Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2019 08:29

“Əsgərə xatirə kitabı” xoş təəssüratlarla yazılır

"Əsgərə xatirə kitabı" layihəsi çərçivəsində 2 saylı Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar liseyin və Alpaqut Federasiyasının müəllim, şagird kollektivləri, habelə valideynlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yenidən qurulan Cocuq Mərcanlı kəndində və "N" hərbi hissəsində oldular.
Tədbir iştirakçıları Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin foyesində ümummilli lider Heydər Əliyevin büstü önündə toplaşdılar, dahi rəhbərin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən fotostendə baxdılar. Məktəbin şagirdləri Vətənə, vətənpərvərliyə və şəhid qəhrəmanlarımıza həsr olunan şeirlərlə qonaqları salamladılar.
Məktəbin direktoru Zamin Həziyev bildirdi ki, aprel döyüşləri nəticəsində ordumuz minlərlə hektar sahəni, eyni zamanda geniş ərazini nəzarətdə saxlamağa imkan verən Lələtəpə yüksəkliyini düşməndən azad etdi. “Bu isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təhlükəsiz həyatın bərpasına əlverişli şərait yaratdı. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına əsasən, qısa müddət ərzində təmir-tikinti işləri aparılaraq, kənd sakinlərinin öz yurdlarına qayıtması təmin olundu.” Direktor onu da qeyd etdi ki, yenidən tikilən orta məktəbin binası müasir standartlara cavab verir. "Sinif otaqları, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, müəllimlər otağı lazımi inventar və avadanlıqlarla, istilik sistemi və internetlə təchiz edilib. Məktəbin həyətində qazanxana, voleybol və basketbol meydançaları yaradılıb, yaşıllıqlar salınıb. Bu istiqamətdə görülən işlər gələcəkdə təhsil sahəsində əldə olunacaq nailiyyətlərə müsbət təsir göstərəcək".
Sonra qonaqlar Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan məscidi ziyarət etdilər. Burada yaradılan şəraitlə tanış oldular.
Tədbir iştirakçıları 2016-cı ilin aprelində düşmən təxribatlarının qarşısını alan zaman şəhid olan qəhrəmanlarımızın valideynləri ilə görüşdülər, onlara başsağlığı verərək, övladlarının qəhrəmanlığı qarşısında baş əydiklərini, Vətən uğrunda şəhidlik zirvəsinə ucalanların əbədi olaraq xalqımızın yaddaşında qalacaqlarını vurğuladılar. Həmçinin qeyd olundu ki, aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini, Azərbaycan xalqının birliyini göstərdi. Sonra tədbir iştirakçıları Cocuq Mərcanlı kəndində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə gül dəstələri qoydular.
Qonaqlar, şəhid ailələri, qazilər, veteranlar, düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində bayram şənliyində də iştirak etdilər.
Hərbi hissədə əvvəlcə əsgərlərlə birgə bayram tonqalı alovlandırıldı. Tonqal ətrafında Füzuli Dövlət Dram teatrının yaradıcı kollektivinin hazırladığı səhnəciklər, Novruzun atributları olan Kosa və Keçəlin məzəli zarafatları əsgərlərimizdə xoş əhval-ruhiyyə yaratdı.
Hərbi hissənin zabiti Elşad Əbilov qonaqları salamlayaraq, tezliklə bundan böyük tonqalların işğaldan azad edəcəyimiz torpaqlarımızda qalanmasını arzu edərək bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gündən-günə güclənən Azərbaycan Ordusu Vətənimizin keşiyində ayıq-sayıq dayanaraq öz müqəddəs missiyasını uğurla yerinə yetirir. Torpaqlarımızın keşiyində dayanan şəxsi heyət həmişə ölkə rəhbərliyinin diqqət mərkəzindədir, - deyə zabit çıxışına davam etdi. - Əsgərlərimizin məişət şəraitinin daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Əminliklə deyə bilərəm ki, bu gün ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir. Bunu aprel döyüşləri də təsdiqlədi. Qısa müddət ərzində əldə olunan nailiyyətlər bütün dünyaya bir daha sübut etdi ki, ordumuzun arxasında xalq, xalqımızın arxasında isə ordu dayanır. Bu birlik sarsılmazdır. Sizlərin də burada bizlərlə bərabər olmağınız bunu bir daha təsdiq edir. Keçirilən bu cür tədbirlər əsgərlərimizin mənəvi-psixoloji hazırlığını daha da yüksəldir, onların mübarizə əzmini möhkəmləndirir. Bu gün ordu sıralarında xidmət edən hər bir Azərbaycan zabiti, giziri və əsgəri Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə hər an işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
2 saylı Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar liseyinin direktor müavini, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Nuranə Şıxəliyeva düşmənlə təmas xəttində hərbi xidmət keçən əsgərlərimizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi. Onların nə qədər məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən gəldiklərinin hər bir azərbaycanlıya məlum olduğunu bildirdi. "Vətən - anadır. Buna görə də həmişə bizim üçün müqəddəsdir. Bu gün düşmənlə təmas xəttində xidmət edən əsgərlərimiz Vətənimizi göz bəbəyi kimi qoruyurlar. Hər dəfə hərbi hissələrdə olanda bunun şahidi oluruq. Ordumuzun sıralarında belə vətənpərvər oğullarımızın olması bizi çox sevindirir. Bir pedaqoq kimi deyə bilərəm ki, hərbçilərimizlə canlı ünsiyyətdə olmaq gənclərimizdə hərbi vətənpərvərlik hisslərinin artırılmasında mühüm rol oynayır. Ürəyi Vətən sevgisi ilə döyünən igidlərimizlə söhbət etmək yeniyetmələrdə Vətənə bağlılığın artırılmasında və Vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərinin inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir. Gənc yaşlarından Vətən torpaqları üzərində qazılan səngərləri görəndə, başa düşürlər ki, müharibə hələ bitməyib. Bu müharibə torpaqlarımız işğaldan azad ediləndən sonra başa çatacaq. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməliyik. Siz hərbçilər düşmənin bütün hərəkətini gecə-gündüz müşahidə edirsiniz, onu daim nəzarətdə saxlayırsınız, biz Vətənimizə layiqli vətəndaş formalaşdırırıq. Arzu edirəm ki, gələcək nəsil ərazi bütövlüyümüzün bərpa olunmuş sərhədlərində xidmət etsin."
- Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da mühüm addımlar atılır. Ordumuzun qüdrəti və ölkəmizdə xalq-ordu birliyinin möhkəmliyi gücümüzə güc qatır. Hesab edirəm ki, belə tədbirlərin keçirilməsi nəticəsində gənclərimizdə Vətənə sevgi, dövlət atributlarına ehtiram formalaşır. Bu gün şagirdlər Cocuq Mərcanlıda oldular, şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər, əsgərlərimizlə söhbətləşdilər, onların məişət şəraiti ilə yaxından tanış oldular. İnanıram ki, bu gün onların həyatında silinməz izlər qoyacaq. Onlar Vətənimizi qorumaq üçün canlarından keçən oğullarımızın şəhidlik zirvəsinə ucaldıqlarını gördülər. Vətən torpaqlarının nə qədər əziz olduğunu anladılar. Bildilər ki, torpaqlarımız işğaldan azad olunmayınca, onların ruhu rahatlıq tapmayacaq. Biz də şəhidlərimizin qoyduğu bu əmanəti qorumalıyıq. Qoy dünya ictimaiyyəti bilsin ki, biz münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Əks halda güc tətbiq etməklə torpaqlarımızı azad edəcəyik. Bu müqəddəs yolda idmançılarımız da ordu sıralarına qatılmağa hazırdırlar. Bu gün burada Vətənin keşiyində dayanan igidlərimizlə bir sırada olmağımla qürur duyuram. Hər birinizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, xidmətinizdə uğurlar arzulayıram, - bu sözləri Azərbaycan Kunq-fu Federasiyasının (AKF) vitse-prezidenti Tural Alışanlı dedi.
Çıxışlardan sonra bir sıra hərbi qulluqçular və qonaqlar qiymətli hədiyyələrlə təltif olundular. Tədbir Alpaqut Federasiyasının hazırladığı nümunəvi çıxışların və konsert proqramının nümayişi ilə davam etdi.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar Vüsal HƏMİDOVUNDUR