Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2019 10:45

Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirildi

Azərbaycan qadını  zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər.
Bu gün müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudur.
Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur".
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi sistemində çalışan hərbi və mülki qulluqçu qadınların iştirakı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirildi. 
Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tədbir iştirakçılarına 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki oxundu.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev müasir həyatımızda Azərbaycan qadınının fəallığı ilə diqqət mərkəzində olmasından, respublikanın bütün sahələrində qadınlarımızın təmsil olunmasından söz açdı. Vurğuladı ki, elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. "Azərbaycan qadını istər döyüş meydanında, istərsə də ən yüksək beynəlxalq tribunalarda sözünü deməyə qadirdir. Bunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınına olan diqqət və qayğı hər kəsin gözü qarşısında baş vermişdir. Onun qadına verdiyi qiymət, Azərbaycan qadını haqqında ifadə etdiyi səmimi tarixi  fikirlər heç bir qadının yaddaşından silinə bilməz. Ümummilli Liderin bir fikrini xatırlayıram: "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, həyat ola bilməz. Azərbaycanda qadınlar da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik".
 General-mayor Rasim Əliyev çıxışının sonunda bir daha xanımları təbrik edərək onlara ailə səadəti, qadın xoşbəxtliyi və işlərində uğurlar arzuladı.
Bayram tədbiri Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin təşkil etdiyi proqramla və  respublikamızın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında rəngarəng mahnılarla başa çatdı. 

Günay TAĞIYEVA,  "Azərbaycan Ordusu"