Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2019 10:58

“Son nəfəsimə kimi xalqıma, Ana Vətənimə xidmət edəcəyəm”

Bu günlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin kitabxanasında Şəhid Anaları Xeyriyyə Mərkəzinin rəhbəri, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərovanın 85 illik yubileyinə həsr olunmuş "Ana Vətən" mövzusunda tədbir keçirildi.
Respublikamızın tanınmış  ziyalıları, veteranları və KİV nümayəndələrinin iştirak etdiyi tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirdə pedaqogika üzrə fəlsəfə doktoru, professor şəhid anası Rəfiqə Əsgərovanın müəllifi olduğu çoxsaylı kitabların sərgisi  təşkil olunmuşdu.
Kitabxananın müdiri, Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı tədbirin keçirilməsində əsas məqsədin gənclərimizə vətənpərvərlik tərbiyəsinin aşılanmasından, Vətən, torpaq uğrunda canlarından keçən şəhidlərimizin, döyüş meydanlarında hünər göstərən Milli qəhrəmanlarımızın təbliğ olunmasından və şəhid analarının bu istiqamətdə gördüyü işlərin əhəmiyyətinin ictimaiyyətə çatdırılmasından ibarət olduğunu bildirdi. "Bu yöndə Rəfiqə xanımın gördüyü işlər əvəzsizdir. Onun keçdiyi şərəfli ömür yolundan, yaradıcılığından, ictimaiyyət arasındakı nüfuzundan, gördüyü işlərdən, çəkdiyi əziyyətlərdən saatlarla danışsaq da, kifayət etməz. Rəfiqə xanımın xidmətlərini saymaqla bitmir. Onun "Son nəfəsimə kimi xalqıma, Ana Vətənimə xidmət edəcəyəm" sözləri hər birimizə nəsihətdir."
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr xidmətinin rəisi, Xalq artisti, professor general-mayor Yusif Axundzadə, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, mayor Ramil Qasımov, Respublika "Xatirə Kitabı" redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, yazıçı-publisist Azər Hacıbəyli və başqaları çıxış edərək Azərbaycanın suverenliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin cəsarətindən, fədakarlıq nümunələrindən, o cümlədən Azərbaycanın ilk qadın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın keçdiyi həyat və döyüş yolundan söhbət açdılar.
Bildirildi ki, xalqımız şəhidlik zirvəsinə ucalan Vətən övladlarının adlarını heç bir zaman unutmur. Dövlətimiz əsgəri şücaət göstərən qəhrəmanlarına böyük hörmətlə yanaşır və xatirələrini əbədiləşdirir. Onların adları qəhrəmanlıq tariximizin qızıl səhifələrinə əbədi həkk olunur.
Milli Qəhrəman Gültəkin Əsgərovanın fədakarlığı, vətənpərvərliyi, qəhrəmanlığı və şərəfli ömür yolunun gənc nəslə nümunə olduğunu bildirən natiqlər, eyni zamanda belə tədbirlərin gənclərimizdə vətənsevərlik, torpaqsevərlik kimi hisslərin yaranmasında  böyük əhəmiyyət daşıdığını qeyd etdilər.
Natiqlər, həmçinin ölkəmizin rəhbəri Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan insanların ailələrinə hər zaman yüksək diqqət və qayğısından danışdılar: "Ötən il dövlətimizin başçısının prezident seçildikdən sonra imzaladığı ilk fərman məhz şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Bir müddət əvvəl dövlətimizin başçısının şəhid ailələri ilə görüşü, onların problemlərini, qayğılarını dinləməsi ölkə başçısının şəhid ailələrinə münasibətinin daha bir göstəricisi idi."
Onlar çıxışlarında ölkə Prezidentinin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın tezliklə erməni işğalından azad olunacağına əminliklərini ifadə etdilər.
Tədbir iştirakçıları Rəfiqə Əsgərovanın müəllifi olduğu "Gültəkin zirvəsi" adlı kitab və digər nəşrlər barədə məlumatları da diqqətlə dinlədilər.
Milli Qəhrəmanın anası Rəfiqə Əsgərova Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinə göstərilən dövlət qayğısından danışdı, Ana Vətənin azadlığı naminə canından keçən əziz övladı haqqında kövrək xatirələrini bölüşdü, belə bir şərəfin hər ailəyə nəsib olmadığını fərəh hissi ilə dedi. Şərəfli döyüş yolu keçmiş Gültəkin Əsgərovanın xatirəsini uca tutduqları üçün tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Mərasim Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin təşkil etdiyi konsert proqramı ilə davam etdi.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"