Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2019 10:48

“Hərbçilərimizin uğuru, qələbəsi naminə bacarıq və imkanlarımızı əsirgəmirik”

Xalqımızın 8 Mart Beynəlxalq Qadınlar Gününü rəğbətlə qarşılaması Azərbaycan qadınının özünü cəmiyyətdə təsdiqinin sübutudur. Tarix boyu Azərbaycan qadını daim yüksək mənəvi ideyaların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış edib, böyük hörmət və ehtiramla əhatələnib.
Həyatın bütün sahələrində həmişə fəal olan qadınlarımızın arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər də var. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlib, fəaliyyətləri genişlənib. Qadınların cəmiyyətdəki roluna hər zaman müstəsna əhəmiyyət verən ümummilli liderimiz Heydər Əliyev onların fəaliyyətini çox yüksək qiymətləndirərək deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir".
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin məntiqi nəticəsidir ki, bu gün qadınlarımız təkcə respublikamızda deyil, dünya miqyasında da kifayət qədər yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil edirlər. Dövlətçiliyimizin bütün sahələrində dəyərli xidmətləri ilə böyük uğurlar qazanırlar. Azərbaycan Ordusunda çalışan qadınlarımız da Vətənə layiqli xidmət edirlər.
Azərbaycan qadınına xas xüsusiyyətləri özündə cəmləşdirən, vətənpərvər, mərd, işgüzar, fədakar, böyük hörmətə və sevgiyə layiq olan əsl vətəndaşlardan biri də 25 ildən artıqdır ki, ordu həmkarlarında uğurlu fəaliyyət göstərən, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşovadır. Abiyat xanım ölkəmizin ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "Həmkarlar ittifaqlarında xidmətlərinə görə" medalı  ilə təltif olunub. 
Hərbi qulluqçuların, bu sıradan əsgərlərin də yaxın dostu, dəyər verdiyi xeyirxah insan olan A.Ağadadaşova BHİK-in işinin yüksək səviyyədə təşkili ilə yanaşı, tez-tez hərbi hissələrə gedir, daim ordumuzun yanında olur, cəbhə bölgələrinə yollanaraq zabit və əsgərlərlə görüşür. Xüsusi günlərdə, bayramlarda hər zaman Vətən müdafiəçiləri ilə yan-yana olur, səmimi söhbətlər edir, mənəvi dəstəklərini onlardan  heç vaxt əsirgəmir. 
"Birləşmiş Həmkarlar İttifaqı Komitəsi kimi həmişə ordumuzun yanında olacağıq", - deyən Abiyyat xanımın qəzetimizə verdiyi müsahibəsindən bir hissəni xatırlayırıq:
"Biz özümüzü ordumuzdan kənarda təsəvvür etmirik, təkcə ona görə yox ki, ordu həmkarlarını təmsil edirik. Həm də ona görə ki, hər bir kəs vətəndaş olaraq Azərbaycanın tərəqqisi naminə əlindən gələni etməlidir, dövlətçiliyimizin keşiyində dayanan hərbçilərimizin uğuru, qələbəsi naminə bacarıq və imkanını əsirgəməməlidir. Azərbaycan zabitinə, əsgərinə həmişə dayaq olmağı, onlarla görüşə getməyi, mənəvi dəstək olmağı özümüzə insanlıq, vətəndaşlıq borcu bilirik."
Abiyat xanımın nümunəvi fəaliyyəti, ürəkaçan sözləri, ordu mənsubları arasında qazandığı hörməti, onun zəngin mənəviyyatının, dövlətçiliyimizə bağlılığının, vətənpərvərliyinin, zərifliyinin göstəricisidir. Həmçinin onun da sübutudur ki, Azərbaycan qadını ailəyə bağlılığı, xoş rəftarı, səmimiyyəti ilə yanaşı, ictimai-siyasi işlərdə də kişilərlə çiyin-çiyinə dövlətimizə layiqincə xidmət edir. Onlar ailənin sədaqətli qoruyucuları olmaqla yanaşı, eyni zamanda cəmiyyətin əsas dayaqlarından da biridir.
Kollektivimiz adından Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşovanı və komitənin qadın işçilərini 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli vəzifələrində yeni-yeni uğurlar arzulayırıq.
İnanırıq ki, “Hərbçilərimizin uğuru, qələbəsi naminə bacarıq və imkanlarımızı əsirgəmirik”, - deyən azərbaycançılıq ideologiyasını fəaliyyətinin əsası bilən Abiyat Ağadadaşova hələ uzun illər əsgər və zabitlərimizin yaxın dostu kimi seviləcəkdir.

"Azərbaycan Ordusu"