Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2019 08:33

Musiqi müsabiqəsinin qalibləri görüşlərdən razı qaldılar

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə keçirilən musiqi müsabiqəsinin qalibləri "N" hərbi hissəsində qonaq oldular. Qonaqlara hərbi hissənin yaranma tarixi və fəaliyyəti ilə bağlı məlumat verildi. Onlar silah, texnika, mühəndis, rabitə cihazları və avadanlıqları, səyyar təşviqat guşələri və mənəvi-psixoloji təminat vasitələri ilə əyani tanış oldular. Hərbi hissənin ərazisi, əsgər yataqxanası, idman şəhərciyi, hamam-camaşırxana və əsgər yeməkxanası ilə tanış olan qonaqlar hərbi qulluqçularla birgə nahar etdilər
Müsabiqə qalibləri Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Qərargahına da baş çəkdilər. Görüş gənclərin hərbi texnika - gəmilərlə tanışlığı ilə davam etdirildi. Hərbi Dəniz Qüvvələrinin zabiti hərbi gəminin fəaliyyət istiqaməti, şəxsi heyəti, döyüş qabiliyyəti və davamlılığı haqqında iştirakçılara ətraflı məlumat verdi. Onların sualları zabitlər tərəfindən cavablandırıldı. Həm hərbi hissənin şəxsi heyəti, həm də qonaqlar görüşdən məmnun olduğunu bildirdilər. Naftalan şəhər Uşaq Musiqi Məktəbinin direktoru Almaz Əliyeva göstərilən qonaqpərvərliyə, verilən izahatlara və hərbi hissə ilə tanışlıq üçün yaradılan şəraitə görə rəhbərliyə təşəkkürünü bildirdi.
Azərbaycan Hərb Tarixi Muzeyinə baş çəkən qonaqlar hərb tariximiz haqqında da geniş məlumatlar əldə etdilər. Muzey bələdçiləri iştirakçılara muzeyin yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumatlar çatdırdı. Qeyd edildi ki, muzey 1992-ci ildə yaradılıb. Muzeyin ilk zalı qədim, erkən, orta əsrlər dövrü zalıdır və buradakı eksponatlar ibtidai icma quruluşunun bütün mərhələlərini əhatə edir. Naxçıvandakı Oğlanqalanın maketini, Atropatena dövlətinin başçısı Atropatın heykəlini qonaqlar maraqla seyr etdilər. Xanlıqlar dövrünə aid zalda isə Azərbaycanda xanlıqların yaranması, onların qoşun növləri haqqında məlumat verildi. Tarixin dərin və silinməz izlərini özündə əks etdirən muzeydə olduqca qədim və qiymətli tarixi əsərlər saxlanıldığı bildirildi. İştirakçılar muzeydə Qərbi Azərbaycana həsr edilən stendlə də yaxından tanış oldular. Muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə gənclərə Kəlbəcər və aprel döyüşləri barədə geniş məlumat verdi, xalqımızın igid oğullarının qəhrəmanlıq nümunələrindən söz açaraq onlara gələcəkdə də vətənpərvər olmağı arzuladı. Qonaqlar tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlı eksponatlarla da tanış oldular. Muzeydə xüsusi maraq doğuran zallardan biri də ümummilli lider Heydər Əliyev və ordu quruculuğuna həsr olunub. Burada dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən də ətraflı bəhs edilir, ona məxsus əşyalar, hərbi geyim nümunəsi nümayiş olunur. Ziyarətçilər, həmçinin iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun idarə etdiyi tankın dublikatlarına baxdılar, həyətdə sərgilənən texnikalarla da yaxından tanış oldular.
Daha sonra Şəxsi Heyət Baş İdarəsinin zabiti polkovnik Etibar Əliyev bildirdi ki, tədbirin keçirilməsində məqsəd mədəniyyətin və incəsənətin təbliği, gənclərin hərbi vətənpərvərlik ruhunda formalaşması, yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, eləcə də hərbi hissələrdə bədii özfəaliyyət kollektivlərinin yaradılması və hərbi qulluqçuların asudə vaxtlarının mədəni təşkil olunmasıdır. Bu cür tədbirlərin davam etdirilməsinin vacibliyi də qonaqlara çatdırıldı.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"