumuza köçürmək keçir könlümüzdən. Nə illah ediriksə, könlümüz açılmır. İllərdən bəri könül mülkümüzü bürümüş qəhər yüklü duman çəkilmir. Azərbaycan əsgərinin niyyəti, döyüş ruhu, qələbə əzmi görünməmiş yel əsdirəcək, bu yeli gözləyənləri tonqalların dövrəsinə tələsdirəcək...
Azərbaycan əsgəri bu il  xəyallarda qalanmış tonqalları yer üzünə endirəcək, xəyallarımızı gerçəkləşdirəcək. Bu gerçəkləşdirmənin fədailəri yaxın vaxtlarda məmləkəti Ali Baş Komandanın döyüş əmriylə bu gerçəkliyin işığına qərq edəcək. O işıq Qələbə tonqalının işığı olacaq. Bu tonqal nə vaxt qalansa, onu ruhumuzun Novruz tonqalı biləcəyik, onu Novruz tonqalı kimi əhatələyəcəyik, hansı fəsil olursa-olsun, həmin günə ruhumuzun Novruzu deyəcəyik.  İllərlə ruhumuzda qalanan tonqala bu tonqalın süd anası deyə bilərikmi? - kaş ki, oda-ocağa mehr-ülfət eşqinə belə deyə biləydik...
Yazın nəfəsi torpağı isidir. Görəsən, yazın gəlişi işğalda qalan torpaqlarımızı isidirmi, isidə bilirmi?
Azərbaycan əsgərinin çatacağı o möhtəşəm tonqala narahat ruhumuzun tonqalı deyəcəyik...
Bu gün Novruz bayramıdı...
Novruz könül bayramıdı, könül xoşluğu bayramıdı. Sözü sözdən seçəli eşitdiklərimi ömrümə qazanc bilmişəm. "Könül xoşluğu könül rahatlığıdı", - anam belə deyərdi. Könül rahatlığımız torpaqlarımızla birgə işğal olunub. "Azərbaycan əsgəri torpaqlarımızı da işğaldan azad edəcək, könül rahatlığımızı da" - Novruz tonqalları bu niyyətlə qalanacaq. Bu niyyət inamdı, etibardı, güvəncdi. Məmləkətin Azərbaycan əsgərinə inamı, etibarı, güvənci...
Türkdilli xalqların inanc sistemində Novruzu müqəddəsləşdirən amillərdən biri kimi  Novruz bayramına qədər dörd çərşənbə də bayramdı. Bayramın çərşənbələrini də, özünü də ön xətdə, səngərlərdə qarşılayan Azərbaycan əsgərinin tonqal başında könlündən keçənləri xalqın adından ən dəyərli, ən müqəddəs  niyyət-muraz bilirəm. Müqəddəsliyə sədaqət Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətin tərkib hissəsidi; Azərbaycan Ordusunun şəxsi heyətinin hərbi xidmət amalı həm də budur...
Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlər vaxtı Yel çərşənbəsini ön xətdə əsgərlərlə qarşıladı. Novruz bayramının adətləri könül xoşluğuyla yaşanıldı. Çərşənbə tonqalı Novruz üçündü; çərşənbə tonqalının ətrafında niyyətlər qoşalaşdı, vahidləşdi, dönməzləşdi: torpaqlarımız işğaldan azad edilsin! Bu, bir hərbi hissənin timsalında ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəlməsində olduqca əhəmiyyətlidir.
...Könlümdən çırtıltısını qələbə marşının sədası bildiyim tonqalların ətrafında əsgərlərin əhatəsində olmaq, "Qələbə marşı"nı onlarla birlikdə dinləmək keçir. Yazın nəfəsini hiss edə-edə, ağacların tumurcuq bərəkətli budaqlarını tərpədən yaz yelini sinəmə sıxa-sıxa o gözəlim marşa sarı yol gedirəm. Cücərən yaşıllığın içindən keçəcəm, Gün çeşt yerinə çata-çatda bulaqların zümzümələşən səsinin ətəyindən yapışacam, Böyük Qələbənin yolları üstə müvəqqəti dayanacaqlarda - səngərlərdə döyüş növbətçiliyi aparanlarımızla döyüş öncəsi kəlmələşməyə tələsəcəm...
Novruz bayramıdı...
 
Rəşid HÜSEYNOV, əməkdar jurnalist