Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2019 10:45

Bayramınız mübarək, əziz qadınlarımız!

Dövlətimizin diqqət və qayğısı sayəsində cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarımızın Azərbaycan cəmiyyətində rolu böyükdür. Vətənpərvərlik ali, müqəddəs duyğudur, insanın cəmiyyətdə tutduğu mövqe məhz onun vətənpərvərliyi ilə müəyyənləşdirilir. Vətənpərvərlik insana qəhrəmanlıq, fədakarlıq, məğlubedilməzlik, torpağa, xalqa, dövlətə sevgi, hədəflərə inam aşılayır. Hərbçi qadınlarımızı bu peşəyə məhz bu ali, bu müqəddəs duyğular gətirib. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə qadın Vətən qarşısında vəzifə borclarını şərəflə yerinə yetirir. Onların hərbi xidmətə nümunəvi münasibəti təqdirəlayiqdir. Qadın hərbi qulluqçular, mülki vəzifələrdə işləyən qadınlar da torpaqlarımızın işğaldan azad ediləcəyi günün intizarındadırlar. Arzu edirik ki, gələn 8 Mart Beynəlxalq Qadınlar Günündə qəzetimizdə dərc edəcəyimiz məqalələri işğaldan azad edilən torpaqlarımızda xidmət edəcək əsgər və zabitlərimizin təbriki ilə tamamlayaq!
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində olduğumuz zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Gülnarə İsmayılova ilə tanış olduq. Hərb sənətinə sonsuz sevgi ilə yanaşan qadın hərbi qulluqçu bildirdi ki, özünü dərk edəndən düşmənə nifrət edib və hər zaman hərbçi olmaq, Vətəninin müdafiəsində dayanmaq istəyib. Həmin istəyin nəticəsidir ki, artıq bir neçə ildir telefonçu vəzifəsində xidmət edir. Söhbət əsnasında G.İsmayılova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını təbrik etdi:
- Siz cəmiyyətin hər anında önəmli yer tutursunuz. Azərbaycan qadını olaraq hər zaman dünyaya nümunə olmusunuz. Ölkəmiz tarix boyunca uzun yollar keçmiş və zamanın tələblərindən asılı olaraq bir çox əlamətdar günlər təqvimimizdən silinmişdir. Lakin 8 mart heç zaman silinməyəcək şəkildə qalır. Çünki bu gün cəmiyyətimizin əziz parçası olan xanımlarımızın günüdür. Bu gün münasibətilə bütün Azərbaycan xanımlarını səmimi qəlbdən təbrik edirəm. Sizə hər zaman qayğı, gözəllik, zəriflik və təbəssüm arzu edirəm. Həyatınız hər zaman sevgi ilə dolu olsun.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Səbinə Məmmədova da düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində operator vəzifəsində xidmət edir. O da öz növbəsində bütün Azərbaycan xanımlarını qarşıdan gələn bayram münasibətilə səmimi qəlbdən təbrik etdi:
- Əziz xanımlarımız, analarımız və bacılarımız. Sizi, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Azərbaycan xanımı dünyanın ən gözəl nemətlərinə layiq olmağı haqq edən qadındır. Allah hər zaman sizləri sevindirsin. Hər birinizi öpüb, bağrıma basıram.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Aynurə Məstəliyeva da təbriklərə qoşularaq hər bir Azərbaycan xanımını bayram münasibətilə təbrik etdi, onlara işlərində müvəffəqiyyətlər, ailə səadəti və ən əsası cansağlığı arzu etdi. "Sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Əziz xanımlarımız, arzu edirəm ki, qəlbinizdən sevinc, sevgi, səadət heç vaxt əskik olmasın."

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu", fotolar Rəşad ƏMRAHOVUNDUR

***

Həyatımızın bütün sahələrində əvəzsiz rolu olan qadınlarımız böyük hörmət və ehtirama layiqdirlər. Onlar təhsil, elm, mədəniyyət və incəsənət sahələrində böyük uğurlara imza atırlar. Elə bir sahə yoxdur ki, orada qadınlarımızın zəhməti hiss olunmasın. Tarix boyu Vətənimizin çətin və ağır günlərində də qadınlar kişilərlə yanaşı, çiyin-çiyinə çalışmışlar.  
Azərbaycan Ordusunda da qadın hərbi qulluqçularımız, mülki vəzifələrdə çalışanlar Vətənə layiqli xidmətləri ilə seçilirlər. Bizimlə birgə xidmət edən qadınlar zərif çiyinlərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlirlər. 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində "N" hərbi hissəsində onların bir qrupu ilə görüşüb söhbət etdik, ürək sözlərini dinlədik.
Ordumuzun bütün bölmələrində uğurlu xidmətləri ilə yadda qalan qadınların döyüş vəziyyətində də əməyi az olmayıb. Belə fədakar qadın hərbi qulluqçularımızdan tibb bacılarını misal göstərmək olar ki, onlar müharibə şəraitində kişilərlə yanaşı barıt qoxulu səngərlərdə olur, hər bir döyüşçünün yaddaşında ağ xalatlı xilaskar kimi qalır. Uzağa getməyək, aprel döyüşləri bunun sübutudur. Tibb işçilərimiz, xüsusilə qadın qulluqçularımız istər səngərlərdə, istərsə də səhra hospitallarında vəzifələrini layiqincə yerinə yetirirdilər. Zərif xanımlarımıız, ağ xalatlı cəngavər idilər sanki. İncə ruhlarına cəsarət hakim olmuşdu, odun-alovun içinə atılır, yaralı aslanlarımızı təxliyə etmək, ilkin tibbi yardım göstərmək üçün qorxmadan çalışırdılar. Onların bir çoxu bu gün də hərbi tibb müəssisələrində xidmət edərək vətəndaşlıq borcunun məsuliyyətini dərk edirlər.
İlk həmsöhbətim kiçik çavuş Cəvahil Qazaxovadır. Cərrahiyyə şöbəsinin baş tibb bacısı vəzifəsində xidmət edən hərbi qulluqçumuzla görüşümüz iş prosesinə təsadüf etdi. Sarğı otağında əsgərin ayağına sarğı qoyurdu. Onun nəzakətlə, qayğıyla və gülərüzlə xidmət etməsinin şahidi oluruq. Hiss olunur ki, işinə sevgi ilə yanaşır. Beş ilə yaxındır ordu sıralarında şərəfli xidmət yolu keçdiyini bildirən Cəvahil bayram münasibətilə təbrik sözlərini də dilə gətirir: "Hərbi forma daşımaq kişilərimiz kimi bizim üçün də qürurludur. Şərəfli peşə sahiblərindən olduğum üçün sevincliyəm. Biz tarix boyu igidlərimizin qəhrəmanlığı ilə öyünmüşük, bu gün şanlı ordumuzda, mərd oğullarımızla bir sırada Vətənə xidmət etməkdən qürur hissi keçiririk. Mən də öz adımdan bütün xanımları təbrik edirəm. Hər yaşlarında sevgi, hörmət və qayğı ilə əhatə olunsunlar, daim sevib-sevilsinlər".
Biz də öz növbəmizdə Cəvahil xanımı təbrik edib, şərəfli işində uğurlar arzulayır, xoş təəssüratla ayrılırıq.
Növbəti həmsöhbətimizlə müayinə otağında görüşürük. Kiçik çavuş Rəna Əliyeva da öz fəallığı ilə seçilən, vəzifələrinin öhdəsindən bacarıqla gələn qadın hərbi qulluqçularımızdandır. Seçdiyi peşə ilə o da qürurlanır. Əsgərlərimizin sağlamlığının keşiyində dayanmağı müqəddəs iş bilir. "Əsgər balalarımız torpaqlarımızı qoruyurlar, xalqımız firavan, düşmən təhlükəsi olmadan rahat yaşasın deyə gecə-gündüz Vətənin müdafiəsində dayanırlar. Onların sağlamlığının qeydinə qalmaq, əsgərlərimizi mövsümlə əlaqəli yoluxucu xəstəliklərdən qorumaq kimi vacib iş bizim üzərimizə düşür. Bu işdən hər birimiz fərəhlənir, vəzifələrimizin öhdəsindən uğurla gəlirik. Onları öz övladlarımızdan ayırmır, daim qayğı ilə yanaşırıq. Bayram münasibətilə hər birinin analarını, bacılarını, yoldaşlarını səmimi qəlbdən təbrik edirəm. Bütün xanımlara əsl qadın xoşbəxtliyi arzulayıram. Hər zaman gözəl, təravətli, sevgi dolu olmalarını diləyirəm. Üzlərindən gülüş, qəlblərindən məhəbbət əskik olmasın. Mən istər ailədə, istərsə də iş kollektivində olan kişilərimizə minnətdarlıq bildirmək istəyirəm ki, biz qadınlara daim diqqət göstərir, qayğı ilə yanaşırlar. Bu cəhətdən Azərbaycan qadını şanslı və xoşbəxtdir ki, ona hər an dəyər verildiyini hiss edir. Cəmiyyətimizdə qadına, anaya, bacıya olan rəğbət bizləri hər zaman sevindirir, könül xoşluğu aşılayır. Xanımlara belə yüksək hörmət qoyulan bir ölkənin vətəndaşı olan hər bir qadın üçün təkcə 8 mart yox, elə hər gün bayramdır", - deyə kiçik çavuş Rəna Əliyeva bildirdi.
- İyirmi dörd ildir hərbi tibb sahəsində çalışıram, - deyən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Afət Yusifova şərəfli ömür xatirələrini bölüşdü. “Bilirsiniz, müharibə başlayanda ordumuz yeni yaranırdı, cəbhə bölgələrində yaralılara tibbi xidmət göstərmək üçün qadınlara böyük ehtiyac vardı. Vətən torpaqlarının keşiyində dayanıb, mənfur düşmənlərlə döyüşən mərd oğullarımıza köməklik etməyi özümə mənəvi borc bilib ordu sıralarına qatıldım. Hər zaman çalışıram ki, döyüşçü qardaşlarıma lazımi tibbi yardım göstərə bilim. Hər döyüşçünün sarğısını dəyişərkən orduya bağlılığım daha da artır. Əsgərlərimizlə çiyin-çiyinə Vətənimizə xidmət etməyimlə qürur duyuram. Qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ana və bacılarımızı təbrik edirəm. Azərbaycanda qadına həmişə xüsusi münasibət, xüsusi hörmət olub. Bu gün bizim günümüzdü. Əziz, mehriban xanımlarımızı, başda analarımız olmaqla, hər birini təbrik edirəm. Tanrıdan onlara diləyim uzun ömür, cansağlığıdır. Daima üzlərindən təbəssüm əskik olmasın. Yaşadıqları hər gün xoşbəxt olsunlar. Çünki hər bir Azərbaycan xanımı buna layiqdir.”
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Küşvər Səmədova beş ildən artıqdır ki, düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində operator vəzifəsində xidmət edir. Küşvər xanım ürəyindəki sevgiylə bu sahəyə üz tutub. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kurs keçərək forma geyinmək arzusuna çatıb. O bildirdi ki, son illər orduda qadınların xidmətə başlamasına şərait yaradılması hərbçi sənətini sevən, bu sahədə xidmət etmək arzusunda olan qadınları çox sevindirdi. "Bu imkan mənim kimi xidmət etmək istəyən xeyli qadını sevindirdi. Hərbi formanı əynimə geyindiyim sevincli günümü bütün sevdiklərimlə, dostlarımla paylaşdım. O anlarda keçirdiyin hissləri sözlə ifadə etmək mümkün deyil. Bunu anlamaq üçün gərək o hissləri yaşayasan. Doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə üzərimizə düşən vəzifəni şərəflə yerinə yetiririk. Torpaqlarımızın işğalda olması mənim də ürəyimi sızladır. Xidmətdə olduğum illər ərzində dövlətimizin orduya diqqət və qayğısının, ordumuzda aparılan uğurlu islahatların səmərəli nəticə verdiyinin şahidiyəm. Yaxın gələcəkdə ordumuzun bizləri qələbə xəbəri ilə müjdələyəcəyinə inanıram".  Küşvər xanım 8 Mart Beynəlxalq Qadınlar Günündən danışaraq onu da bildirdi ki, müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.
- Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Bu gün dövlət siyasətinin Ali Baş Komandan cənab  İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Qarşıdan gələn gözəl bayram münasibətilə bütün qadınlarımızı səmimi qəlbdən təbrik edir, onlara uzun ömür, cansağlığı arzulayıram. Azərbaycan qadını ən xoş sözlərə layiqdir!
Atalar yaxşı deyib, qadın gülərsə, dünya gülər. Arzu edirəm ki, heç zaman gülüş üzünüzdən əskik olmasın, əziz xanımlar!  
  
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"

***
On səkkiz ildən çoxdur ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə fizika müəllimi işləyən Nərgiz Məmmədova da yaxşı əməlinə, zəngin təcrübəsinə görə minnətdarlıq qazanan insanlardandır. Bu illər ərzində yüzlərlə, minlərlə kursanta dərs deyən, bilik öyrədən Nərgiz xanım bu gün yenə də fəaliyyətini eyni şövqlə, eyni ovqatla davam etdirir. Gələcəyimizin zabitlərinə elm öyrədir, sabahkı günlərdə inamlı addımlar atmaq üçün onlara düzgün yol göstərir, vaxtında dəyərli məsləhət və tövsiyələr verir.
Söhbətimiz zamanı öyrəndim ki, Nərgiz Məmmədova ölkəmizin dilbər guşəsi olan Qəbələ rayonunun Vəndam kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinə üz tutub. 1988-ci ildə bu təhsil ocağını bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi Liseydə müəllim kimi fəaliyyətə başlayıb.
- İllər sanki tez ötüb keçdi, - deyə Nərgiz Məmmədova sözə başladı. - Sanki ilk dəfə əlimə jurnal alıb sinfin qapısını açdığım gün dünən olmuşdu. Bu illər ərzində neçə-neçə kursanta dərs demişəm, fizikanın sirlərini öyrətmişəm. Hər dəfə kursantlara, gələcəyimizin zabitlərinə dərs deyəndə qürur hissi keçirirəm. Fəxr edirəm ki, ordumuzun gələcək zabitlərinin hazırlanmasında az da olsa mən də bir iş görürəm. Ən müasir tədris metodlarını tətbiq edərək çalışıram ki, fizikanın sirlərini onlara sevdirə-sevdirə öyrədim. Ömrümün on səkkiz ilini müəllimlik peşəsinə, kursantlara bilikləri öyrətməyə sərf etmişəm. Mən kursantlarımıza təkcə elmi deyil, həm də həyatı, gələcəyi də öyrətməyə çalışıram. Çünki həyatla elm qoşa qanaddır, bir-birini tamamlayır. Kursantlar bunların ikisini də eyni vaxtda öyrənsələr, gələcəklərini daha tez və asan quracaqlar. Bu gün qarşımızda dayanan əsas vəzifə ordumuz üçün bilikli, savadlı və vətənpərvər zabitlər hazırlamaqdır.
Nərgiz Məmmədova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını da təbrik etdi.
"Azərbaycan qadınının ictimai-siyasi həyatdakı tutduğu mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlib. Bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.  Bu əziz bayram münasibətilə bütün qadınlarımızı milli maraqlarımızın müdafiəsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə və xüsusən, Azərbaycan qadınının mənəvi yüksəlişinə xidmət edən yorulmaz fəaliyyətlərində davamlı uğurlar arzusu ilə təbrik edirəm".
 Nərgiz xanım Azərbaycan Ordusunda aparılan islahatlardan, ordumuzun inkişafından, daim artan güc və qüdrətindən böyük sevgi ilə danışdı. "Fəxr edirəm ki, oğlum Pərviz Məmmədzadə də belə güclü və qüdrətli bir ordunun əsgəri olub".
Nərgiz Məmmədovadan xoş təəssüratlarla ayrıldıq. Bir daha sevindik ki, kursantlarımıza - gələcəyimzin zabitlərinə onun kimi savadlı, bilikli və vətənpərvər müəllimlər dərs deyir, elm öyrədir. Müəllimləri bilikli, savadlı olan kursantlarımızı təbiidir ki, gələcəkdə böyük uğurlar gözləyir. Elm, bilik isə uğurlara yol açan qaranlıqları aydınlaşdıran gur işıqdır.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey  

***
Qadın dünyanın sevgi qaynağıdır. Bir ovuc qəlbində kainat boyda yük daşıyacaq qədər cəsur, saf məhəbbəti ilə buz ürəkləri əridəcək qədər mərhəmətlidir. Bəzən bahar mehi qədər xəfif, bəzən ləpələri sahilə çırpılan dəniz qədər təlatümlüdür. 
Əsgər yeməkxanasında söhbətləşərkən baş aşpaz Diləfruz Tahirova bildirdi ki, 8 Mart Beynəlxalq Qadınlar Günü mənim üçün ən gözəl bayramlardan biridir. "Çünki qadın müqəddəs ana adının daşıyıcısı, ülvilik məbədidir, ucalıq rəmzidir. Mənə elə gəlir ki, hərbi hissələrimizdə xidmət edənlərin sayı qədər oğlum var. Bu bayramı bu qədər oğulun mənəvi anası olaraq qeyd etmək, onların təbrikini eşitmək qürurvericidir. Sevinirəm ki, əsgər övladlarımın sevgisini qazana bilmişəm. Oğullarımın hər yemək yeyəndən sonra "Əlləriniz var olsun, çox dadlı idi" kəlməsi mənim üçün ən dəyərli hədiyyədi. Bu əziz gündə mənim ən böyük arzum torpaqlarımızın işğaldan azad olunmasıdır, Vətənimizin səmasını aydın görməkdir. Kaş ki, xalqımız sonsuzadək xoşbəxt və firavan yaşasın". 
Diləfruz xanım uşaqlıqdan milli xörəklərimizi çox sevib. Plovu xususilə xoşlayıb. Hər dəfə anası plov bişirərkən diqqətlə onu izləyər, bir gün bu ləzzətli təamı hazırlayıb sevdikləri ilə bölüşməyin xəyalını qurardı. Allah həyata keçirməyəcəyi arzunun xəyalını qurdurmazmış. Özünü bütün əsgərlərimizin mənəvi anası bilən Diləfruz xanım biri-birindən dadlı, ləzzətli xörəklər hazırlayır. Aşpaz xanım bu gün də əsgər balalarına plov hazırlayarkən zəfəran ətirli uşaqlığını xatırlayır. Vətənimizin keşiyini çəkənlərin qayğısına qalmağı özünə fəxr bilir.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"

***
Tofiq Bayramın "Qadın ürəyi" şeirini xatırlayıram. Bu ürək sevgi beşiyidir, bu ürək Vətən üçün yaşayanların öyüd ünvanıdır, bu ürək dünyanın gözəlliklərini yaşadan,  bu gözəlliklərə xor baxanlarla mübarizə aparanların uğur yolunu nurlandırır, ilkin yazda həzin-həzin əsən meh də, gül ləçəklərlə dan yerinin qızartısını puçur-puçur alışan şeh də, yaz yağışından sonra gömgöy göy üzünə yayılan qövsi-qüzeh də bu ürəyə, bu ürəyin duyumuna, qıyımına borcludu...
Neçə on illər əvvəl bir mahnı dinləyərdik, düşünə-düşünə dinləyərdik - "Ananın səsi". Davadan söz düşəndə odlanan ana ürəyinin harayıydı o mahnı. Bəşəri sülhə çağırırdı. "Tökülən, axıdılan qanlar bəs deyilmi?" - sorğusuyla dinlənilirdi. Bəşərilik var bu mahnıda. Bu mahnını yazanlar - şair də, bəstəkar da azərbaycanlıdır. Deməli, bu dəyərli bəstə Azərbaycanın səsidir. Bəşərilik naminə harayı Vətənimizin harayı olan qadınların bayramıdı 8 mart. Beynəlxalq bayramdı. Görəsən, tökülən qanlara görə haray çəkən anaların səsini qan tökənlərin anaları eşidirmi? Eşitməyinə eşidir, bəs nə deyir qana həris oğluna?!
Gülgün Məmmədova hərbi qulluqçudur. O da bəşəri duyğularla yaşayır. O da hamımız kimi müharibənin qurtarması gününün intizarındadı. “Özümü müharibə aparanların, zabit və əsgərlərimizin sırasında görmək istəyirdim. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edə biləcəyimi öyrənəndə, səmimiliyimə inanın, sinəm ürəyimə darlıq etdi. Nə gizlədim, iki damla yaş üzümdə közə döndü. İndi hərbi xidmətdəyəm. Rabitəçiyəm. İnanıram ki, 2016-cı ilin aprelində Böyük Qələbə qazanan Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcəkdir.”
Çavuş Gülgün Məmmədova iki övlad anasıdır. "Biz anaların hər birinin övladlarının sayı əsgərlərimizin sayı qədərdi...", - çavuş Gülgün Məmmədova belə dedi. Onu 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edəndə "Diqqətinizə görə təşəkkür edirəm", - deyib gülümsündü. "Mən də öz növbəmdə ordumuzda xidmət edən bütün qadınları təbrik edirəm. Onlara Böyük Qələbənin sevincini böyük qürurla yaşamağı arzulayıram...".
Görüşəndə "Ananın səsi" mahnısını xatırlamışdıq. "Dünya xocalılı anaların səsini eşitmədi, eşitsəydi, bu faciəni törədənlər cəzalandırılardı..." - gileyi də ana tələbidi. Torpaqları işğal edilmiş ananın, soydaşları öldürülmüş ananın, Ali Baş Komandanın döyüş əmrini gözləyənləri özünə oğul bilən ananın...
Bayramınız mübarək, çavuş Məmmədova!..

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"