Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2019 08:30

Tankçılarımız döyüşə hər an hazırdırlar

Ön xətdə yerləşən tank taborunun şəxsi heyəti əsl dəmir atlı cəngavərdirlər. Onların aprel döyüşlərində, irimiqyaslı təlimlərdə, beynəlxalq yarışlarda göstərdikləri şəxsi igidlik nümunələri taborun döyüş yolunu zənginləşdirən məqamlardır. Zabit Rasim Məmmədov xüsusilə taborun bir bölməsi haqqında qürurla danışdı: "Bölmənin şəxsi heyəti Silahlı Qüvvələrimizdə keçirilən tank biatlonunda dəfələrlə birinci yeri qazanıb. Heyət nəfərlərinin hər biri peşəsini dərindən mənimsəyən hərbçidir. Təcrübəli hərbçilərin belə bir hikmətli kəlamı var - tankçılara heç vaxt qəmgin olmaq yaraşmır, onlar həmişə şən, nikbin olmağa borcludurlar."
“İlkin anlayışda bu fikir adi bir mənanı ifadə etsə də, hərbi-taktiki baxımdan böyük əhəmiyyət daşıyan müdrik kəlmə bəs nəyi özündə əks etdirir?” sualımızı təcrübəli zabit belə cavablandırdı: "Kiçik bir döyüş heyətinin tərkibində xidmət göstərmək nə qədər sadə görünsə də, məsuliyyət mənasında çox vacib və dəyərli bir xidmət nümunəsidir. Cəmi üç-dörd nəfərdən ibarət olan bir kollektiv, əlbəttə, şən yaşamağa borcludur. Əgər onlardan biri bu və ya digər mənada etibarını itirsə, bir-birinə kömək etmək  iqtidarına malik olmasa, yoldaşlıq münasibətlərində qarşılıqlı hörmət hissi hökm sürməsə, nəhayət, ürəklərində kədər, qəm notları səslənsə, sizcə döyüş əmrini birgə reallaşdıra bilərlərmi? Əlbəttə ki, yox! Çox yaxşı haldır ki, heyətə daxil olan hər bir tankçı bu həqiqəti dərindən dərk edərək xidmətini aparır, döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirə bilir".
Qeyd etdiyimiz kimi, bölmənin hər bir üzvü əsl tankçıdır. Bu gerçəkliyi təlim-məşq zamanı bir daha yəqinləşdirdik. Mövzu xəritəsiz ərazidə oriyentirlərin seçilməsi və hədəflərin göstərilməsi ilə bağlı olsa da, onlar öz döyüşçülük məharətini, lazımi bilgilərini  nümayiş etdirmək məqsədilə müxtəlif tapşırıqları yerinə yetirdilər. Aprel döyüşlərində strateji əhəmiyyətli yüksəkliyin - Lələtəpənin alınmasında iştirak edən gizir Elməddin Zahidov zirehli gövdəyə bərkidilmiş dəzgahlı pulemyotu söküb şəxsi heyətə izah etdi. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Mehdi İbadov və Yusif Qasımov mövzu ilə bağlı sualları cavablandırdılar. Nişanalma qurğuları, müşahidə cihazları söküldü və tankçılar verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Mühərrik qurğusu ilə bağlı suallar əsl imtahan idi. Axı imtahan heç vaxt asan olmur. Şahidi olduq ki, tankçılarımız imtahanın özəl çətinliklərini asanlıqla dəf etməyi bacardılar. Eyni zamanda bəzi təlim çalışmalarının təkrar yerinə yetirilməsi tankçılarımızda zəruri bilikləri daha da möhkəmləndirdi.
Sonra məşğələnin vəzifələr üzrə bölünmüş digər suallarını aprel döyüşlərində iştirak edən tank komandiri gizir Vüsal Omarov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Fərrux Rzayev, Kamran Məmmədzadə yüksək peşəkarlıqla izah etdilər. Onlardan biri sadə üsullarla şərti ərazidə məsafələrin uzunluğunu müəyyənləşdirdi. Digəri gözlə, addımlarla, həmçinin vaxt və hərəkət sürətinə görə məsafəni təyin etdi. O birisi isə "kompas nədir" sualına aydınlıq gətirdi. Beləliklə, daim döyüş hazırlıqlarını artıran tankçılarımız nəzərdə tutulmuş məşqlərini yekunlaşdırdılar.
Fərrux Rzayev və Kamran Məmmədzadə bildirdilər ki, heyət bütün təlim tapşırıqlarını hər dəfə belə yüksək göstəricilərlə yerinə yetirir. "Ona görə ki, hər kəs öz vəzifəsini yaxşı bilir. Komandirimiz peşəkardır. Bəzən hər hansı çətinliyə düşəndə komandir köməyimizə tez çatır. Tankçı üçün ən vacib amil olan möhkəm ordu dostluğu yaratmışıq. Bir-birimizdən heç vaxt inciməmişik. Necə deyərlər, bir "dəmir ev"in içində döyüşçü həyatı sürənlərin dostluğu əbədi dostluqdur."
Bölmənin baş texniki baş gizir Məftun İbrahimov tank biatlonu beynəlxalq hərbi yarışlarda üç ildir ki, iştirak etdiyini və fərdi olaraq birincilik qazandığını, eyni zamanda Rusiya Federasiyasının Müdafiə naziri tərəfindən "Dostluq" medalı ilə təltif olunduğunu bildirdi.
Təbiidir ki, haqqında söhbət açdığımız və təlim çalışmalarını müşahidə etdiyimiz bölmə öz məsuliyyətinin böyüklüyünü dərindən dərk etməsəydi, uğurlu nəticəni də  qazana bilməyəcəkdi. Bu gün hər bir heyət nəfəri çox gözəl anlayır ki, sabah Ali Baş Komandanın “İrəli” əmri verilərsə, erməni işğalçılarının müdafiə xəttini məhz bu dəmir atlı cəngavərlər darmadağın edəcəklər.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu",
foto Rəşad ƏMRAHOVUNDUR